Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

80 YAŞIN İŞIĞINDA

  

208 NÖMRƏLİ TAM ORTA MƏKTƏB 

Məktəb dedikdə, gözümüz önündə böyük elm ocağı canlanır. O elm ocağı ki, hər birimizə doğma və əzizdir. Uşaqlıq illərində məktəbdə oxuduğumuz günlərin hər birini kövrək xatirələrlə xatırlayırıq. Bu xatirələrin ilk pilləsində isə bizə bilik və savad verən müəllimlərimiz dayanır. Müəllim ömrünü damcı-damcı yanan şama bənzədənlər də heç yanılmayıblar. Minlərlə gəncin həyat yolunda mayak olan müəllimlər, sözün əsl mənasında, fədakardır! Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 208 nömrəli tam orta məktəb 18 sentyabr 1938-ci ildən şagirdlərin istifadəsinə verilib. Hələ Böyük Vətən müharibəsinin odlu-alovlu dövründə məktəbdə hərbi komissarlıq yerləşib. Məktəb həmişə nümunəvi olub, tanınmış məzunları ilə seçilib. Bülbülə sakinləri ilə bərabər bu təhsil ocağına vaxtilə ətraf qəsəbələrdən şagirdlər təhsil almağa gəliblər. 1995-ci ildə məktəbə Qarabag müharibəsində şəhid olan baş leytenant Nəriman Qəzənfər oğlu Həmidovun adı verilib. Hazırda N.Həmidov adına 208 nömrəli tam orta məktəb təmirlə əlaqədar olaraq 140 nömrəli tam orta məktəbin əlavə korpusunda fəaliyyət göstərir.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günündə 208 nömrəli tam orta məktəb qapılarını məzunların və qonaqların üzünə açmışdı. Həmin gün məktəb 80 illik yubileyi ilə yanaşı Müəllim gününün sevincini də yaşadı. Bu sevincə daha rəngarənglik bəxş edən isə məktəbin məzunu Qubat Bağırov oldu. O, məktəbə qələmə aldığı “80 yaşlı məktəbimiz” adlı kitabını təqdim edərək, müəllimləri və şagirdləri sevindirdi.
Qeyd edim ki, nəfis tərtibatla nəşr olunan 570 səhifəlik “80 yaşlı məktəbimiz” kitabında məktəbin məzunları haqqında dolğun məlumatlar vardır. Məzunlardan Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyevin, Azərbaycanın Milli Qəhrəmanı Şahin Tagıyevin, “Şöhrət” və “Şərəf” ordenli, Milli Məclisin deputatı Ağacan Abıyevin, Xalq şairi Tofiq Bayramın, tədqiqatçı-şair Teyyub Qurbanın, ədəbiyyatşünas alim, professor Şamil Salmanovun, Suraxanı Maşınqayırma zavodunun direktoru, “Şöhrət” ordenli Arif Babayevin, professor Sabir Quliyevin, şair Əli Əsgərovun, Əməkdar jurnalist Sona Bağırovanın, BDU-nun tarix fakültəsinin dekanı, professor Qüdrət İsmayılzadənin, professor Əsgər Əli Abıyevin, rəssam-şair Əbdülağa Kazımlının, fizika-riyaziyyat üzrə elmlər namizədi Şərif Babayevin, şair Ramiz Rövşənin, AMEA –nın Azərbaycan Milli Ensiklopediya Elmi Mərkəzinin böyük elmi redaktoru Etibar Kərimovun, “Şöhrət” ordenli təyyarəçi Əzimbala Əzimovun, boks üzrə SSRİ fəxri idman ustası Balahəsən Eynullayevin, qaboy ifaçısı Mehdi Axundovun, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əfqan Kazımovun, meyxanaçı Pərviz Bülbüləlinin, eləcə də bir çox müəllimlərin, həkimlərin, mühəndislərin, idmançıların və digər ziyalıların ömür yolu kitabda geniş əhatə olunub. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məlahət Əsədova qonaqları salamlayaraq qocaman təhsil ocağı haqqında danışdı. O, həm də 80 illik yaşı qeyd olunan məktəbin qazandığı uğurlarından da söhbət açdı. Məktəbin məzunu Qubat Bağırov tədbirin təşkilinə görə məktəb rəhbərliyinə, pedaqoji kollektivə minnətdarlıq etdi. O, müəllifi olduğu “80 yaşlı məktəbimiz” kitabının 208 nömrəli tam orta məktəbin 80 illik yubileyinə böyük töhfə olduğunu da söylədi.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lamiyə Namazova çıxış etdi. O, müəllim adının şərəfli olduğunu qeyd edərək, yubiley münasibətilə məzunları, müəllimləri təbrik etdi.
Məktəbin şəhid məzunu Nəriman Həmidovun bacısı Səkinə Həmidova möhtəşəm bayram münasibətilə hamını təbrik etdi. O, eyni zamanda məktəbin yubiley tarixinin qardaşı Nərimanın da 70 illik yubileyi ilə eyni vaxta təsadüf etdiyini söylədi.
Məzunlardan coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov, mədəniyyət işçisi Cavad Səlimov, şairə Sumaya Məhəmmədəli qızı, Bülbülə qəsəbəsi üzrə Ağsaqqallar Şurasının sədri Tofiq Babayev, şairə Sona Məmmədova, qocaman təhsil işçisi Səmayə Babayeva, istedadlı jurnalist Günay Rəhimova çıxış edərək təhsil ocağı haqqında müdrik fikirlər, xatirələr söylədilər.
Tədbirin sonunda məktəbin musiqi müəllimi, “Tərəqqi” medallı Xatirə Cananovanın rəhbərliyi altında ədəbi-musiqili kompozisiya təqdim olundu. Sonra 80 yaşı qeyd olunan təhsil ocağının yubiley tədbiri məktəblilərin ifasında xoş ovqatlı musiqi çələngi, yubiley tortunun kəsilməsi ilə başa çatdı.
Sonda arzu edərdik ki, Azərbaycan elminin, iqtisadiyyatının, səhiyyəsinin, təhsilinin, mədəniyyətinin, idmanın inkişafında böyük xidmətləri olan Nəriman Həmidov adına 208 nömrəli tam orta məktəbin növbəti 90, 100 illik yubiley sevinci yeni təmir olunacaq binasında böyük təntənə ilə qeyd olunsun!
Təranə CƏBİYEVA


Tarix: 9-10-2018, 12:30

Xəbəri paylaş