Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“ŞƏLALƏ” JURNALININ NƏŞRİ TARİXİ

 
Solmaz Həyatova,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA-nın Ədəbiyyat İnstitutunun yeni dövr
Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçi

“Şəlalə” jurnalı Azərbaycan mətbuatı tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai fikir və ədəbiyyat tariximizdə yeni dövr açmış, klassik irsimizin dəyərli abidələrindən birinə çevrilmişdir. Öz nəşrinin ilk günlərindən başlayaraq köhnə dünya ilə ölüm-dirim mübarizəsinə girmiş “Şəlalə” jurnalı təkcə Zaqafqaziya, Rusiyada deyil, Yaxın və Orta Şərq ölkələrində də geniş yayılmış və böyük nüfuz qazanmışdır. Jurnalın səhifələrində imperialist dövlətlərinin milli müstəmləkə zülmü, çar mütləqiyyəti, Şərqdə, ilk növbədə, İran və Türkiyədə istibdad quruluşu, orta əsr feodal qalıq­ları, xalq kütlələrini ağlasığmaz dərəcədə istismar edən burjua-mülkədar ağalığı, gerilik, cəhalət, ətalət, dini fanatizm, din xadimlərinin riyakarlığı çox cəsarətlə tənqid olunurdu.
Jurnalın nəşri ilə Xalid Xürrəm Səbribəyzadə Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində yeni dövr – “Şəlalə” dövrünü açdı. Professor Əziz Şərifin yazdığı kimi o dövrdə “elə bir az-çox əhəmiyyətli siyasi və ya ictimai hadisə olmamışdır ki, jurnal ona səs verməsin və demokratik ictimaiyyəti maraqlandıran elə bir problem olmamışdır ki, jurnal ona öz münasibətini bildirməsin.
Yazılarından məlum olur ki, Xalid Xürrəm Türkiyənin Üsküdar şəhərində anadan olub, orada boya-başa çatıb. Orta təhsilini bitirdikdən sonra Türkiyə Universitetinin tibb fakültəsində təhsil alıb. Ancaq Xalid Xürrəm Türkiyənin Üsküdar şəhərində doğulduğunu bildirsə də, onun əsil-nəsəbinin orada yaşayan Azərbaycan türklərindən olmağı şübhəsizdir. Məhz bu səbəbdən gənc türklərin mühacirətdə iş­gəncəyə məruz qaldıqları üzündən Xalid Xürrəm Batuma, sonra isə Azərbaycana – Bakıya dönməyə məcbur olur. Burada yaşadığı ilk günlərdən şeir və hekayələrini mətbuatda dərc etdirir. “İqbal” qəzetində dərc etdirdiyi “Ermənistan haqqında erməni xülyaları” məqaləsində kürdlərin tarixi məskunlaşma problemi ilə bağlı mülahizələrini söyləyir. Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyması üçün əlindən gələni əsirgəmirdi. Bu yolda o həm elmi-nəzəri, həm də əməli-təcrübi fəaliyyəti ilə xidmət göstərirdi. O, bir tərəfdən ermənipərəst, şovinist dairələrin məkrli siyasətini ifşa edir, rusdilli “Baku” qəzetində türklük əleyhinə yürüdülən saxta fikirlərə qarşı çıxır, digər tərəfdən Azərbay­canda milli maarif, mədəniyyət, ədəbiyyat və mətbuat işinin quruculuğuna yardım göstərirdi.
O, Bakı varlılarından maarifçi İsa bəy Aşurbəylinin naşiri olduğu “Şəlalə” jurnalının redaktoru idi. İctimai-siyasi, ədəbi, fəlsəfi dərgi olan “Şəlalə”nin ilk nömrəsi Bakıda 19 yanvar 1913-cü il, son nömrəsi isə 1914-cü ildə nəşr edilməklə 56 sayda çıxmışdır. Jurnal ictimai, elmi, fənni şəkilli, rəsmli mətbuat nümunəsi idi və müasir sivil dünyanın həyat tərzinə diktə elədiyi xüsusiyyətləri aşılamağa çalışırdı. Həftədə 2 dəfə çıxan bu jurnal dövrün, həyatın aktual məsələlərini əks etdirən məqalələri çap edirdi.
“Şəlalə” jurnalını çap etdiyi illər – Xalid Xürrəmin ədəbi-ictimai fəaliyyətinin ən maraqlı dövrünü təşkil edir. O, “Molla Nəsrəddin” jurnalının pərəstişkarlarından biri idi. C.Məmmədquluzadənin tənqidindən sanki nəticə çıxaran X.Xürrəm “Şəlalə” jurnalını nəşr etməklə özünü həm Azərbaycan ədəbi-ictimai fikrində, həm də mütərəqqi dünyagörüşlü şəxsiyyət kimi tanıdır. Dövrün bir sıra qabaqcıl fikirli ziyalılarını jurnalın ətrafına toplayır. Özü isə “Şəlalə”də elm və maarif məsələlərini təbliğ edən məqalələrini, onlarca şeir və hekayələrini çap etdirir.
Xatırladaq ki, bu jurnal nəşrə başladığı gündən son sayına qədər “Füyuzat” ədəbi məktəbinin nüfuzu altında olmuş, “Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyasını yürütmüşdür. Buna görə də “Şəlalə” Azərbaycan Xalq Cümhuriyyətinə doğru aparan yolun ən qiymətli abidələrindən biridir.
Məlumdur ki, Ə. Əzimzadənin yaradıcılığı XX əsr Azərbaycan bədii fikrinin inkişaf tarixi ilə sıx surətdə bağlıdır. O, rəssamlıq sahəsində fəaliyyətinin hələ ilk illərindən dövrünün qabaqcıl ziyalıları ilə əl-ələ vermiş, çox zəngin və mənalı əsərləri ilə Azərbaycan xalqının azadlığı uğrundakı mübarizədə mühüm rol oynamışdır. İlk dəfə “Molla Nəsrəddin”, “Kəlniyyət”, sonralar “Xoruz”, “Dəmdəməki”, “Avara rəssam”, “Məətəl qalan”, “Tuti” və s. imzalarla satirik yazılar çap etdirmişdir. Vətəninə böyük yaradıcılıq həvəsilə qayıtmış rəssam 1912-ci ildən başlayaraq Bakıda rus dilində nəşr edilən “Biç” (1913-1916) “Baraban” (1912-1918) Azərbaycan dilində “Kəlniyyət” (1912-1913), “Məzəli” (1914-1915), “Tuti” (1914-1917) və “Babayi-Əmir” (1914-1916) kimi satirik jurnallarda yaxından iştirak edir. Özünün formaca yetkin və məzmunca bitkin olan ən yaxşı rəsmlərini bu dövrdən yaratmağa başlayır. Bu zaman o, “Şəlalə” (1913-1914) jurnalı üçün də bəzi rəsmlər çəkir (13, 42).
“Şəlalə” jurnalının nəşrə başlaması o dövrün Azərbaycan mətbuatında əlamətdar hadisə kimi qarşılanmışdır. Onun nəşri haqqında bir sıra mətbuat orqanlarından təbriklər də gəlirdi. “Molla Nəsrəddin”, “Zənbur” kimi “Şəlalə” də həftədə iki dəfə nəşr olunurdu. Hər üç jurnalda həm zahiri görkəm, həm də daxili tərtibat cəhətdən bir-birinə yaxınlıq müşahidə olunur. “Şəlalə”də də felyetonlar, lirik və satirik şeirlər, teleqraf xəbərləri, rəsm və başqa bu kimi şöbələr vardı. Burada müəlliflər gizli imza ilə yazır, öz mütərəqqi fikirlərini təbliğ etmək üçün imzalarını dəyişirdilər.
Jurnalın özəlliklərindən biri də ondan ibarətdir ki, burada Ə.Hüseynzadə, H.Cavid, Ə.Cavad, X.X.Səbribəyzadə, M.Ə.Rəsulzadə, A.Şaiq, Tofiq Fikrət, Əhməd Kamal, Əli Kamal, M.Ə.Rəcaizadə, Rza Tofiq, Şinasi, Abdulla Cövdət və başqaları ilə yanaşı, gənclər də (məsələn: Rəbii, Ə.Şərəf, Ə.Fəhmi, Ə.Nicat və b) çıxış edirdilər.
“Şəlalə”nin məqsəd və qayəsi 1913-cü il yanvarın 19-da çıxan 1-ci nömrəsində “Müqəddimə” başlıqlı proqram məqaləsində ifadə olunmuşdur: “... zəmanəmizin nəzakət və dəqayiqini və təhsisat və həqayiqini təhlil və təsvir edəcək dərəcədə insanlarını təcəvve və tədqiq edərək milli bir ədəbiyyat sayəsində millətdaşlarını təqazayi-zəmanədən xəbərdar edərək irşad etmək olmuş. Çünki ədəbiyyat bir millətin ruhunun qidası və vücudunu təhlil edən əmzarın da mənəvi dəvasıdır” (20, 5). Qidasız ruhu, dəvasız mərəzi olan bir vücud yaşayamaz. Bir müddət yaşasa belə həyatı böhrani-əzim və ovcahi-ələm ilə keçər. Buna misal olaraq vətəndaşlarımızın halını göstərə biliriz” (6, 2).
Şübhəsiz ki, inqilabi epoxada fəaliyyət göstərən bir jurnal üçün ictimai-tarixi, siyasi mövzulara toxunmamaq düzgün deyildi və bu da digər sələfləri kimi “Şəlalə”nin bağlanmasını şərtləndirən başlıca səbəblərdən oldu. İnqilabi mübarizə ideyaları ilə çalışanların “beyinlərini sərinlətsə” də “Şəlalə” jurnalı romantik ədəbi metodun təkmilləşdirilməsi baxımından əhəmiyyətli rol oynayırdı.
Jurnalda qoyulan problem və məsələlər bir çox başlıqlar adı altında verilir. Məsələn: ədəbiyyat rubrikasında şeirlər, dünya ədəbiyyatından tərcümələr, roman və hekayələr, fənn başlığında – tarix, coğrafiya, təbiət, texnika, əkinçilik, fəlsəfəyə aid məqalələr, “lifzi-səhhət” də insan gigiyenası, müxtəlif xəstəliklər və onların müalicəsi, qadınlarımız bölümündə qadınların həyatı, təhsili, cəmiyyətdə rolu, vəzifələri, izdivac, tərbiyə məsələləri, dilçiliyə aid – dil tarixi, sərf və nəhv, imla və s. yazılar verilmişdir (5, 413).
Hər nömrənin sonunda “Yeni kitablar” rubrikasında əsrin əvvəllərində (XX əsr nəzərdə tutulur) çap olunmuş Azərbaycan və xarici müəlliflərin yeni nəşr olunmuş kitabları haqqında geniş məlumat verilir. Məsələn, jurnalın 2-ci nömrəsində türk dünyasının böyük satirik şairi M.Ə.Sabir yaradıcılığına yüksək qiymət verilir və onun təzə çap olunmuş “Hophopnamə”si belə təbliğ olunur: “Çoxdan bəri intizarında olduğumuz mərhum Sabir əfəndinin birinci qism “Hophopnamə”si bu həftə təb olundu.
“Hophopnamə” ...Türk dilini, Türk ədəbiyyatını bilən və ya sevən hər kəsə tövsiyə olunur.
“Ədəbiyyat” hissəsində jurnalın baş redaktoru Xalid Xürrəm Səbribəyzadənin əsərləri daha çox sayda çap olunmuşdur. “Şəlalə”nin bir çox saylarında “Eşq və həvəs”, “Milli hekayə”, “Nişadın dəftəri-xatiratından” kimi romanları, “Altun Uluq”, “Bahar və Xəzan”, “Nalə”, “Şair”, “O və mən”, “Sən” və s. şeirləri, qadın məsələlərinə aid “Qadınlarımız”, “Qadınlarımız və tərbiyə” adlı silsilə məqalələri dərc olunmuşdur. Ədib əsərlərini “Altun qələm”, “Xürrəm”, “X.Səbribəyzadə”, “Sancaq” imzaları ilə yazırdı. O, Türkiyədən Azərbaycana gəldikdən sonra burada ədəbi-ictimai fəaliyyətlə məşğul olmaqla yanaşı, yeri gəldikcə siyasi məsələlərə az da olsa qarışmışdı.
Qadın azadlığı, yeni nəslin tərbiyəsi, ana dilinin qorunması kimi məsələlər başqa məcmuələrdə olduğu kimi “Şəlalə”nin də səhifələrində yer tutmuş müzakirələrin əsas obyektinə çevrilmişdir. Din məsələlərində isə dövrünün bir çox başqa ziyalıları kimi o da dini müasirləşdirmək tərəfdarı idi.
Məcmuə romantik ruhlu ədəbi nümunələrin təbliğatçısı, “Füyuzat, “Yeni Füyuzat” jurnallarının davamçısı olmaqla yanaşı, həm də səhifəsində dünyəvi elmlərə yer ayırır, müxtəlif ölkələrin ictimai-siyasi həyatına ötəri də olsa, münasibət bildirirdi. Məcmuənin az bir zaman ərzində özünəməxsus bir dəst-xətt yarada bilməsi, polemika müstəvisində olan ən aktual mövzulara belə özünün baxışları və mövqeyi ilə yanaşdığını müşahidə etmək olar. Onun dəst-xəttinin aparıcı qüvvəsinin yeniliyə, novatorluğa kökləndiyini elə ilk səhifəsindən duymaq mümkündür. Məlumdur ki, o dövrün məsələlərindən biri qadın azadlığı idi. Müxtəlif mətbuat nümunələrində bu məsələyə müxtəlif baxışların, hətta mühafizəkar münasibətlərin daha üstün mövqe qazanmış olduğunu bilirik. “Şəlalə” ilk nömrəsindən qadın haqqında fikirlərini Əbdülhəq Hamidin sözlərilə belə bəyan etmişdi: “...Validə məhəbbətinin fövqündə yalnız əlvəhiyyət görünür... Qadın xilqətin müəllimidir. Fəqət ailə olmalıdır ki, çocuğu təlim etsin. O, çocuq bir millət ola bilir; o qadının evi bir vətən nümunəsidir” (20, 5).
Əlbəttə, sayını və sırasını artıra biləcəyimiz bu cür nümunələrin cazibədar manerasına həm də nəşr olunduğu dövrün (1913-1914) demokratik islahat, azad fikirlərdə inqilablar zamanının ab-havasının da təkanverici qüvvəsi müəyyən biçim verirdi desək səhv etmərik. Çünki həmin zamanın özü artıq acı dadını bildirərək ən ali romantik duyğuların içərisində belə reallığın gözünün içinə dik baxmağı diktə edirdi.
“Şəlalə” jurnalının birinci nömrəsindən məlum olur ki, jurnalın bu nömrəsi bütünlüklə gələcək nömrələrin iş proqramını təşkil edir. Burada qoyulmuş məsələlər jurnalın sonrakı nömrələrində dövrün tələbinə uyğun şəkildə davam və inkişaf etdirilmişdir. Bu məqsədlə “Şəlalə” jurnalının müəllifləri daha radikal mövqe tutur, “füyuzat”çı ənənələrin, “modern ədəbiyyat” nümayəndələri kimi çıxış edirdilər.
Jurnalda “Türklük və xalq ədəbiyyatı” (F – imzası ilə) məqaləsinin müəllifi bütün dünya xalqlarının iki qisim – xəlqi və aristokratik ədəbiyyatı olması fikrinə haqq qazandırır. Habelə “xalqa doğru” devizini irəli sürürdü. O yazırdı: “Əvvəlcə üləma və kubra sinfi məsələn, Baqiyi, Nəfiyi, Nədimi oxurkən nasıl xalq Aşıq Qəriblərdən, Kərəmlərdən, Koroğlulardan zövqiyab olmuşsa, bu gün də eyni surətdə biz Hamidi, Fikrəti, Cənabi oxurkən onlar hala Kərəmləri, Qəribləri tərk edəmiyorlar. Anlaşılıyor ki, zavallı türk elinin zavallı övladları əsrlərdən bəri hala eyni mərhələyi-zövq və fikirdə aramsazi – xüsran oluyor... Halbuki, məmləkətin həqiqətən tərəqqi etmiş olması üçün, xəlqin məkəsi-təhsisatı olan xalq ədəbiyyatının bir əsəri – həyat və təcəddüd göstərməsi, fikirlərin və zövqlərin artıq Aşıq Qəriblərdən ayrılması icab edərdi. Bolqarlar, Rumlar, Serblər milli şairlərinin milli intiqam şərqilərini tərənnüm edərkən hala qüruni-vusta əfsanələri ilə tənmiyi-ruh edən bir millət mübarizeyi-həyatda nasıl məğlub olmaz?!...” (25, 4)
“Şəlalə”də çap olunmuş bədii əsərlərdəki bütün mütərəqqi keyfiyyətlərlə bərabər, ziddiyyətli və zəif cəhətlərin də olduğunu xatırlatmalıyıq. Çünki “Şəlalə” jurnalında Sabir, A.Şaiq, Ə.Cavad, H.Cavid, Tofiq Fikrət və başqa bu kimi sənətkarlarla yanaşı qələmcə bir qədər zəif yazarların da əsərləri dərc edilirdi. Bu müəlliflərin əsərləri həm ideya, həm də bədii sənətkarlıq nöqteyi-nəzərindən aşağı səviyyədə olurdu. Belə yazarlardan Rəbii, Ə.Şərəf, Ə.Fəhmi, Ə.Nicat və başqalarını göstərmək olar.
Xatırladaq ki, “Şəlalə” jurnalının ilk nömrəsi çapdan çıxanda Əli bəy Hüseynzadə artıq Bakıda deyildi. O, Türkiyəyə mühacirətə getmişdi. Lakin qələm yoldaşları onun ədəbi xətti-hərəkatına, üslubuna və ideyasına sadiq qalmış və “Faust”dan olan tərcümələrini “Şəlalə”də çap etdirmişdilər. Burada tarix, coğrafiya, etnoqrafiya, fizika, həndəsə, riyaziyyat, kimya və s. elmlər, onların tarixi inkişaf yolu, müxtəlif nümayəndələri haqqında geniş bilgi verilirdi. Hələ XIX əsrdə H.Zərdabi tərəfindən ortaya atılan bu təşəbbüs – dünyəvi elmlərin ardıcıl təbliği “Şəlalə”də davam etdirilirdi. Yer, od, su, hava haqqında mifik mülahizə və elmi biliklərin jurnalda özünəməxsus yer tutması, “hifzi-səhhət” probleminə geniş yer ayrılması tərbiyə və təlim məsələlərinin dünya pedaqogikası tələblərinə uyğun qurulması istəyi, etnoqrafik tapıntıların (numizmatik əşya, mumiyaların, sfinks və s.) təsvirlərin verilməsi şəlaləçilərin elmi-tarixi dəyərlərə münasibətindəki “füyuzat”çı mövqeyi aydınlaşdırmağa imkan verən faktlardır (26, 137).
“Şəlalə” bağlandıqdan sonra Səbribəyzadə Türkiyəyə getməli oldu. Bu zaman Ə.Qəmküsar onu belə bir satira ilə yola saldı:
Səbribəyzadə, bizi atma, amandır getmə.
Millətin halı bu gün xeyli yamandır, getmə.
Yaxşı təsvir elə öz rəyin ilə Quranı,
Çadra, çarşafa bük, dustaq elə nisvani,
Qoyma getsin qabağa milləti qaytar ani.
İndi Qafqazda böyük həyəcandır, getmə,
Gedirsən, kim yazacaqdır, bizə “eşqü-həvəsi”
Millət-qəmzadənin kim olacaq dadi-rəsi.
Sən ki, getdin dəxi “şırşır” kəsilir mən biləsi,
Bir qədər səbr elə, bir ləhzə dayan, dur getmə” (7).
Şəlaləçilər ilə mollanəsrəddinçilər arasında gedən ciddi mübarizə bir sıra prinsipial məsələlər üstündə idi. Bunun biri də “təsəttüri-nisvan” və ana dili məsələsi idi. Bu məsələlər ətrafında şəlaləçilərə qarşı “Molla Nəsrəddin”in hər nömrəsində cavablar verilirdi. “Təsəttüri-nisvan” haqqında “Həkimi-Nuni-Səğir” imzası ilə Ə.Haqverdiyevin yazdığı məqalələr xüsusi qeyd olunmalıdır. Bu məqalələrdə XX əsr Azərbaycan mətbuatında uzun mübahisələrə səbəb olan qadın azadlığı problemi mütərəqqi cəhətdən işıq­landırılırdı.
Qadın azadlığı mövzusu jurnalın bədii əsərlərində geniş şəkildə işıqlandırılmışdır. Həm də bu mövzu “Şəlalə”də öz dövrünə qarşı ictimai etirazını ifadə edən bir çox bədii əsərlərində ictimai bərabərsizlik dünyasında hər cür məşəqqətə məruz qalan hüquqsuz Azərbaycan qadınlarının vəziyyətini çox kəskin şəkildə tənqid edirdi.
Qadına münasibət məsələsində “Şəlalə” tamamilə “Molla Nəsrəddin” cəbhəsində dururdu. Bu bir daha öz təsdiqini X.X.Səbribəyzadənin “Qadınlarımız və tərbiyə” adlı məqaləsində tapmışdır.
“Şəlalə”nin elə ilk nömrələrindən başlayaraq qadınların savadlanması, təhsil alması ümdə məsələlərdən biri hesab edilirdi. X.Xürrəmin məqaləsindən sonra belə məqalələr müxtəlif yazarlar tərəfindən jurnalda çap olunmağa başlamışdır. Məqalədə qeyd olunur ki, validələr tərbiyə görməmiş olunca, qızları da bitərbiyə qalır və o qız böyüyəndə çocuq dünyaya gətirəndə övladını kəndi məhrumiyyətinə şərik tabe buraxır. Tərbiyədən məhrumiyyət qəziyyə mühimməsində (bir mərəz sarı kibi) ilə nihayə davam idub tavarur. İyirminci əsr mədəniyyətdəyiz. Sənələr keçincə hər şey tərəqqi ediyor. Bir millətin (nəsvani) nisvani dərəcə tərəqqiyyətinin mizamıdır” deniliyor. Avropa əqvamı isə rahə təkmildə irəliyor.
Haqq batilə, adil zalimə, alim cahilə qələbə çalıyor. Bialim (və ya bielm) olana heç bir yerdə hüsnü qəbula, hörmət və riayətə məzhər olmuyor. Durmalıyız!
“Molla Nəsrəddin”, kölə vəziyyətinə salınmış Azərbaycan qadınlarının xilası yolunda ardıcıl mübarizə aparırdı. O, birinci növbədə qadınların özlərinə müraciət edir və onları oyadırdı. Böyük Sabirin “Çatlayır, Xanbacı, qəmdən ürəyim” misrası ilə başlanan şeirində məktəbdən, kitabdan uzaq düşmüş, onları istəməyən, öz ata-babası evində ev işləri ilə məşğul olmağı fəxr sayan qadınların faciəsini açıb göstərirdi.
Nə bilirdik və zəhirmardı kitab,
Biz olan evdə haçan vardı kitab?
Büsbütün gül kimi insanlardıq
Nə müəllim, və nə dərs anlardıq,
Dəftərin andıra qalmış sözünü,
Eşidib görməmiş idik üzünü (11).
C.Məmmədquluzadə ifşa və tənqidin gücü ilə yazılmış “Qafqaz Şeyxül İslamın açıq məktubunda” (9). Tiflisdə Müəllimlər institutunda oxuyan azərbaycanlı qızlara ana dili dərsi deyəcək bir müəllimin olmayacağını, bu barədə şeyxül islamın verdiyi vədlərin boş söz olduğunu tənqid edirdi. Bunu “Mırt-Mırt adlı” felyetonunda görmək mümkündür (10).
Türkiyə inqilabi mövzusu XX əsrin əvvəllərində nəşr edilən Azərbaycan demokratik mətbuatının, o cümlədən “Şəlalə”nin mühüm mövzusu olmuşdur. “Şəlalə” Türkiyədə cərəyan edən gənc türklər hərəkatını da işıqlandırırdı, bəzən bu hərəkatın burjua xarakterlərini dərk etmədən ondan zülmə, əsarətə qarşı bir təbliğat vasitəsi kimi istifadə edirdi. Türkiyədə cərəyan edən “Sultan Ədqül Həmidin hərəkatı və bu üsula qarşı başlanan gənc türklər hərəkatına “Şəlalə” xüsusi diqqət yetirirdi.
“Şəlalə” jurnalında türk ədəbiyyatının, ən çox da romantiklərinin təbliğinə diqqətlə yanaşılırdı. M.Ə.Rəcaizadə, Ə.Hamid, T.Fikrət, N.Kamal yaradıcılığına göstərilən rəğbət bunu sübut edir. N.Kamalın mənəvi saflıq və Vətən eşqinin tərənnümünə həsr etdiyi “Vətən mənzuməsi” və “Vaveyla” şeiri də həmin məqsədlə nəşr olunmuşdur.
“Şəlalə”də bir sıra elmi-fəlsəfi terminlər, o sıradan, abstraxsiya, eklektizm, psixologizm, sensualizm, intellektualizm, volyuntarizm, pozitiv fəlsəfə, potensial enerji, metafizika, ideyalar assosiyası və s. ətraflı şərh olunur, təbii elmlər, dini görüşlər və ədəbi-estetik mülahizələri birləşdirən analitik yazılar verilirdi. Əhməd Midhət Rüfətovun jurnalın 1914-cü il saylarında yer alan “Fəlsəfeyi-müsbətə və əfkari-fənniyədə yeni inqilablar”, “Fənnin son kəşfiyyatından” “Tarix və həqiqət”, “Hakim millətlər”, “Fənni-tarix”, “Radium mədəni və fənni möcüzələr” məqalələrində “füyuzat”çı ideya xətti aşıqca özünü göstərir. Jurnalda Məhəmməd Əmin Yurdaqulun “Dəmir” şeirinin çap olunması da həmin ideya-bədii ehtiyacdan doğurdu. Bu şeirin nəşri və şairin izahlı təqdimatı tək M.Ə.Yurdaqulu təbliğ səciyyəsi daşımır, bəlkə o, daha çox “füyuzat”çı ənənənin qorunması kimi qiymətləndirilməlidir. Şeirdə deyilir:
Şu qaranlıq mağara məzar kibi bi yerdir;
İçərisində nə günəş var, nə də sağlam hava var;
Üzərindən sızan sular, sarkan kəskin Kayalar;
Kapısından bakanların tüklərini ürpədir (3, 1-2).
“Şəlalə”də də Anadolu türk mədəniyyətinin, elmi-nəzəri fikrinin təsiri açıq-aydın hiss olunur. X.X.Səbribəyzadə, Hüseyn Tələt, Əhməd Hikmət, Rəşad Fəryad, Rza Tofiq və s. müəlliflərin burada əsərləri tez-tez nəşr edilirdi. Adıçəkilən qələm sahiblərinin də sənətkarlığı, dil, üslub və düşüncə tərzi jurnalın ideya-bədii səviyyəsinə təsir edir, jurnalın redaksiya heyətini ədəbi “kosmopolitizmə sürükləyən bir səbəb” kimi ortaya çıxırdı. Burada Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, H.Cavid, A.Şaiq və başqaları ilə yanaşı N.Kamal, M.Ə.Yurdaqul, S.Nəsif, M.H.Ərsoy, Hikmət Şinasi, Rza Tofiq, Rza paşanın və başqalarının da əsərlərinə ardıcıl rast gəlmək olar.
Türklük xarakterini, onun tarixi və çağdaş yaşantısını açan nümunələrə üstünlük verilirdi. “Şəlalə” Midhət Camalın torpaq, vətən, yurd sevgisi, türkə layiq cəsurluq ifadə edən şeirini həmin məqsədlə nəşr edirdi. Şeirdə deyilir:
Altında yatarkən də bizimdir yerin üstü,
Hər zərrəsinə qanilə xuruşan oluruz da.
Dağlar, qayalar cismimizə hail olursa,
Cari oluruz düşmənə biz qan oluruz da! (18, 4)
Bu və buna oxşar örnəklərin meydana çıxması elə-belə təbliğat xarakteri daşımır, bunların təsiri və təqlidi yolu ilə Azərbaycan ədəbiyyatında orijinal əsərlər də yaranırdı.
“Şəlalə” jurnalından götürdüyümüz aşağıdakı örnəklər də həmin məqsədə xidmət edirdi:
“Vilyam Pit demiş: Ah! Mənim bədbəxt Vətənim! Nə ağır vaxtda səndən ayrıldım.
Xanım Stal demiş: Bən seviyordum Allahımı, Vətənimi və azadlığı.
Türk şairlərindən məşhur Namiq Kamalın axırıncı sözü bu olmuşdur:
Ölürsəm görmədən millətimdə ümmid etdiyim feyzi,
Yazılsın səngi-qəbrimdə Vətən məhzun, bən məhzun” (4, 4).
“Şəlalə”nin də hikmətli sözlər guşəsi maraq doğururdu. Onlardan birində deyilir:
“Əfkar zaman ilə, hərəkat təcrübə ilə təshih olunur.
– Mərd olan fərd qalmaqdan qurtarmaz.
– Məşrutəyə ehtiyac görməyən insan degildir.
– Böyük hikmətlər qısa sözlərdə bulunur.
– Aqil bildiyini söyləməz, dəli söylədiyini bilməz.
– Adam adam sayəsində adam olur.
– Maarifsiz millət yaşamaz.
– Haqq qüvvət, qüvvət haqqdır.
– Aşkar düşmən, gizli düşməndən yeydir.
– Zəka və namusa müğaran olmayan qüvvələr hədər olar.
– Cəsarətin ən böyüyü səbr və təhəmmüldür.
– Çox yaşayan çox bilməz, çox gəzən çox bilər.
– Şərəfi-insaniyyət feyzi-mərifətdən ibarətdir” (1, 9).
Göründüyü kimi, bu deyimlər klassik ədəbiyyatın epiqon didaktizmdən fərqlənir. Mətbuat orqanlarında vaxtaşırı çap olunan belə örnəklər sadəcə onların ideya-bədii mövqeyini aydınlaşdırmaq baxımından deyil, həm də yeni tipli vətəndaş yetişdirmək baxımından faydalı idi.
“Şəlalə”nin 2-3-4-cü saylarının 1-ci səhifəsində Ə.Hüseynzadənin “Faust”dan tərcümələri, sonrakı saylarda isə əksərən 1-ci səhifədə X.X.Səbribəyzadənin lirik-romantik üslubu ilə diqqəti çəkən şeirləri (“O”, “Zübeydə xanım”, “O və bən”, “Ah”, “Heyhat”, “Nalə”, “Dənizə qarşı”, “Şair”, “Bahar və xəzan”, “Bayram”, “Qəzəl”, “Nədən”, “Xitab”, “Xitabə”, “Biz”, “Yad” və s.) nəşr olunmuşdu.
“Şəlalə” öz səhifələrində bədii əsərlərə geniş yer verən mətbuat orqanlarından idi. Təkcə onu demək kifayətdir ki, 56 nömrəsində, şeir, məqalə, povest, hekayə və romanlar çap olunmuşdur.
Bədii əsərlər üslub və ədəbi forma cəhətdən rən­garəngdir. “Şəlalə”nin mövzu dairəsi geniş idi. Burada X.X.Səbribəyzadənin əsərləri içərisində “Eşqü həvəs” adlı yarımçıq romanı da əhəmiyyətli yer tutur. Bu roman 1913-1914-cü illərdə hissə-hissə “Şəlalə”nin 53 sayında çap olunub. Eyni zamanda “Şəlalə”də “Nişadın dəftəri” xatiratından başlığı altında hissə-hissə çıxan “Sarı yarpaqlar” (1913, Bakı) əsərində X.X.Səbribəyzadə öz bədii yaradıcılıq mövqeyinə sadiq qalaraq gənclik dostunun “vərəmli-həyatı ilə sarılıqlar arasında bir nisbəti-məxsusə (16, 1) görür və həyatı psixoloji gərginlik üzündən ölümlə sona yetən dostunun istirablı ömür yolunu təsvir edir.
“Şəlalə”çilər sadəcə “Füyuzat”çıların ədəbi məktəb ənənələrini davam etdirmir, həm də onlar Türkiyə vasitəsilə Avropa ədəbiyyatı və mədəniy­yətinə doğru açılan yolu genişləndirməyə çalışırdılar. Bu baxımdan şəlaləçilərin İ.Şinasiyə münasibəti örnək sayıla bilər.
“Şəlalə” jurnalında İbrahim Şinasinin haqqında biblioqrafik bilgi verilir, onun hərbi təhsil alması, Fransaya oxumaq ezamı, fransız dilini öyrənməsi, riyaziyyat və maliyyə ilə ciddi məşğul olması bildirilir. Bütün bunlarla yanaşı ədibin bədii sənətə meyili və yaradıcılıq xüsusiyyətləri haqqında deyilir: “Təbən mail olduğu ədəbiyyata çalışır. Fransada ikən “Lamartin”in məclisinə davamə başlar və Avropadakı aləmi - ədibin məhsulu idrakatina tamamən vaqif olur ...sultan Əbdüləzizin sənəyi-culusunda “Təsviri-əfkar”ı nəşr eylər. “Ədəbiyyatı-cədidə” deyilən tərzi-ali və təzyini-mənəvi ilə məzin cəhətləri orada görülməyə başlar. Şinasi sakin və əksəriyyən mütəfəkkir idi. Qısa cümlələrlə az söz söylərdi. (T.) hərfinə qədər yazılmış hər biri bənzər səhifəli on cilddən mürəkkəb bir lüğəti vardır ki, bir qismi Fransa əncüməni-şərqiyyəsində, bir qismi də poçta darülfünunu kitabxanəsində məhfuzdur.
“Zərbül-əmsal” ünvanlı mübhəm bir əsəri mətbudur. Şinasinin vücudə gətirdiyi ədəbi-inqilab sayəsindədir ki, bu gün osmanlılıqda ifadeyi-məramə müqtədir olan əshabi qabiliyyət düşündüyünü yaza biliyor, yazdığını oxuyanlara bəyəndiriyor. Şinasi lisani-həqiqət olan ədəbiyyati-cədidəki istedadi – “Kamal”ın pədəridir” (21, 2-3).
“Ədəbiyyati-cədidə” yönüdə yetişən və Azərbaycan milli ədəbiyyatının yeni keyfiyyətli əsərlərlə zənginləşdirilməsində öncül rol oynayan romantik sənətkarların yaradıcılığı azad insan cəmiyyəti və milli mənlik şüuru uğrunda dönmədən çarpışanların həyatı və ideyalarını əks etdirən ədəbi sərvət kimi qiymətləndirilirdi. Həmin mövqedən “Şəlalə” jurnalında deyilirdi: “Səyədulla paşa Şinasi, Ziya paşa, Kamal bəy kibi osmanlı ədəbiyyati-cədidəsi muəssislərindən məduddur. Bu dörd zat arasında məsləki-ədəbiyyatca hiç bir fərq görülməz. Yəni tərzi cədidi-ədəbiyyatdakı ictihadları bir üslubi-bəyanca cinsi-xarüqəladələri şəxslərinə münhəsirdir” (22, 3). Bu baxımdan A.Şaiqin “Şəlalə”də buraxdırdığı “Pöhəran” (Pöhrələr) şeirinə baxaq. Şair burada sağlam bir kötüyün təsvirini verir və onun çoxlu rişələr – pöhrələr atmasını bədii şəkildə türklərin tarixi taleyi ilə bağlayır, ümumtürk mədəni-mənəvi birliyinə çağırış kimi mənalandırırdı:

Kötüklərin arasında ulu, sağlam bir kötük,
Ağır, kəskin baltalarla qol-qanadı qırılmış,
Tufanlarla çarpışaraq, qalib gəlmiş, yorulmuş,
Uca, sağlam və kölgəli dalları qalmış tək-tük.

O dalların damarında, soyundakı əsalət,
Şanlı, keçmiş tarixini anlatıyor. Hər yarpaq
Bayraq kibi kölgəsində bəsləmişdir bir “oymaq”.
Şimdi bir az qocalmış, qalmamış əski q üvvət.

Qoca kötük, o dallarla lakin məğrur deyildir,
Rişəsindən sürmüş olan bir çox sağlam pöhrənə.
Məğrur baxışlarla baxar, fəxr edər artıq. Yenə
Gələcəyə şanlı ümid, şanlı tarix doğurur.

Bu pöhrələr həpsi sağlam bir kötükdən cücərmiş,
Bir damardan ayrılmış, hər bir torpağın fidanı,
Bir döldən, bir yataqdandır, həpsinindir birdir qanı
Bir çeşmədən su içmişlər, bir bağban becərmiş.

Uca sağlam və kölgəli ağac olur bir zaman,
Kölgəsində bir çox insan ömür sürər asudə;
Fırtınadan, tufanlardan sən bunları əsirgə,
Ay mehriban, ulu tanrı, ay sevimli yaradan (24, 7).
“Füyuzat” ənənəsini davam etdirənlər bir sıra türk ədibləri ilə yanaşı, M.Ə.Rəcaizadənin yaradıcılıq orijinallığına da diqqət yetirir, onun ən məşhur əsərlərini nəşrə və təhlilə geniş yer ayırırdılar. “Füyuzat”da olduğu kimi “Şəlalə”də də “Ustad Əkrəm”in şeirləri yüksək qiymətləndirilir, həyati, ictimai-siyasi fəaliy­yəti və elmi-mədəni xidməti haqqında geniş bilgi verilirdi. Onun şəxsiyyəti və şeirləri haqqında “Şəlalə”də deyilirdi: “Həqiqətdə də ustad olan cənab Əkrəmin ömrü həp övlad dərdi ilə keçmişdir - əşarının qismi - əzəmi aşiqanə, rindanə və bir qismi də insanı ağladacaq raddədə giryəvəranədir. “Zümzümə”, “Urbə sövdası”, “Təkfir”, “Təlimi-ədəbiyyat” kibi mətbu və nüsxi-nadir əsərlərindən başqa mənzum və mənsur bir xeyli təlifatı vardır” (23, 3).
Xatırladaq ki, XX əsrin əvvəllərində Azərbay­canda əsərlərinə ən çox nəzirə yazılan, şəxsiyyəti və yaradıcılığı tez-tez təqdir olunan yeni türk ədəbiyyatı nümayəndələrindən biri də M.Ə.Rəcaizadə idi. Təkcə onun “Yad et!” şeiridir ki, bu ustad sənətkarın milli ədəbi fikir tariximizə mütərəqqi təsirindən, hər iki tərəfin qarşılıqlı ideya bədii əlaqələrindən geniş bəhs açılmışdır (17).
“Şəlalə”nin mövzu dairəsi geniş idi. Burada XX əsrin əvvəllərindəki Azərbaycan həyat və məişəti üçün xarakterik olan bir sıra mövzularda – sinfi bərabərsizliyə, çarizmə, qadın əsarətinə, geriliyə, dini-xurafata qarşı etiraz və başqa bu kimi mövzularda əsərlər çap olunmuşdur. İnqilabi hadisələrdən bəhs edən əsərlər jurnalda xüsusilə geniş yer tutur. Bu, “Şəlalə”nin başlıca mövzusu idi. Vətəni və dövlətini düşünən, millətinin vətəndaşlıq haqqı və hüquqlarının tanıdılmasına bir ömür sərf edən, bu yolda məhbəs, sürgün və mühacirət acısını dadmağa məhkum olsa belə
Atsalar da mərkəzi-xakə bizi,
Kürreyi-ərzi partladıb çıkarız –
inamıyla yaşayan Namiq Kamalın və onun ideya-bədii axtarış mövqeyini davam etdirənlərin fəaliyyəti bu baxımdan təqdir olunurdu. Çünki yalnız həmin örnəkseçmə və təqdiretmə işi
Ya ər ol, ortaya çıx, eylə kömək qardaşına,
Ya da get, evdə otur, həm ləçək sal başına –
(A.Səhhət)
ideyasını doğura bilərdi. Həyatı və ədəbi fəaliy­yəti çağdaş Azərbaycan bədii-estetik fikrinin həmin yöndəki marağını ödədiyinə görədir ki, “Şəlalə” jurnalı Əbül-Ziya Tofiq paşanı belə təqdim edirdi: “Əbül-Ziya Tofiq bəy mərhum, ədibi-əzim Namiq Kamal bəyə mülazimat və ədəbiyyata aid məzayisini ondan iqtibas eyləmişdi. O dövrün siyasi cərəyanları Namiq Kamal ilə rəfaqi-təhririnin səbəbi-nəfyi əvvəlincə Əbül-Ziya da “Rodos” cəzirəsinə təğzib olundu. “Numinəyi-ədəbiyyati-osmaniyəyi” Rodos zindanında təlim etdi” (14, 2).
İctimai-siyasi ideyaları uğrunda mübarizə zamanı müxtəlif əzab-əziyyətə düşsələr də, bədii axtarışlarını dayandırmayan “ədəbiyyati-cədidə”çilər kimi füyuzatçılar kimi, şəlaləçilər də milli ədəbi-mədəni intibah yolundakı fədakarlığı, onların “hürr və demokrat Azərbaycan” uğrundakı mübarizə əzmkarlığı sayəsində ədəbiyyatımız XX əsrin əvvəlində bir sıra qiymətli bədii örnəkləri qazana bildi. Bu baxımdan Abdulla Cövdət və Əli bəy Hüseynzadə, Namiq Kamal, Məhəmməd Hadi, Tofiq Fikrət və Abbas Səhhət, Mahmud Əkrəm Rəcaizadə, Abdulla Şaiq, Əbdülhəqq Hamid və Hüseyn Cavid yaradıcılığı arasında ideya-estetik əlaqələr, bədii sənətkarlıq oxşarlığı və fərqləri barədə ətraflı tədqiqat aparmaq və ədəbiyyat tariximiz üçün faydalı ola bilər.
Ədəbiyyata və sənətə baxışda “Şəlalə” realizm yaradıcılıq metoduna əsaslanmış, ədəbiyyat və mətbuatın xalqa xidmət edən bir vasitə olduğunu göstərmişdir.
“Şəlalə”nin XX əsr Azərbaycan təsviri sənətinin inkişafında mühüm mövqeyi vardır. O, Azərbaycan realist qrafikasının banisi Əzim Əzimzadənin bir satirik rəssam kimi yetişməsində başqa mətbuat orqanları kimi “Şəlalə”nin də rolu böyükdür və onun istedadının inkişafına mühüm təsir göstərmişdir.
“Şəlalə” jurnalı bir sıra mətbuat orqanları kimi, “Molla Nəsrəddin”, “Füyuzat” ənənələrindən istifadə edərək, istər ideya, istərsə də sənətkarlıq cəhətdən yüksək səviyyəyə çata bilmişdir. Özünün mütərəqqi cəhətləri ilə “Şəlalə” XX əsrin əvvəllərində ədəbiyyatımızda demokratik təmayüllərin qüvvətlənməsinə, xalqımızın ictimai-siyasi və bədii təfəkkürünün inkişafına kömək etmişdir.
   


Tarix: 6-06-2017, 11:52

Xəbəri paylaş