Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Həyat bilgisi fənnini şagirdlərimə necə öyrədirəm...

 


Tünzalə Bağırova,
Şamaxı şəhər Elşən Hüseynov adına 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Bugünki pedaqoji proses müəllimlərə şagirdlərin qarşısında duran məqsədə çatmaq üçün birgə fəaliyyət göstərməsini, fikir, düşüncə, ağıl dünyasına birgə yol açmasını tələb edir. Belə pedaqoji prosesdə müəllim şagirdə müstəqil fikirləşməyi, müstəqil çalışmağı öyrədir.
Mən də peşəsini sevən bir ibtidai sinif müəllimi kimi şagirdlərimlə mehriban davranır, onların sərbəst fikir yürütmələrinə imkan yaradıram. Məhz bunun qarşılığında da dərslərim maraqlı, dü­şündürücü olur.
İbtidai siniflərdə həyat bilgisi fənnindən tədris etdiyim belə bir dərs nümunəsini həmkarlarıma təqdim etmək istəyirəm.
Fənn: Həyat bilgisi.
Mövzu: Mənim sağlamlığım.
Standart: 4.1.1;1.4.1
Məqsəd: Sağlam həyat tərzinin şərtlərini sadalayır.
- Sağlam və sağlam olmayan həyat tərzlərini müəyyən edir.
Resurslar: kompüter, proyektor, elektron lövhə, dərslik, iş vərəqləri.
İş forması: kollektiv iş.
İş üsulu: beyin həmləsi, müzakirə, diskussiya.
İnteqrasiya: Azəbaycan dili 1.2.1,3.1.4, Təsviri incəsənət.3.2.1.
Dərsin tipi: İnduktiv.
Dərsin gedişi: Dərsə şeir parçası söyləyərək başlayıram, suallar verirəm. Hər bir sualın cavabında şagirdlərimə “minnətdaram”, “təşəkkür edirəm”, “çox sağ ol” kimi sözlər deməklə həvəsləndirirəm.
Heç əlinə alma əsa,
Yetmişində batma yaşa.
Hər kim 100 il yaşamasa,
Günah onun özündədir.
Osman Sarıvəlli
M. - Sizcə, şair bu sözlərlə nə demək istəyir?
Ş. - Şair demək istəyir ki, sağlam yaşamaq insanın öz əlindədir.
M. - Daha sonra?
Ş. - 70 yaş o demək deyil ki, sən artıq qocasan. Hələ həyat qarşıdadı.
Digər şagird - Əgər az yaşayırsansa, deməli günahkar sənsən, sağlam həyat tərzi sürmürsən.
M. - Hər biriniz haqlısız. Deməli, sağlam yaşamaq üçün sağlam həyat tərzi sürməliyik. Bəs sağlam həyat tərzi dedikdə, nə başa düşürsünüz?
Ş. - Sağlam yaşamaq üçün hər birimizin sağlam gündəliyi olmalıdır.
Tədqiqat sualı:
Şagirdlərin sağlamlıq haqqında bildikləri və bilmədiklərini öyrənmək üçün onlara belə sual verirəm:
-Sağlam olmanın hansı şərtləri var?
Tədqiqatın aparılması:
Kollektiv iş olduğundan lövhədə uşaqlara şəkillər göstərib, onların şəkillər haqqında rəylərini öyrənirəm.
M. - Aşağıdakı şəkildə hansı qaydalara əməl etməyi görür­sü­nüz?
Ş. - Şəxsi gigiyena qaydalarına əməl etməyi.
M. - Daha sonra?
Ş. - Düzgün qidalanmaq.
M. - Bəli, uşaqlar doğru söyləyirsiniz.
Ş. - Mən düzgün qidalanmağım haqqında şeir bilirəm.
M. – Buyur.
Bizim qəşəng uşaqlar,
Gərək yesin heyva,nar.
Alma, armud, albalı,
Fındıq, badam, şaftalı.
Əncir, üzüm, portağal,
Əzgil, gavalı, zoğal.
Alça, gilas, hər cür bar,
Bu dadlı meyvələrin,
Uşaqlara xeyri var.
M. - Deməli, uşaqlar sağlam olmaq üçün meyvə və tərəvəzlərlə qidalanmalıyıq.
Ş. - İdmanla məşğul olmaq da sağlamlığımızda əsas rol oynayır.
M. - Bəli, təşəkkür edirəm.
Ş. - Biz ətrafımızı təmiz saxlamalıyıq.
M. - Afərin. Sağlam ətraf mühit, sağlam insanlar deməkdir. Hətta konstitusiyamızda göstərilir ki, vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququ var.
Ş. - Hər bir insan yaşadığı yeri təmiz saxlamalıdır.
Ş. - Təəssuf ki, elə insanlar var ki, istirahət etdikləri yeri, yəni meşələri zibilləyir. Beləliklə, ətraf mühiti çirkləndirmiş olurlar.
M. - Bəs, bu cür insanlara nə demək istərdiniz?
Ş. - Mən demək istərdim ki, “Siz nəinki özünüzün, həmçinin ətrafdakıların da sağlamlığına ziyan vurursunuz”.
Ş. - Hər bir insanın sağlam olmaq hüququ var.
Ş. - Sağlam olmağımız üçün kompüter və telefonda oyunlardan az istifadə etməliyik.
Ağıllı lövhənin köməyi ilə konteynr oyunundan istifadə olunur. Tapşırıq verilir. Bu tapşırıqda sağlam həyat tərzinə aid olanları bir qutuya, sağlam həyat tərzinə aid olmayanları isə qələm vasitəsi ilə digər qutuya yığmaları qeyd olunur.
Bununla da tədqiqatın aparılmasını bitirirəm.
Məlumatın mübadiləsi və ya müzakirəsi.
M. - Heyanların adlarının baş həriflərini dairələrə yazıb sonra həmin hərfləri birləşdirsək, hansı sözü ala bilərik?
Ş. -TƏMİZLİK
M. - Sonda şagirdlərimə rəsm vərəqlərində sevdikləri meyvə şəklini çəkməyi və onun xeyri haqqında bildiklərini danışmalarını tapşırıram.
Nəticənin çıxarılması.
Mənim ağıllı şagirdlərim bugünkü dərsdə fəallıq göstərərək sağlamlıq haqqında bildiklərinizi bir-birinizlə doğru şəkildə paylaşdınız. Dediklərinizi ümumiləşdirib belə qərara gəlmək olur ki, sağlamlıq ilahinin bizə bəxş etdiyi bir xəzinədir. Odur ki, hamımız sağlamlığımızı qorumalıyıq. Biz öz sağlamlığımızın qədrini bilsək, ətrafımızda olan insanların da sağlamlığının qədrini bilmiş olarıq. Sağlam olmaq üçün sağlam həyat tərzinə aid olan bütün qaydalara əməl etmək lazımdır.
Yaradıcı tətbiqetmə:
Ev tapşırığı: “Dənizin çirklənməsinin canlılara təsiri” adlı esse yazın.
  Qiymətləndirməni standartdan çıxarılmış meyarlarla edirəm.


Tarix: 4-08-2017, 12:26

Xəbəri paylaş