Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Məktəbdə "Bilik günü" qeyd olunub

 
Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi, Ağcabədi rayonundakı M.F.Axundov adına şəhər 3 nömrəli məktəb-liseydə də 15 sentyabr "Bilik günü" böyük təntənə ilə qeyd edilib. Pedaqoji kollektiv bu tədbirə çox yaxşı hazırlaşmışdı, bütün şagirdlər, bir qayda olaraq təhsil ocağına vahid məktəbli formasında gəlmişdi. Təhsil Nazirliyinin “Bilik günü” ilə əlaqədar müvafiq əmrinə uyğun olaraq tədbirə ictimaiyyət nümayəndələrinin, məzunların, müharibə iştirakçılarının, əmək veteranlarının, tanınmış təhsil, incəsənət xadimlərinin cəlb edilməsi təmin edilmişdi.
Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəb -liseyin direktoru Mətanət Quliyeva böyük sevinc və iftixarla qeyd etdi ki, rəhbərlik etdiyi təhsil ocağının şagirdləri respublikamızın nüfuzlu ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuşlar. Direktor bu yüksək nailiyyətlərin qazanılmasını, əsasən, üç amillə əlaqələndirdi: müəllim, şagird və valideyn birliyi. O, bu birliyin əhəmiyyətindən, daha önəmli yer tutmasından, habelə təhsilin tərəqqisində mühüm rol oynamasından danışaraq elmin cəmiyyətin inkişafında hərəkətverici qüvvə olduğunu xüsusi vurğuladı. M.Quliyeva daha sonra pedaqoji kollektivin, o cümlədən valideynlərin qarşısına qoyulan ümdə məsələləri də geniş şəkildə açıq­ladı.
Rayon təhsil şöbəsinin yeni müdiri təyin edilmiş İsmayıl Həsənov “Bilik günü” münasibətilə pedaqoji kollektivi, şagirdləri, valideynləri təbrik etdi.Təhsil Şöbəsinin rəhbəri valideynlərin uşaqlarına qarşı son dərəcədə tələbkar olmasını olduqca zəruri hesab etdi. Onların xoşbəxt gələcəyinin yaxşı təhsil almaları ilə bağlı olduğunu nəzərə çatdırdı. Bunun üçün şagirdlərin məktəbə müntəzəm gəlməsini, valideynlərin uşaq­ların dərsində iştirak etməsinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini, müəllim, şagird, valideyn əlaqələrinin bir daha möhkəmlənməsinə səbəb olduğunu qeyd etdi. O, daha sonra gənc müəllimlərə məktəb-liseyin təcrübəli, əməkdar müəllimlərinin iş təcrübəsindən bəhrələnmələrini tövsiyə etdi.
İ. Həsənov ümidvar olduğunu bildirdi ki, yeni tədris ilində məktəb-liseyin pedaqoji kollektivi möhtərəm Prezidentimizin, respublika Təhsil Nazirliyinin və rayon icra hakimiyyəti rəhbərliyinin qarşıya qoyduğu nəcib, şərəfli vəzifələri daha yüksək səviyyədə yerinə yetirməyə səy göstərəcək və yüksək nailiyyətlər qazanacaqlar.
Tədbirdə məktəb-liseyin təcrübəli, əməkdar müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini Camal Abbasov da çıxış edərək qocaman təhsil ocağının keçdiyi şərəfli həyat yolundan, onun adlı sanlı məzunlarından, qarşıya qoyulan vəzifələrdən geniş danışdı. Bu unudulmaz tədbirdə məktəb-valideyn assosiasiyasının üzvü Şəlalə Həmzəyeva, həmçinin bu sətirlərin müəllifi də çıxış edərək yeni dərs ilində pedaqoji kollektivə, şagirdlərə daha böyük müvəffəqiyyətlər qazanmağı arzuladılar. Tədbirdə fidan balaların çıxışları da hamının sevincinə sevinc qatdı. Onların Vətən, elm, bilik və s. mövzularda yüksək intonasiya ilə şeir söyləmələri iştirakçıların qəlbində silinməz izlər buraxdı.
Bəli, həqiqətən də şəhər 3 nömrəli məktəb-lisey nəinki rayonumuzda, hətta respublikamızda öndə gedən təhsil müəssisələrindəndir. O həmi­şə öz nailiyyətləri ilə fərqlənmiş, bu gün də fərqlənməkdədir. İnanırıq ki, onun gələcək nailiyyətləri bugünkü, dünənki nailiyyətlərindən daha çox olacaq. Buna inam, ümid məktəb rəhbərliyinin son dərəcədə işə daha ciddi yanaşması, tələbkarlığı, məsuliyyəti dərindən dərk etməsi, hər zaman fəal olmağa, öndə getməyə böyük səy göstərməsidir.

Ədalət HÜSEYNOV,
Ağcabədi Rayon Təhsil Şöbəsinin metodisti,
qabaqcıl maarif xadimi, metodist-müəllim
   


Tarix: 2-10-2018, 13:24

Xəbəri paylaş