Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Lənkəran Dövlət Humanitar Kollecində yubiley tədbiri

 


Lənkəran Dövlət Humanitar Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə kollecin foyesində cümhuriy­yətin 100 illik yubileyinə həsr edilmiş tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Dövlət himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan kollecin direktoru, dosent Ruslan Həmidov bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini xatırladıb. AXC-nin 100-cü ildönümü ilə əlaqədar respublikamızda və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsindən danışan R.Həmidov qeyd edib ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edilib. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin və tarixi vəzifəni çox şərəflə yerinə yetirib. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar kollec üzrə tədbirlər planı hazırlanaraq təsdiq edilib. Plana əsasən Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və fənn birləşmə komissiyalarının bülletenlərində Cümhuriyyətin 100 illik yubileyinə həsr edilmiş xüsusi nömrələr buraxılıb, tələbə və müəllimlərin müxtəlif muzeylərə ekskursiyalarının təşkili, "açıq dərs" və seminarların keçirilməsi nəzərdə tutulub. Kollecin “İqtisadiyyat və idarəetmə” fənn birləşmə komissiyasının sədri Qətilə Şükürova, “Tarix və ictimai elmlər” fənn birləşmə komissiyasının sədri Günel Abdullayeva, “Azərbaycan dili və ədəbiyyat” fənn birləşmə komissiyasının sədri Nuranə Əskərova, “Musiqi və təsviri incəsənət” şöbəsinin müəllimi Günay İsgəndərova çıxış edərək müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərdən danışıblar. Çıxışlarda qeyd olunub ki, cəmi iki ilə yaxın fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratmışdır. Kollecin IB texnologiya müəllimliyi ixtisasının tələbəsi Tamilla Axundovanın Cümhuriyyətlə bağlı şeri dinlənilib.
Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə fərqlənən tələbə və əməkdaşlara fəxri fərmanlar təqdim olunub. Tədbir AXC-nin 100 illiyinə həsr olunmuş video slaydın nümayişi ilə başa çatıb.

Cəmil QULİYEV,
kollecin müəllimi, tarix üzrə fəlsəfə doktoru


Tarix: 31-05-2018, 11:43

Xəbəri paylaş