Bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm
Mustafa Babanlı,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor
Bahar fəslinin ilk ayı olan martın gəlişi ilə doğma Azərbaycanımızın torpaqları canlanır, yurdumuzun hər qarışında bayram əhvali-ruhiyyəsi hiss olunur.
Baharın ilk müjdəçisi 8 mart Beynəlxalq Qadınlar Günüdür. Sanki hava da, iqlim də təqvimin bu gününün dünyanın ən zərif məxluqu olan xanımların günü olduğunu anlayır, günəş də öz ilıq şəfəqlərini böyük səxavətlə yurdumuza bəxş edir, ətraf yaşıllaşır, ağaclar pöhrələnir, həyat canlanır.
Günəş yer üzünü canlandırdığı kimi, ana da bəşəriyyətə həyat verəndir. Odur ki, hər bir azərbaycanlı üçün qadın müqəddəsdir. Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, əsrlərin süzgəcindən keçmiş əxlaqi dəyərlərini gənc nəslə aşılayır və onların cəmiyyət və ölkəmiz üçün faydalı və layiqli vətəndaş olaraq formalaşmasının özülünü qoyur.
Bu gün Azərbaycan qadını tək ailədə deyil, ictimai həyatda və ölkənin inkişafında da mühüm rol oynayır, xalqımızın elmini, mədəniyyətini, intellektual potensialını bütün dünyada təmsil edir.
Azərbaycan qadınları istər ailədə, istərsə də cəmiyyətdə davranışı, mənəviyyatı, fədakarlığı, gözəlliyi, zərifliyi və intellekti ilə Azərbaycan xanımı adını zirvələrə ucaldıblar.
Çox sevindirici haldır ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor-müəllim heyətinin sıralarında yuxarıda söylənilən xoş sözlərə layiq yüzlərlə xanım öz bilik və təcrübələrini gənc nəslə ötürür.
Mart ayı tək 8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlamətdar deyil. Mart ayında həm də doğma Azərbaycanımızın ən qədim el bayramlarından biri olan Novruz bayramı qeyd olunur.
Əgər 8 mart – Beynəlxalq Qadınlar Günü baharın ilk müjdəçisidirsə, Novruz bayramı artıq baharın, yazın təntənəsidir.
Novruz bayramı özü ilə yurdumuza ruzi-bərəkət gətirir, dostluq və mərhəmət duyğularını gücləndirir. Qloballaşan dünyada milli özünəməxsusluğumuzu qoruyub saxlamağa xidmət edən mühüm el bayramı bəlkə də özündə topladığı ümumbəşəri dəyərlərinə görə dünyanın mədəni irs nümunələri siyahısına salınıb.
Bütün Azərbaycan xanımlarını, anaları və bacıları 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara cansağlığı, səadət, çalışdıqları fəaliyyət sahəsində hər birinə uğurlar arzulayıram!
Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, cansağlığı, bahar əhvali-ruhiyyəsi, bol ruzi-bərəkət, bayram ovqatı və işlərində müvəffəqiyyətlər arzulayıram.
Tarix: 11-04-2017, 13:10