Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

SDU-da kimya sənaye müəssisələrinin rəhbərləri tələbələrlə görüşüblər

 
 

Martın 2-də Sumqayıt Dövlət Universitetində (SDU) “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, “SOCAR Polimer” MMC-nin maliyyə direktoru Fuad Əhmədov, “Azərikimya” İB “Etilen - polietilen” zavodunun direktoru Oqtay Niftəliyev, SOCAR-ın “Karbamid” zavodunun direktoru Xəyal Cəfərov tələbələrlə görüşüblər.
Görüşdə universitetin rektoru, professor Elxan Hüseynov çıxış edərək təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, qarşılıqlı əməkdaşlığın qurulması olduqca əhəmiyyətlidir. Rektor hazırda ali təhsil ocağının bir çox müəssisələrlə səmərəli tədris əlaqələrinə malik olduğunu diqqətə çatdıraraq bu təşəbbüsün birgə ixtisaslı kadrların hazırlanması işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, ali təhsil müəssisəsində “Sumqayıt Texnologiyalar Parkı” və “Azərikimya” İB-nin müəssisələri ilə iş birliyi yaradılıb, AMEA-nın Polimer Materialları İnstitutu ilə universitet arasında təhsil-elm-istehsalat çərçivəsində elmi əməkdaşlıq üzrə istiqamətlər müzakirə edilərək hədəflər müəyyənləşdirilib, bu günlərdə “Azərişıq” ASC-nin Tədris Mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Tələbələrin tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə onlar ölkəmizin bir sıra idarə və istehsalat müəssisələrinə, həmçinin “Azərikimya” İB-nin təşəbbüsü ilə Türkiyənin “Petkim” Petrokimya Holdinqə istehsalat təcrübəsinə göndərilir. Bu əlaqələr tələbələrə təcrübə qazanmaq imkanı verməklə yanaşı, gələcəkdə həmin müəssisədə çalışmaq arzusunda olanlara verilən növbəti dəstəkdir. Belə təcrübələrin təşkili tələbələrin əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə və onların peşəkar kadr kimi yetişməsinə kömək edəcəyini təmin edir.
Tədbirdə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, “SOCAR Polimer” MMC-nin maliyyə direktoru Fuad Əhmədov, “Azərikimya” İB “Etilen - polietilen” zavodunun direktoru Oqtay Niftəliyev, SOCAR-ın “Karbamid” zavodunun direktoru Xəyal Cəfərov rəhbərlik etdikləri müəssisələrdə görülən işlər, yeniliklər haqqında ətraflı məlumat verərək tələbələrin karyera imkanlarının genişləndirilməsində bilik, bacarığın hər zaman öndə dayandığını diqqətə çatdırıblar. Qonaqlar sonra tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Görüşdə daha sonra müəssisələr arasında imzalanacaq əməkdaşlıq memorandumunun müddəaları, müştərək layihələr və elmi əməkdaşlıq müzakirə edilib. Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov və “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev əməkdaşlıq haqqında memorandum imzalayıblar. Müqavilədə tərəflərin təhsil, elm və texnikayönümlü qarşılıqlı maraqların və ehtiyaclarının təmin olunmasına yönəldilmiş sahələrdə əməkdaşlıq, birgə maarifləndirici proqramların reallaşdırılması, tədris mübadiləsinin aparılması, ixtisasartırma və yenidənhazırlanma kurslarının təşkili, yeni texnologiyaların öyrənilməsi və inkişafında təcrübə mübadiləsi, universitet tələbələri üçün müəssisənin aparıcı mütəxəssislərinin seçmə mühazirələrinin təşkili və digər məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.

Mətbuat xidməti


Tarix: 11-04-2017, 12:25

Xəbəri paylaş