Təhsil nazirinin müavini Efiopiyanın ölkəmizdəki səfiri ilə görüşüb
Fevralın 21-də təhsil nazirinin müavini Firudin Qurbanov Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorkneh ilə görüşüb.
Görüş zamanı ölkələrimiz arasında tarixi əlaqələrə toxunan Firudin Qurbanov təhsil sahəsində də əməkdaşlıq imkanları üçün əlverişli zəmin olduğunu, ötən əsrin 60-80-cı illərində 700-dən çox efiopiyalının Azərbaycanın ali məktəblərində təhsil aldığını qeyd edib. Nazir müavini həmin məzunların hazırda Efiopiyanın müxtəlif dövlət və özəl qurumlarında fəaliyyət göstərdikləri barədə məlumatlı olduğunu diqqətə çatdırıb.
Firudin Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə səfirə məlumat verib.
Səfir Ayalev Qobezie Vorkneh Azərbaycanda təhsil sahəsində aparılan islahatlarla bağlı təcrübənin öyrənilməsində maraqlı olduğunu, iki ölkənin ali məktəbləri arasında əlaqələrin yaradılmasını, həmçinin akademik mübadilənin vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan və Efiopiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Tarix: 13-03-2018, 13:12