Qadın bəşərə zinətdir
Tənzilə Şıxıyeva,
Ağdaş şəhər Heydər Əliyev Mərkəzinin direktoru, təqaüddə olan əməkdar müəllim
Mən sözümə Məhəmməd Peyğəmbərin qadın haqqında söylədiyi bir fikirlə başlamaq istəyirəm: «Qadın yurdun özülüdür, qadının xoşbəxtliyi – vətənin xoşbəxtliyidir, qadının tərəqqisi – ölkənin tərəqqisidir». Ümummilli liderimiz Heydər Əliyev isə cəmiyyətin əsas dayaqlarından biri olan Azərbaycan qadınının fəaliyyətini yüksək qiymətləndirərək söyləmişdir: «Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik mənbəyidir, ismət, qeyrət, qüdrət rəmzidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz». Doğrudan da belədir. Qadınsız həyatı təsəvvür etmək belə qeyri-mümkündür. Dahi şair Hüseyn Cavid isə qadın haqqında demişdir:
Qadın gülərsə, şübhəsiz, mühitimiz güləcək,
Şükürlənən bəşəriyyət, qadınla yüksələcək.
Bəli, dünyanın ən gözəl qadınları Azərbaycan xanımlarıdır. Azərbaycan qadını Babək və Koroğlunu, Xətai və Üzeyir bəyi, Həzi Aslanov və Ramil Səfərovu, Mübariz İbrahimov və Çingiz Mustafayevi… bu ulu və müdrik Azərbaycan xalqına bəxş etmişdir.
Azərbaycan anası beşik başında milli muğamlarımızın ruhu hopmuş şirin laylaları övladlarına çalan anadır. Azərbaycan qadını övladlarına «Öncə Vətəndir, sonra Anan» deyən anadır. Azərbaycan qadını dünyanın ilk diplomat qadını Sara Xatun, Bəyim Xanım, əfsanəvi Tutti Bikə, Xan qızı Natəvan xanım kimi yüzlərlə ləyaqətli, qəhrəman analardır.
Doğma torpaqlarımızın azad olması uğrunda döyüşən kişilərdən heç də geri qalmayan jurnalist – Salatın Əsgərova, həkim Gültəkin Əsgərova öz hünər və cəsarəti ilə Azərbaycanın qəhrəmanlıq səhifəsinə öz adlarını yazmışlar.
Ölkəmizin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün beynəlxalq aləmdə ölkəmizi ləyaqətlə təmsil edir, Azərbaycan qadınının nəyə qadir olduğunu dünyaya nümayiş etdirir. Bu yaxınlarda ölkə Prezidentinin Sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilmişdir. Mehriban Əliyeva Şərqdə həmin vəzifəni icra edən ilk qadındır.
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə başda ölkənin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban Əliyeva olmaqla bütün qadınlarımızı ürəkdən təbrik edir, onlara ailə səadəti, övlad sevinci və fərəhi diləyirəm. Qoy dünyadakı bütün analar xoşbəxt və firavan yaşasınlar!
Eləcə də xalqımızı əziz bayram olan Novruz bayramı münasibəti ilə təbrik edir, hamıya könül xoşluğu, ruzi bolluğu, ailə səadəti, Novruz ovqatı diləyirəm!
Tarix: 11-04-2017, 13:13