Ədəbiyyatdan dərs nümunəsi
Minarə Paşayeva,
Şirvan şəhər 13 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Standart: 1.2.2. Davranış və əməllərinə, başqaları ilə qarşılıqlı münasibətlərinə, yazıçının mövqeyinə, digər surətlərin mühakimələrinə əsaslanmaqla obrazları təhlil edir.
1.2.4. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial-siyasi, mənəvi dəyərləri baxımından təhlil edir və nəticə çıxarır.
Dərsin məqsədi: 1.Poemanın məzmunundan çıxış edərək davranış və əməlləri, başqaları ilə qarşılıqlı münasibətləri, yazıçının mövqeyi, digər surətlərin mühakimələri əsasında Məcnun və Leyli surətlərini təhlil edir.
2. Poemanın mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial-siyasi, mənəvi dəyərləri baxımından təhlil edir, ümumiləşdirərək nəticə çıxarır.
Dərsin metodu: interaktiv
Dəsin tipi: induktiv
Resurslar: Dərslik, MMV, M.Füzuli “Əsərləri” 6 cilddə. II cild Bakı. “Şərq-Qərb”.2005, səh.5-6. “İslam əxlaqı”, Bakı-2010, səh. 56-67; 92-97; 106-112; internet: edebiyyat. ucoz.com.; kompüter, proyektor
İş forması: kollektiv və kiçik qruplarla iş
İş üsulu: müsahibə, əqli hücum, təqdimat, Venn diaqramı
İnteqrasiya:
Fəndaxili: 1.2.2;1.2.4. M.Füzuli “Məni candan usandırdı” qəzəlinin təhlili.
Fənlərarası: 1.1.3; 2.1.1.Azərb. tarixi: Füzulinin yaşadığı tarixi dövr;
1.1.2;1.2.2.Musiqi: Ü.Hacıbəyov “Leyli və Məcnun” operası 1.1.1.Təsviri incəsənət: “Leyli və Məcnun” mövzusunda rəssamlıq və heykəltaraşlıq nümunələri
Qeyd: Dərs tam təchizatlı multimedia kabinetində aparılır.
Dərsin gedişi
Motivasiya: Bu mərhələdə İKT-nin imkanlarından istifadə edərək “Leyli və Məcnun” film və operasından parçalar nümayiş etdirməklə poemanın məzmunu haqqında biliklər daha da dərinləşdirilir, Leyli və Məcnun faciəsinə aydınlıq gətirməklə poemanın baş qəhrəmanlarının daha dərindən səciyyələndirilməsinə imkan yaradılır. Motivasiyanın bu cür canlı təşkili tədqiqat sualının düzgün formalaşdırılmasına da zəmin yaradır. Seçilmiş epizodları canlı kadrlardan izləyən şagirdlər əsas qəhrəmanların timsalında poemada qaldırılmış ictimai problemlərin də dəyərləndirilməsi imkanını əldə edirlər və bu əsaslarla da problemin qoyuluşu tədqiqat sualı kimi formalaşdırılır. Şagirdlərə dərsliyin 85-86-cı səhifəsindəki mətnlə tanış olmaq tapşırılır, sonra kiçik müsahibə aparılır.
Tədqiqat sualı: “Poemada yalnız nakam məhəbbət deyil, ciddi ictimai problemlər də əksini tapmışdır” fikrini doğru saymaq olarmı?
Tədqiqatın aparılması:
Tədqiqatın aparılması məqsədilə şagirdlər 3 kiçik qrupa bölünür:
I. “Məcnun” qrupu,
II. “Leyli” qrupu və
III. “Zəmanə” qrupu. Hər qrupa tədqiqat sualı ilə əlaqədar tapşırıqlar təqdim olunur. Burada əqli hücum və təqdimathazırlama üsullarından istifadə olunur.
Qrupun tapşırıqları:
I. “Məcnun” qrupu:
1. Qeysin Məcnuna çevrilmə səbəblərini aydınlaşdırın.
2. Məcnunun davranış və əməllərini nümunələrlə əsaslandırın.
3. Qeysin başqaları ilə qarşılıqlı münasibətini müəyyənləşdirin.
4. Topladığınız faktlar əsasında Məcnun obrazını səciyyələndirin və elektron təqdimat hazırlayın.
II. “Leyli” qrupu:
1. Leylini rəfiqələrindən fərqləndirən davranış və əməllərini müəyyənləşdirin.
2. Leylinin malik olduğu mənəvi keyfiyyətləri, əxlaqi dəyərləri sadalayın, fikrinizi əsaslandırın.
3. Leyli öz hüquqsuzluğunu necə ifadə edir? Nümunələr göstərin.
4. Leyli obrazını səciyyələndirməklə elektron təqdimat hazırlayın.
III. “Zəmanə” qrupu:
1. Poemanın mövzusunu müəyyənləşdirin: poemanın ideya-bədii xüsusiyyətlərini müəyyən edən sosial-siyasi amilləri aydınlaşdırın.
2. Mənəvi-əxlaqi dəyərlər kontekstindən çıxış edərək poemanı yığcam təhlil edin.
3. Füzulinin yaşadığı zəmanəyə qiymət verməklə poemada qaldırılmış ictimai problemləri səciyyələndirib nəticə çıxarmaqla elektron təqdimat hazırlayın.
İnformasiya mübadiləsi: Bu mərhələdə hər qrupda şagirdlər verilmiş tapşırıqlarla əlaqədar fikir mübadiləsi aparır, cavabları əsərdən seçdikləri nümunələrlə zənginləşdirərək tapşırıqlara uyğun elektron təqdimatlar hazırlayırlar.
İnformasiyanın müzakirəsi: Bu mərhələdə hazırlanmış hər üç elektron təqdimat ekranda nümayiş etdirilməklə müzakirə olunur, ümumi nəticə əldə edilir.
Yaradıcı tətbiqetmə: Poemadakı ictimai problemləri daha dərindən dərk etdirmək üçün poemanın qəhrəmanlarını “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanları ilə müqayisə etmək tapşırılır. Müqayisə nəticəsində şagirdlər nəticə çıxarırlar ki, poemadakı nakam məhəbbətin səbəbi dövrün ictimai problemləridir. Bu mərhələdə Venn diaqramından istifadə edilir.
Ümumiləşdirmə və nəticə: Təqdimatlar dinlənilərək ümumiləşdirilir və nəticə çıxarılır: Poemada Leyli və Məcnunun nakam məhəbbəti fonunda dövrün ictimai problemlərinə aydınlıq gətirilmişdir.
Qiymətləndirmə: Formativ qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparılır:
Ev tapşırığı: Dərsliyin 86-cı səhifəsindəki “Evdə iş” tapşırığı şagirdlərin diqqətinə çatdırılır.
1.Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında zənginləşdirin və tamamlayın.
2. Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə etməyə çalışın:
a) Poemanın yazıldığı mövzunun Şərq ədəbiyyatında geniş yayılmasına səbəb nədir?
b) Leyli və Məcnun obrazları müəllifə hansı həyat həqiqətlərinə münasibət bildirmək üçün geniş imkan yaratmışdır?
3. Yazılı qeydlər əsasında şifahi təqdimat hazırlayın.
Tarix: 11-09-2018, 12:44