Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADPU yeni tədris ilinə yüksək nəticələrlə başladı

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2018-2019-cu tədris ili üçün tələbə qəbulunda yüksək nəticələr əldə edib. Bunu rəqəmlər də birmənalı şəkildə təsdiqləyir. Belə ki, son 5 tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha çox bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Yüksək bal toplayan tələbələr müəllim olmağa üstünlük verirlər. 5 il öncə 500 və daha çox bal toplayan 922 nəfər abituriyent müəllimliyi seçmişdisə, ötən il onların sayı 1361-ə yüksəlib. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha çox bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir.
ADPU-ya ali təhsilin bakalavriatura səviyyəsində 8 fakültə, 22 ixtisas üzrə Azərbaycan bölməsinə 2035, rus bölməsinə isə 190 yer olmaq­la 2225 plan yeri ayrılıb. Bu, ötən tədris ilinin qəbul planından 25 nəfər çoxdur. 2018-2019-cu tədris ilində bakalavriat səviyyəsində Azərbaycan bölməsinə 2013 nəfər, rus bölməsinə 153 nəfər tələbə olmaqla 2166 nəfər tələbə qəbul olunub. Bu da qəbul planının 97,3 faizini təşkil edir. ADPU-ya qəbul olunan 2166 nəfər tələbənin 936 nəfərini dövlət sifarişi əsasında, 1230 nəfərini isə ödənişli əsaslarla qəbul olunanlar təşkul edir.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) 9 illik təhsil əsasında 7 ixtisas üzrə 699 nəfər tələbə, 11 illik təhsil əsasında 6 ixtisas üzrə 452 nəfər tələbə qəbul olunub. Ümumilikdə ADPK-yə 1151 nəfər tələbə qəbul olunub.
Son illər yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ölkəmizdə müəllim hazırlığının əsas mərkəzi hesab edilən ADPU-nu seçənlərin sayı artıb. Belə ki, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunmuş tələbələrdən cəmi 20 nəfəri 500-dən çox bal topladığı halda, 2017-2018-ci tədris ilində 273 nəfər, bu il isə 527 nəfər ADPU-da təhsil almaq arzusunu gerçəkləşdirib. Bu da 5 ildə təxminən 27 dəfə, 1 il ərzində isə 2 dəfə artım deməkdir. Builki tədris ilində 11 nəfər 600-dən çox bal top­layaraq ADPU-ya qəbul olunub.
2018-2019-cu tədris ilində ADPU-ya ali təhsilin magis­tratura səviyyəsində 17 ixtisas, 18 ixtisaslaşma üzrə 286 nəfər qəbul olunub. Onlardan 106 nəfəri dövlət sifarişi əsasında, 180 nəfəri isə ödənişli əsaslarla qəbul olunub. Magistraturaya qəbul planı 86,6% olub.
Məlumat üçün onu da qeyd edək ki, bu il ADPU-nun SABAH qruplarına 2 ixti­sas - “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 25 nəfər tələbə, “Riyaziyyat və informatika müəllimliyi” ixti­sası üzrə isə 20 nəfər tələbə qəbul olunub.
ADPU-nun Şəki Filialına 8 ixtisas üzrə 189 nəfər, Quba Filialına 6 ixtisas üzrə 181 nəfər, Ağcabədi Filialına 5 ixtisas üzrə 133 nəfər, Şamaxı Filialına 5 ixtisas üzrə 118 nəfər, Cəlilabad Filialına 4 ixtisas üzrə 121 nəfər qəbul olunub. Filiallara 742 nəfər tələbə qəbul olunub. Bütövlükdə ADPU-ya filiallar, SABAH qrupları və kolleclə birlikdə 4104 nəfər tələbə qəbul olunub.
ADPU-nun 5 filialı üzrə 35 nəfər 500-dən çox, 4 nəfər isə 600-dən çox bal top­layıb. Bütövlükdə bu il ADPU-ya filiallarla birlikdə 500-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı 566 nəfərə çatıb. Cari tədris ilində ADPU-ya filiallarla birlikdə 600-dən çox bal top­layaraq qəbul olunan tələbələrin sayı 15 nəfər olub. Müqayisə üçün qeyd edək ki, ötən il filiallarla birlikdə 3 nəfər 600-dən çox bal top­layaraq ADPU-ya qəbul olunub.
Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat səviy­yəsində, həm də magistratura səviyyəsində yüksək göstəricilərdir. Bu yüksək göstəricilər isə son illər ölkədə və universitetdə həyata keçirilən genişmiqyaslı islahatlar, məqsədyönlü tədbirlər nəticəsində pedaqoji təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


Tarix: 2-10-2018, 12:54

Xəbəri paylaş