Yeni qiymətləndirmə qaydaları
Görməli olduğumuz və ya görünməli olan yeniliklər
Hər bir ölkənin təhsil sisteminin keyfiyyət göstəricilərinin mühüm aspektlərindən biri ümumitəhsil pilləsində aparılan şagird biliklərinin qiymətləndirilməsi ilə bağlıdır. Qiymətləndirmə üsullarının daim təkmilləşməsi də müasir uğurlu məktəb modelinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə bir sıra ölkələrdə xüsusi aktuallıq kəsb edən qiymətləndirmələrə təhsil ictimaiyyəti, valideynlər, şagirdlər tərəfindən birmənalı münasibət olmadığını da söyləyə bilərik.
Buna görə də Təhsil Nazirliyi tərəfindən ötən ilin sonlarında ümumtəhsil pilləsində təhsilalanların attestasiyasında qiymətləndirmənin yeni qaydaları müəyyənləşib. Qiymətləndirmə qaydalarında görməli olduğumuz və ya görünməli olan yeniliklər nədir? Bu suala cavab olaraq Təhsil Nazirliyi yeni ilin ilk günlərindən ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması qaydalarının tətbiqi ilə bağlı ilk anonsunu verdi və bununla da təhsil ictimaiyyəti, valideynlər, təhsilanları tərəfindən qaynaqlanan bütün narahatlıqlara son qoydu.
Dəyişikliklərdə məqsəd nədir?
Təhsil Nazirliyinin Təhsilin inkişaf proqramları şöbəsinin müdiri Emin Əmrullayev yeni qaydalar və onların tətbiqini zəruri edən məqamlara aydınlıq gətirməklə dəyişikliklərin yeni formalarının mahiyyətini texniki detallalına qədər açıqlayıb. Texniki detallar ona görə deyirik ki, bir sıra hallarda yeniliklərin düzgün olmayan interpretasiyasına rast gəlmək mümkündür. Dəyişikliklərdə məqsəd nədir? Bu sualın cavabı yeni qaydaların mahiyyətini başa düşməkdə çox mühümdür. E.Əmrullayevin sözlərinə görə, dəyişikliklərin qəbulunda ümumi məqsəd ümumtəhsil pilləsində şagirdlərin qiymətləndirmə zamanı imtahan yükünü aşağı salmaqdır. İkinci məqsəd isə qiymətləndirmə ilə bağlı qeyri-müəyyən olan bəzi məsələləri konkretləşdirmək, bununla da sonradan ortaya çıxan mübahisəli məsələlərin həllinin mümkünlüyünə nail olmaqdır. Bu isə müəllimlərə və məktəblərə imtahanları müəyyən qaydalar və standartlar çərçivəsində aparmağa imkan verəcək.
3 qiymətləndirmə
Əvvəlki müvəqqəti təlimatla müqayisədə qaydalarda əsas dəyişiklik nədən ibarətdir? E.Əmrullayev qiymətləndirmə ilə bağlı dəyişikliklərin mahiyyətinə aydınlıq gətirərək qeyd edib ki, qaydalarda birinci məsələ summativ qiymətləndirmələrlə bağlıdır. Məlumdur ki, məktəblərdə diaqnostik, formativ və summativ qiymətləndirmələr aparılır. Diaqnostik qiymətləndirmə məktəbə ilk dəfə gələn ibtidai sinif şagirdlərinin ilkin hazırlıq səviyyəsinin nədən ibarət olmasının dəqiqləşdirilməsi ilə bağlıdır. Bu, rəsmi qiymətləndirmə olmayıb, müəllimin pedaqoji fəaliyyətinin bir hissəsidir. Onun nəticəsi heç bir yerdə yazılmır. Bu, müəllim üçün vacibdir ki, şagirdlərin ilkin bilikləri nə səviyyədədir.
Formativ qiymətləndirmə də sənəddə əksini tapıb. O, müəllimlə şagird arasında müəyyən əks-əlaqəni yaratmaq, şagirdin gündəlik fəaliyyətini izləmək, təhsilalanın nailiyyətləri ilə bağlı ona məlumat vermək xarakteri daşıyır. Bunun ən yaxşı nümunəsi müəllimin şagirdin dəftərində ev işini yoxlamaqla müəyyən qeydlər etməsidir. Bu qeydlər şagirdə ünvanlanmış müəyyən tövsiyələr xarakteri daşıyır. Formativ qiymətləndirmə də öz əksini müəllimin dəftərində tapır. Bu da rəsmi qiymətləndirmə deyil.
Summativ qiymətləndirmə - şagirdin fəaliyyətinin izlənilməsidir, rəsmi qiymətləndirmədir. Bu qiymətləndirmədə nəticələr jurnala yazılır. Onun əsasında yarımillik, onun əsasında illik qiymət çıxarılır. İllik qiymət əsasında isə yekun qiymət attestata yazılır. Yənu bu, şagirdin məktəbdə aldığı qiymətdir. Və onun tənzimlənməsi qaydaları da sənəddə öz əksini tapıb.
Yeniliklər
Yeni qaydalarda edilən dəyişikliklərin böyük qismi summativlərlə bağlıdır. Ən böyük dəyişiklik ondan ibarətdir ki, summativlərin sayı əsaslı şəkildə azaldılır. Daha konkret isə, yenilik odur ki, artıq birinci sinifdə summativ qiymətləndirmə aparılmayacaq. Yəni, I sinif şagirdlərinin yaş xüsusiyyətləri, onların məktəbə yeni gəlməsi, psixoloji durumları nəzərə alınaraq, ilk gündən birincilərlə qiymətləndirmə aparılımır, bu, Qərb ölkələrinin təcrübəsində də sübut olunub. Müəllim daha çox formativ qiymətləndirmə ilə bunu həyata keçirir. Müəllim bundan ötrü müxtəlif üsullardan istifadə etməklə kifayətlənir, yəni summativ qiymətləndirmə olmur, olsa-olsa yalnız formativ qiymətləndirmə ola bilər. "Yəni, I sinif şagirdi sinifdə qala bilməz. I siniflər üçün summativ qiymətləndirmənin əhəmiyyəti yoxdur. Hesab edirik ki, bu, şagirdlərin psixoloji durumuna müsbət təsir edən dəyişiklik olacaq", - deyə E.Əmrullayev bildirib.
Kiçik və böyük summativ qiymətləndirmələr
Qaydalara əsasən, eyni zamanda II və III siniflərdə də böyük summativ qiymətləndirmələr ləğv olunur. Kiçik summativlər isə keçiriləcək. Kiçik summativ qiymətləndirmə müəllimin özünün məktəbdə tədris prosesinin ortasında apardığı qiymətləndirmədir, bunu müəllim özü aparır. Bu qiymətləndirmə direktor tərəfindən təşkil olunmur. Kiçik summativ qiymətləndirmələr aşağı - yuxarı müəllimin sinifdə apardığı yoxlama işinə bənzəyir.
Böyük summativlər isə yalnız yarımilin sonunda bir dəfə məktəb rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən təşkil olunur. Bu, həm də müəllimin fəaliyyətinə kənardan qiymət vermək xarakteri daşımaqla məktəbdə olan bütün qiymətləndirmənin eyni şkala üzərində, eyni vasitələrlə aparılmasını təmin edir. Əvvəlki qaydalara əsasən bütün fənlər üzrə şagirdlər il ərzində həm kiçik, həm də yarımilin sonunda böyük summativ qiymətləndirmələrə cəlb olunurdu.
Yeni qaydalara əsasən isə I sinifdə bu ləğv olunur, ümumiyyətlə qiymətləndirmə olmur, II və III siniflərdə böyük summativ qiymətləndirmə aparılmayacaq, yalnız ibtidai sinif müəllimü özü kiçik qiymətləndirmə aparmaqla şagirdin qiymətini yazacaq. IV sinfin, ibtidai təhsilin sonunda bütün fənlər üzrə böyük summativ qiymətləndirmə aparılır. Burada böyük dəyişiklik yoxdur. Bu, ümumitəhsilin bütün səviyyələrinin sonunda - IV, IX və XI siniflərdə ola bilər. Bu səviyyələrin hər birinin sonunda şagirdlərin bilik səviyyələri qiymətləndirilir. IX və XI siniflər attestat sinifləridir. Buna görə də bu siniflərdə böyük summativlər aparılır. Çünki şagirdlərin müvafiq bilik səviyyələri sənəddə - ümumitəhsil və tam orta təhsil sənədlərində əksini tapmalıdır. Ona görə də bu siniflərdə qiymətləndirmə aparılır. Təhsil səviyyələrinin sonlarında böyük summativlərin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsilalanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki böyük summativ qiymətləndirmələrin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir.
Digər dəyişikliklər də var
Yeni qaydalara əsasən, digər siniflərdə də qiymətləndirmələrin sayı əsaslı şəkildə azaldılıb. Ümumitəhsil müəssisələrinin IV, IX və XI siniflərində bütün fənlər üzrə kiçik və böyük summativlər aparılır. V-VIII siniflərdə isə böyük summativlər yalnız buraxılış fənləri üzrə, yəni ana dili (Azərbaycan dili) və ya rus dili, riyaziyyat və xarici dil üzrə aparılır. Məktəblərdə bu 3 fənn üzrə böyük summativlər keçirilir. Nəyə görə? Çünki şagirdlərə məlumat verilməlidir ki, mərkəzləşdirilmiş buraxılış imtahanlarına doğru onun irəliləyişləri nədən ibarətdir.
Digər fənlər üzrə isə bu illər üzrə 10-12-14 fənn ola bilər. Bu fənlər üzrə böyük summativ qiymətləndirmə əsasən aparılmır, lakin bəzi istisnalar da var.
Lisey və gimnaziyalarda V - VIII siniflərdə buraxılış imtahanları ilə yanaşı pedaqoji şuranın qərarı ilə əlavə 3 fəndən də böyük summativ qiymətləndirmə aparıla bilər. Bunun mahiyyəti nədir? Məsələn, kimya-biologiya təmayüllü lisey. Uşaqlar VII sinifdən kimya-biologiya təmayüllü liseydə oxumaq istəyirlər. Kimya-biologiya liseyində həmin fənlərin mərkəzləşdirilmiş buraxılış imrahanları (kimya və biologiya üzrə) keçirilmir. Bu mənada həmin liseyin muxtariyyət hüququ tanınır ki, o, kimya və biologiya imtahanlarından da əlavə olaraq VII - VIII siniflərdə böyük summativləri təmin etsin. Eyni vəziyyət fizika-riyaziyyat, texniki-humanitar və digər təmayül məktəblərində də müşahidə olunur. Ancaq bu fənlərin sayı maksimum 3 ola bilər. Bu isə tədris ilinin əvvəlində pedaqoji şura tərəfindən müəyyən edilir və məktəbdə elan olunur.
Ümumitəhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunan və tətbiq olunmayan siniflər var. XI siniflərdə bütün fənlər var. X sinif - əgər təmayül sinfidirsə, burada 3 əlavə fənnə icazə verilə bilər. Bu, təmayül fənləri ola bilər. Təmayül siniflərdə müəyyən olunmuş 3 fəndən əlavə olaraq pedaqoji şuranın qərarına əsasən müəyyən olunmuş fənlərdən böyük summativ qiymətləndirmə aparılır, çünki şagirdlər XI sinfi bitirdikdən sonra həmin fənlər üzrə ali məktəbə qəbul imtahanı verirlər.
Növbəti məsələ lisey və gimnaziyaların X siniflərində oxuyan şagirdlərlə bağlıdır. Burada da istisna var. Pedaqoji şuranın həm V- VIII siniflərdə, həm lisey və gimnaziyalarda, həm X sinifdə təmayülləşmə tətbiq olunan, həm də təmayülləşmə tətbiq edilməyən siniflərdə 3 fənnə qədər böyük summativ qiymətləndirmə aparmaq hüququ var. Pedaqoji şura qərarını ilin ortasında deyil, əvvəlindən verməli və o, şagirdlərə elan olunmalıdır.
Dəyişikliklərin nəticələri
Yeni qaydalar nəticələrini necə göstərəcək? Bu da maraqlı məqamlardandır. Dəyişikliklərdən sonra birinci siniflər üçün 72 dəfə daha az qiymətləndirmə aparılacaq. Ümumiyyətlə ibtidai təhsil səviyyələrində summativ qiymətləndirmələrin sayı əvvəllər 288 olubsa, indi onların sayı 180-dir. Bu isə əvvəlki qaydalarla müqayisədə qiymətləndirmələrin 100 vahid azaldılması deməkdir. Bu da şagirdlər üçün kifayət qədər əsaslı yükdür.
Dəyişiklikdən sonra ümumtəhsil səviyyəsində V-IX siniflər üzrə böyük summativ qiymətləndirmədə hər il orta hesabla 25 imtahan azalır, yəni 5 sinif üzrə bütövlükdə 125 ədəd daha az qiymətləndirmə aparılır. Eləcə də tam orta təhsil səviyyəsində X-XI siniflərdə 22 böyük summativ qiymətləndirmə azalır. Bu da əsaslı şəkildə şagirdlərin imtahan yükünün azaldığını göstərir.
E.Əmrullayev qeyd edib ki, mahiyyət etibarı ilə bu dəyişikliklərin təhsilimizin keyfiyyətinə müsbət təsir edəcəyini düşünürük. O, texniki xarakterli olsa da bu məlumatlarla bağlı bir sıra problemlərlə üzləşdiklərini qeyd edib. Buna görə də texniki məqamlar qaydalarda daha dəqiq şəkildə öz əksini tapıb.
Növbəti dəyişiklik nədən ibarətdir...
Əsas dəyişiklik summativlərin sayı ilə bağlıdır. Əvvəllər bu qiymətləndirmə sənədlərində qeydə alınmamışdır, yəni hər bölmənin sonunda və ya müəyyən aralıqda verilmişdir. Yeni qaydalarda isə bu daha da konkretləşdirilb. Kiçik summativ qiymətləndirmələrin sayı fənnin məzmunundan və fənlərin sayından asılı olaraq fənn üzrə minimum 3, maksimum 6 vahid ola bilər. Qiymətləndirmələrin sayı 2 və ya 7 dəfə ola bilməz. Məsələn, fənn həftədə bir dəfə keçilirsə, belə fənlər var, tutaq ki, məktəb rəhbərliyi qərar verib ki, kimya və ya informatika fənnini VII sinifdə böyük summativə cəlb edəcək. Nəyə görə 3 olmalıdır? Ona görə ki, şagirdə imkan verilsin. Çünki kiçik qiymətləndirmə onun ümumi qiymətlərinə təsir edir. Qiymətləndirmələrin sayı nə qədər çox olarsa, şagirdin öz qiymətini düzəldə bilməsinə imkan yaranır.
İkinci aydınlıq gətirilən böyük məsələlərdən biri məktəblər tərəfindən də düzgün başa düşülməmişdir. Bizim monitirinqlər də bunu göstərmişdir. Məsələn, tutaq ki, məktəbdə şagirdin I yarımillik üzrə qiyməti 3, digər yarımildə isə 4 olurdu. Məktəb isə onları toplayıb 2-yə bölürdü və orta rəqəm kimi 3,5 rəqəmini alırdı. Bu rəqəmi isə yuvarlaqlaşdıraraq 4 edirdi. Deyək ki, başqa bir şagird əvvəlcə 4, sonra isə 3 almışdır. Ona da 4 qiymət yazılırdı. Nəzəri olaraq isə bu səhvdir.
Yeni qiymətləndirmələrdə bal və qiymət anlayışı bir-birindən kifayət qədər ayrılıb. Yəni şagird summativ qiymətləndirməyə girəndə bal toplayır, qiyməti isə həmin bala uyğun olur. Yəni artıq biz jurnalda şagirdin həm qiymətini, həm də topladığı balı görürük. Məsələn, 2 şagird əgər 4 qiymət alıbsa, bunlardan biri, məsələn 74, digəri 66 bal toplayıbsa, bu fərqi də müşahidə edə bilirik. Daha sonra şagirdin yarımillik qiyməti çıxarılarkən eyni qaydada onun yarımillik qiymətinin yanında artıq balı da göstərilir. Bu, şagirdin yarımillik qiyməti yaxşıdır (məsələn, 4-dür) və ya kafidir ( 3-dür), ancaq topladığı bal 34-dür. Digər şagird də kafi qiymət alıb, ancaq onun balı 47-dir. Bunların arasındakı fərqi də müşahidə etmək mümkündür. Bu həm də, müəyyən mənada, ədalətliliyə gətirib çıxarır və müqayisə aparmağa imkan verir. Nəzəri olaraq bu daha düzgün yanaşmadır.
E.Əmrullayevin sözlərinə görə, başqa bir məsələ sualların çətinlik səviyyəsi ilə bağlıdır. Valideynlər adətən bununla bağlı narahatlıq bildirir. Bu məsələ yeni qaydalarda konkretləşdirilib. Məlumdur ki, ölkədə qiymətləndirmə 4 səviyyədə aparılır. Hər bir sual 4 ağırlıq səviyyəsində - I-dən IV-ə olur. IV səviyyə 5 almaq istəyən şagirdlər üçündür. "Birinci səviyyə elə olmalıdır ki, sinfin heç olmasa yarısı buna cavab versin. Burada problem nədən ibarətdir? İctimaiyyətdə belə bir yanlış təsəvvür var ki, bütün məktəblərdə qiymətləndirmə eyni olmalıdır. Yəni paytaxt müəllininin verdiyi qiymətlə rayon məktəbinin verdiyi qiymət eyni olsun. Nəzəri olaraq nə qədər düzgün fikir, ədalətlilik nöqteyi-nəzərdən buna haqq qazandırmaq olsa da, praktik nöqteyi-nəzərdən bu, mümkün deyildir. Çünki məktəbəqədər hazırlıqdan tutmuş, internet resursla təminat, məktəb mühiti, valideynlərin ali təhsilli olub-olmaması və s. çoxsaylı faktorlar var ki, şəhər və kənd məktəblərində qiymətləndirmənin eyni cür olmasını mümkünsüz edir. Məsələn, fizika-riyaziyyat təmayüllü siniflər üçün nəzərdə tutulmuş sualları adi kənd orta məktəbinin şagirdlərinə vermək olmaz".
Yeni qaydalar tədrisdə problem yaratmayacaq
Yeni qaydalardan doğan mühüm nəticələrdən biri məktəblərdə qiymətləndirmələrin tətbiq olunma vaxtı ilə bağlıdır. E.Əmrullayevin sözlərinə görə, summativ qiymətləndirmə qaydalarının tədris ilinin ortasından tətbiqi heç bir problem yaratmayacaq: "Bəzən belə deyilir ki, ilin ortasından bunu necə tətbiq etmək olar? Ancaq biz bu qaydaların tədris ilinin ortasından tətbiqi üçün bir maneə görmürük. Düzdür, bəzi məktəblərdə 1-ci siniflərdə summativ qiymətləndirmə aparılıb, çünki mövcud qaydalar belə idi, buna görə də aparılmalı idi. Bundan sonra məktəblərdə 1-ci siniflər üçün summativ qiymətləndirmə aparıla bilməz. Qiymətləndirmələr yarımillərin sonunda aparılır".
Qaydalara əsasən, summativ qiymətləndirmə 100 ballıq şkala ilə aparılacaq, yalnız yekunda 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, "Məktəbli kitabçası”na yazılacaq. Başqa sözlə, qaydalara əsasən, bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək. Kiçik summativlər üçün 1 dərs saatı, böyük summativlər üçün isə yaş xüsusiyyəti və fənnin özünəməxsusluğu nəzərə alınaraq, 45-90 dəqiqəyə kimi vaxt nəzərdə tutulur.
Dəyişikliklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir: "Bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır".
Qeyd edək ki, “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyası" dedikdə şagirdlərin ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirməsi nəzərdə tutulur.
Oruc MUSTAFAYEV
Tarix: 14-02-2019, 11:51