"Məntiq" kursunun tədrisinə dair
Rəfail Əliyev,
Şirvan şəhər, S.Hüseynov adına 1 nömrəli tam orta məktəb-xüsusi istedadlı şagirdlər liseyinin məntiq müəllimi,
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, əməkdar müəllim
Müxtəlif dövrlərdə məntiq elminin öyrənilməsinə fərqli münasibət olmuşdur. Azərbaycanın da daxiil olduğu keçmiş SSRİ-də məntiqin tədrisi “Orta məktəbdə məntiq və psixologiyanın tədrisi haqqında” Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin 4 dekabr 1946-cı il qərarı ilə əlaqədar həyata keçirilmişdir. Qərarda qeyd edilirdi ki, 1947/48-ci tədris ilin- dən başlayaraq orta məktəblərin buraxılış siniflərində məntiq və psixologiya dərsləri tədris olunsun.
Bu fənlərin tədrisini həyata keçirmək üçün kadr hazırlığı Ural və Azərbaycan universitetlərinə həvalə olundu.
Bu məqsədlə bu universitetlərin filologiya fakültələrində məntiq və psixologiya şöbələri yaradıldı. Tədrisi həyata keçirmək üçün 1947-ci ildə S.N.Vinoqradovun “Məntiq dərsliyi”(«Учебник логики») nəşr olundu. Sonrakı illərdə bu dərslik “MƏNTİQ”(«ЛОГИКА») adı altında 1955-ci ilə kimi A.F.Kuzminin həmmüəllifliyi ilə təkrar nəşr olunmuşdur. 1955-ci ildən SSRİ–də , eləcə də Azərbaycanda məntiqin tədrisi dayandırıldı.
Beləliklə, İosif Stalin məntiq elmini məktəblərə qaytardı, Nikita Xruşşov isə bu fənnin orta mək- təblərdə tədrisini qadağan etdi.
Əslində məntiqin tədrisinin qadağan edilməsi düşüncədən kənar, manqurt bir nəsil yetişdirmək, tədrisi yalnız əzbərçilik, mexaniki yaddaş üzərində formalaşdırmaq idi. Birpartiyalı dövlət olan keşmiş SSRİ-də azad düşüncə, müstəqillik qadağan idi. İnsanlar onlar üçün müəyyən edilmiş çərçivədən kənara çıxa bilməzdilər. Sovet rəhbərlərinə belə düşüncədən məhrum cəmiyyət sərfəli idi. Azərbaycan da Sovetlər birliyinə daxil olduğu üçün sərbəst addım atmağa ixtiyarı yox idi. Ona görə də bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da 1955-ci ildən məntiqin tədrisi dayandırılmışdı.
Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra tədrisin yaddaş müstəvisindən təfəkkür müstəvisinə keçirilməsi günün vacib məsələsinə çevrildi. Ali məktəblərin bəzi fakültələrində məntiq fənni tədris olunmağa başladı. Bu sahədə sanballı tədqiqatların, dərslik və vəsaitlərin müəllifi kimi məntiqçi alim Mahir İsrafilovun adı xüsusi qeyd edilməlidir. İxtisasca riyaziyyatçı olan Rauf İmranoğlunun orijinal “MƏNTİQ” dərsliyi də çox dəyərli mənbə kimi həm geniş oxucu kütləsi, həm də mütəxəssislər üçün faydalıdır. Bu kitab məntiqə yeni baxışı ilə seçilir.
Azərbaycanda 2010-cu ildən yalnız xüsusi istedadlı şagirdlər liseylərində bu fənn xüsusi kurs kimi tədris olunur. Kurikulumun tətbiqi şagirdlərdə məntiqi, tənqidi təfəkkürün formalaşdırılmasını tələb edir. Məhz buna görə də ümumtəhsil məktəblərində də bu kursun tədrisi, tədrislə bağlı yeni mükəmməl və təkmilləşdirilmiş proqraqmın, buna uyğun olaraq dərslik, qiymətləndirmə vəsaitləri və s. hazırlanmasını gündəmə gətirir.
“Məntiq” elmini öyrənmək nə üçün vacibdir?
«Məntiq-əqli kamilləşdirən, idrakda insanı düzgün yola, həqiqətə yönəldən, onu yanılmaqdan qoruyan qaydalar məcmusudur»
Əl-Fərabi
«Məntiq elə bir elm və sənətdir ki, onun vasitəsi ilə zehnin məlumdan məchula keçməsinin yolları aşkar edilir»
Əbu Əli İbn Sina
Məntiq klassik bir elm kimi bu gün də öz dəyərini itirməmişdir. Məntiq elminin öyrənilməsinin insan təfəkkürünün inkişafında və digər elmlərin öyrənilməsində çox böyük əhəmiyyəti var. Məntiq elmi biliklərə, kəşflərə, dünyanın dərkinə açılmış pəncərədir. Məntiq elmi insanlara düzgün danışmağı öyrədir, nitq mədəniyyətinin tərkib hissəsi olan məntiqi mədəniyyəti formalaşdırır. Insanlar nitq prosesində təfəkkürün forma və qanunlarından düzgün istifadə edəcəkləri təqdirdə fikirlərini daha anlaşıqlı şəkildə başqalarına çatdıra bilər, ətraf aləmi daha dolğun və düzgün şəkildə öyrənə bilərlər. Yalnız məntiqi düşünmək və danışmaqla, düzgün və ardıcıl şəkildə fikirlərini ifadə etməklə, yəni öz mühakimələrində ziddiyyətlərə yol verməməklə və başqasının səhv fikirlərini aşkar etməklə yüksək intellektin daşıyıcısı olmaq olar. Məntiqi bilik və bacarıqları mənimsəməklə digər elmləri də mükəmməl öyrənmək, elmi kəşflərə yol açmaq olar. Təsadüfi deyildir ki, Azərbaycan ədəbiyyatının klassikləri, Şərqin böyük alimləri digər elmləri mənimsəmək üçün, ilk öncə , məntiq elmini öyrəniblər.
Məntiq elminin əhəmiyyəti mühakimə prosesində fikrin əlaqə və münasibətlərinin ümumbəşəri forma və qanunların öyrənilməsi ilə müəyyən olunur. İnsanın əldə etdiyi elmi və məntiqi biliklər həqiqətə nail olmağın zəruri şərtlərindəndir
Məntiqi öyrənmək nəticəsində təfəkkürün qanunları-qaydalar və məntiqi üsullarla tanış oluruq. Bu qanun-qayda və üsulları araşdırmaq təfəkkür prosesinə şüurlu yanaşmağa imkan verir ki, nəticədə təfəkkür məntiqimiz, məntiqi mədəniyyətimiz yüksəlmiş olur.
Məntiqi öyrənməklə biz yalan və yanlışı doğru və həqiqətdən ayırır, yanlış fikir və müddəaları əsaslı şəkildə təkzib (rədd) edirik.
Artıq 10 ilə yaxındır ki, Şirvan şəhərində fəaliyyət göstərən xüsusi istedadlı şagirdlər liseyində “məntiq” xüsusi kursunu tədris edirəm. Bu kursun tədrisi üçün proqramı əhatə edən dərslik və dərs vəsaiti olmadığı üçün tədris prosesində çətinliklə qarşılaşırdıq. Nəhayət ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi” bu çətinliyin qismən də olsa aradan qaldırılmasına kömək etdi. Bu müsabiqənin fərdi kateqoriya qalibi kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə bu liseylərin V siniflərinin proqramı əsasında “Məntiqi tapşırıqlara dair xüsusi vəsait” adlı vəsaitin hazırlanıb çap olunmasına nail olduq. Vəsaitin hazırlanmasında Azərbaycan Respublikası Təhsil İnstitunun şöbə müdiri , psixologiya elmləri doktoru Elxan Bəylərov vəsaitin həmmüəllifi və redaktoru kimi mənə yaxından kömək etdi.
Artıq kursu tədris etdiyim şagirdlər bu vəsaitlə dərs öyrənirlər. Vəsait kursun tədrisində keyfiyyət dəyişikliyinə səbəb olmuş, şagirdlərdə bu kursun tədrisinə marağı daha da artıra bilmişdir.
Vəsaitdən yaxın tədris illərində də istifadə etmək nəzərdə tutulub.Yeni dərs ili ərəfəsində bu vəsaitin davamı kimi növbəti VI-VII siniflər üçün “Məntiqin əsasları” adlı yeni vəsaitin hazırlanmasını planlaşdırmışıq. Vəsaiti Azərbaycan Respublikası Təhsil İnstitunun Psixologiya və yaş fizologiyası şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylərovun redaktorluğu və rəhbərliyi ilə hazırlamağı nəzərdə tutmuşuq.
Bu günkü reallıq “Məntiq” xüsusi kursunun tədrisi ilə bağlı daha ciddi addımlar atmağı tələb edir. Bu kursun tədrisi xüsusi istedadlı şagirdlər liseyləri ilə məhdudlaşmamalı, ümumtəhsil məktəblərində də bu kurs , ilkin olaraq , fakültativ səviyyədə tədris olunmalı, bir fənn kimi onun standartları, qiymətləndirmə meyarları hazırlanmalıdır. Bu kursun proqramı təkmilləşdirilməli, onun tədrisi 4 mərhələdə həyata keçirilməlidir :
1.”Məntiqə giriş” - V siniflər;
2. Məntiqin əsaslari” (I hissə) - VI-VII siniflər .
3. Məntiqin əsaslari”(II hissə) - VIII-IX siniflər
4. ”Ümumi məntiq kursu” - X-XI təmayül sinifləri
Əgər təhsilimizi yaddaş müstəvisindən düşüncə müstəvisinə tam keçirmək, düşünən sinif, düşünən cəmiyyət yaratmaq istəyiriksə, gələcəyimiz olan gənclərdə məntiqi mədəniyyət, ciddi milli-mənəvi dəyərlər tərbiyə etmək istəyiriksə təhsilimizə “Məntiq” kursunu da gətirməliyik .
Tarix: 13-03-2019, 16:44
Xəbəri paylaş