Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Açıq qapı günü” keçirilib

 

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Açıq qapı günü” - yenicə tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib. Görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev ilə yanaşı, Bakı Gəmiqayırma Zavodunun, “Caspian Marine Services”-nin rəhbərliyi, Gəmiçiliyin əməkdaşları, Akademiyanın müəllim heyəti də iştirak ediblər. Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev builki tələbə qəbulunun yekunları, akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verib. Bildirib ki, ADDA-ya yüksək balla qəbul olanların sayında bu il də xeyli artım var. Belə ki, tələbə adını qazananların iyirmi doqquzu 500-600, üçü isə 600-700 arası bal toplayıb.
Bu il Akademiyada 1 Türkmənistan və 5 Türkiyə vətəndaşı da təhsil alacaq. Çingiz Əliyev qeyd edib ki, tələbələr dərs vəsaitləri, yataqxana, geyim forması və gündə iki dəfə isti yeməklə pulsuz təmin olunurlar. Təkcə bu il Gəmiçilik rəhbərliyinin tövsiyəsi ilə xaricdən 10 laboratoriya dəsti alınaraq quraşdırılıb. Ən müasir trenajorlar, laboratoriyalar imkan verir ki, peşəkar kadrlar hazırlayaq. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev çıxışında Gəmiçiliyin tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə dənizçiliyin inkişafı uzun və şərəfli yol keçib, qazanılan uğurlar hesabına hazırda AXDG dünyanın qabaqcıl şirkətləri ilə rəqabət aparmaq imkanındadır. Rauf Vəliyev Azərbaycan Dövlət Dəniz Akademiyasında yaradılan şəraitdən də danışıb. Bildirib ki, burada mütəxəssislərin hazırlanması, kadr potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirilir. Bu il ilk dəfə olaraq Dəniz Akademiyasında “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə ingilis dilində tədris aparılacaq. Ötən ildən “AXDG” QSC-nin hesabına təhsildə fərqlənən tələbələrə əlavə təqaüd verilir. Artıq bu imkandan ADDA-nın 50-dən çox tələbəsi yararlanıb”. “Şirkətimizin qarşısında mühüm strateji hədəflər dayanır. Bu hədəflərdən biri də güclü kadr potensialının formalaşdırılmasıdır. Məhz, bu səbəbdən Dəniz Akademiyasının tələbələrindən gözləntilərimiz çoxdur. Burada hər cür şərait yaradılıb. Təhsil müəssisəsini yaxşı qiymətlərlə bitirənlərin işlə təmin olunmaları üçün onlara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zəmanət Məktubu” verilir”. Məlumat üçün qeyd edək ki, 2016-cı ildə Dəniz Akademiyasının 120 məzunu, 2017-ci ildə isə 180 məzunu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən işlə təmin olunmuşdur. Sonda gənclərin və valideynlərin sualları səsləndirilib, arzu və istəkləri dinlənilib. Tədbirdə 2018-ci ildə Akademiyanı 9 tələbənin fərqlənmə diplomu ilə bitirdiyi qeyd olunub. Onlardan üç nəfərinə ADDA-nın fərqlənmə diplomu və döş nişanları təqdim edilib. Digər 6 nəfər isə hazırda ordu sıralarında Vətən qarşısında bor­cunu yerinə yetirir. Daha sonra ADDA-ya yüksək balla daxil olan üç nəfərə tələbə bileti və hədiyyələr təqdim olunub.

ADDA-da andiçmə mərasimi keçirildi

Sentyabrın 17-də Azərbaycan Dövlət Dəniz Akademiyasında yeni tədris ilinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasim Hərbi Dəniz Qüvvələri orkestrinin ifasında Dövlət himninin səslənməsi ilə başlayıb. Mərasimdə “AXDG” QSC-nin və Akademiyanın rəhbər işçiləri, valideynlər iştirak edirdilər.
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çin­giz Əliyev tələbələrə müraciətində bu ali təhsil ocağında yaradılmış şəraitdən, yeniliklərdən, aparılan islahatlardan danışdı, gənclərə dərslərində müvəffəqiyyət arzulayıb, bütün tələbələri, xüsusilə da birinci kursa qəbul olanları təbrik edib.
Mərasimdə qeyd olunub ki, ölkəmizdə dənizçilik təhsilinin tarixi 1881-ci ildən Bakı dənizçilik siniflərinin yaradılması ilə əlamətdardır. Sonradan Bakı Dəniz Yolları Məktəbi adı altında fəaliyyət göstərsə də, burada orta ixtisas təhsili verilib. Yalnız 1996-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası təsis edilib. O vaxtdan yüzlərlə məzun Akademiyanı bitirərək respublikamızın dəniz nəqliyyatının müxtəlif sahələrində, donanmalarımızda çalışır. 2013-cü ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının birləşdirilməsi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradıldıqdan sonra Dəniz Akademiyasının da tarixində yeni dövr başlayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəniz nəqliyyatına daimi qayğısının əməli nəticəsi olaraq Gəmiçilik rəhbərliyi Akademiyanın problemlərini, tədrisin təşkilini diqqət mərkəzində saxlayır, yeniləşmə və müasirləşmə siyasətini həyata keçirir.
Valideynlər adından çıxış edən Naimə Şükürova övladı Ayşənin 500-dən çox bal top­layaraq ADDA-ya daxil olmasından iftixar hissi duyduğunu bildirdi, gənclərə yaxşı oxumağı və Vətənimizə layiq mütəxəssis olmağı tövsiyə edib.
Sevindirici haldır ki, Akademiyaya bu il qəbul olan gənclər üçün ilk dəfə andiçmə mərasimi təşkil edildi. “Dəniz naviqasiyası mühəndisliyi” ixtisasını seçmiş ilk xanım tələbəmiz Fatimə Abbasova sıra qarşısına çıxaraq Tələbə andını səsləndirib və onun yoldaşları hamılıqla Dəniz Akademiyasının tələbəsi adını yüksək tutacaqlarına, elm və biliklərə dərindən yiyələnmək üçün var qüvvələri ilə səy gös­tərəcəklərinə, Akademiyanın və dənizçi peşəsinin ənənələrini qoruyacaqlarına, dənizçi formasına hörmətlə yanaşacaqlarına və onu şərəflə daşıyacaqlarına, dövlətçiliyimizə və xalqımıza sədaqətli, Azərbaycana layiqli vətəndaş olacaqlarına and içiblər.
  Mərasimin yekununda marş sədaları və Azərbaycan Respublikasının Dövlət Bayrağı, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və ADDA-nın bayraqları altında tələbələr tribuna qarşısından keçərək birbaşa Akademiyanın auditoriyalarına yollanıblar.


Tarix: 2-10-2018, 13:00

Xəbəri paylaş