Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qadın zəriflik və gözəllik rəmzidir

 

Nizami Cəfərov,
AMEA-nın müxbir üzvü, professor, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri

Mart yazın, baharın ilk ayıdır. Bu ay həm də bayramlar ayı kimi qarşılanır. Belə ki zəriflik və gözəllik rəmzi olan qadınlar da öz sevimli bayramlarını – Beynəlxalq Qadınlar Gününü martın 8-də qeyd edirlər. Onların bu bayramı təntənə ilə qeyd etməyə haqları var. Çünki ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, «Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz». Əbədiyaşar liderimiz onu da demişdir ki, «Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus, çox yüksək yer tuturlar. Doğrudan da, qadınlar insan ömrünün bəzəyi, yaraşığıdır. Qadın müəllimdir, həkimdir, mühəndisdir, ağbirçək el anasıdır, diplomatdır, deputatdır, yüksək vəzifə sahibidir. Qadın cəmiyyətə, ölkəyə tarixə adları qızıl hərflərlə yazılmış dahilər, qəhrəmanlar bəxş etmiş analardır. Qadın həm də dünyanın sülh və əmin-amanlıq carçısıdır.
Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva bütün bunların bariz nümunəsidir. O, Azərbaycanın Birinci vitse-prezidenti, İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycanı dünya ölkələrində ləyaqətlə təmsil edir. Qədim milli bayramımız olan Novruz bayramının beynəlxalq səviyyədə qeyd olunmasında, YUNESKO-nun mədəni dəyər sisteminə daxil edilməsində və digər bir sıra məsələlərdə Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın yüksək əməyi vardır.
Novruz bayramının beynəlxalq miqyasda dünya dəyəri kimi qəbul olunmasında bütövlükdə Azərbaycanın xüsusi rolu oldu. Novruz həm qədim türk düşüncə tərzini, həm də mədəniyyətini və dəyərlərini birləşdirən mədəni dəyərlər sistemidir. Novruz təbiətlə bağlı olan, təbiətin ruhu ilə nəfəs alan, yəni insanı təbiətdən ayırmayan, insan - təbiət münasibətlərinə harmoniya gətirən bir dəyərdir, eyni zamanda bir fəlsəfədir.
Dövlətimiz hər il Novruz bayramını yüksək səviyyədə qeyd edir, Novruzla atributların cəmiyyətə tanıdılmasında çox iş görülür. Novruz bayramı insan həyatının ən müxtəlif cəhətlərini əhatə edir, dostluq, yaxınlıq, həmrəyliyi ifadə edir. Bu bayram insanların bir-birinə xoş münasibətlərini, dünyasını dəyişənləri anmağı tələb edir. Həm də bu bayram insanlara yaşamaq üçün ruh verir. İnsan sanki gəncləşir, Novruzda insan həyatına rəngarənglik gəlir. Ona görə də xalqımız Nov­ruz bayramını əsrlər boyu yaşadaraq bu günə gətirib və hər il böyük coşqu ilə qeyd edir.
Qadınlarımızı 8 mart - Beynəlxalq Qadınlar Günü, xalqımızı isə Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinə bahar ətirli xoş ovqat, hər bir ailəyə firavanlıq, yeni ruh arzulayıram!
Bayramlarınız mübarək, əziz, müdrik xalqım!

   


Tarix: 11-04-2017, 13:04

Xəbəri paylaş