İnternat məktəbində bayram şənliyi
Martın 13-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbində Novruz şənliyi keçirilib.
Şənlikdə Təhsil Nazirliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin, YAP-ın Xəzər rayon təşkilatının əməkdaşları və KİV nümayəndələri iştirak edib.
Əvvəlcə qonaqlar “Köhnə və yeni Bakı” dekorasiyaları, qədim xalq sənəti nümunələri ilə bəzədilən internat məktəbinin həyətində dekorativ sənət, rəsm və toxuculuq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra məktəbin dram dərnəyinin üzvlərinin iştirakı ilə “Keçəlin saqqalı və Kosanın saçı” adlı tamaşa nümayiş olunub. Uşaqların ifasında Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər təqdim edilib, milli rəqslərimiz ifa olunub, uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar.
Qeyd edək ki, 1979-cu ildə yaradılan internat məktəbi 2005-ci ildən ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. İnternat məktəbi 2014-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub və müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Hazırda müəssisədə 154 şagird təhsil alır, onlardan 69 nəfəri burada gecələyir. Uşaqların təlim-tərbiyəsi ilə 60 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.
İnternat məktəbində “Xalçaçılıq texnologiyası” fənni tədris edilir. Şagirdlər ümumi təhsil almaqla yanaşı xalçaçılıq sənətinə də yiyələnirlər. Təhsil müəssisəsində şahmat dərnəyi də fəaliyyət göstərir. Məktəbin şagirdlərindən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir. İnternat məktəbi 2016-2017-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsinə cəlb edilib.
***
Martın 16-da Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Novruz bayramı münasibəti ilə şənlik keçirilib.
Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlik Dədə Qorqud, Novruz personajları Bahar qızı, Kosa və Keçəlin gəlişi ilə başlayıb. İnternat məktəbinin həyətində Novruz tonqalı yandırılıb, milli geyimdə olan uşaqlar tonqal ətrafında yallı gediblər.
Tədbirdə şagirdlərin ifasında Novruz bayramının çərşənbələrini, adət- ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib. Uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar.
Qeyd edək ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub, tədris ocağının yeni korpusu 2015-ci ilin noyabrında şagirdlərin istifadəsinə verilib. Müasir dizayna malik və bütün tələblərə cavab verən tədris korpusu lazımi avadanlıqlarla təchiz olunub. Burada şagirdlərin peşəyönümlü inkişafı üçün tikiş, aşpazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik kimi dərnəklər fəaliyyət göstərir. Məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün akt və idman zalları mövcuddur.
İnternat məktəbində 189 şagird təhsil alır, onlardan 118 şagird burada gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 37 müəllim və 24 tərbiyəçi məşğul olur.
Məktəbdə ümumtəhsil fənlərindən əlavə tədris edilən “Tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş”, “Mimika və daktioloji iş” kimi dərslər fərdi şəkildə müəllim-loqoped tərəfindən aparılır.
Tarix: 10-04-2018, 12:05