Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AXC və TƏHSİL

 


İmran Verdiyev,
Oğuz rayonundakı Yaqublu kənd T.Babayev adına tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim


1918-ci ilin 28 Mayında əsarət üfunətində boğulan xalqımızın qaranlıq göylərində istiqlal ulduzu parladı. 28 May könüllərdə yanan bir məşələ dönüb gətirdiyi hüriyyət şəfəqlərini adamların ömrünə, gününə səpdi. Xalqın başı üzərində üç rəngli, aylı, ulduzlu istiqlal atəşi yandı. Azərbaycan xalqı üçrəngli bu bayrağı sevdi, şəninə şeirlər və nəğmələr qoşdu, onu bağrına basıb işığına top­laşdı. Əsarət zənciri qırılmışdı! Xalq azad, Vətən azad olmuşdu.
Bu bayraqdan adamların üzünə təbəssüm qonur, qəlblərinə sevinc axırdı. Çöllər, çəmənlər, güllər, çiçəklər bu bayrağın nuru ilə boy atır, böyüyürdülər. İnsanlar azad Azərbaycanda xoşbəxt ömür-gün sürürdülər. Onlar kiminsə əsiri deyildilər, özgə bir ölkənun yumruğu altında inləmirdilər. Rusun, ingilisin, erməninin ağalığına son qoyulmuşdu.
Xalq öz müqəddəratının, malının, dövlətinin, yeraltı və yerüstü sərvətlərinin sahibi olmuşdu. Ölkə demokratik prinsiplər əsasında idarə olunur, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşılır, onların siyasi və vətəndaşlıq hüquqları təmin edilirdi. Cümhuriyyətdə yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradılmışdı.
Dünya ölkələri ilə dostluq münasibətləri yaranırdı. Azərbaycan Xalq Cümhuriyyətini dünyanın 23 böyük dövləti rəsmən tanımışdı. Ölkəmizin sərhədlərinin bütövlüyünü və dövlətçiliyi qorumaq üçün milli ordu quruculuğuna başlanmışdı.
Azərbaycan dili dövlət dili elan olunmuşdu. Mədəniyyət, incəsənət və təhsil inkişaf edirdi. Azad qəzet və jurnallar Azərbaycan istiqlalından bəhs edir, onun qəhrəmanlıqla dolu tarixini və keçmişini təbliğ edirdi. Xalq Azərbaycanın istiqlaliyyət ətirli dadlı günlərini yaşamaqda idı.
Siyasi, iqtisadi, mədəni, hərbi, səhiyyə və təhsil quruculuğu sahələrində mühüm addımlar atılırdı.
AXC yarandığı gündən xalqın maariflənməsinə önəm verirdi. Cümhuriyyətin qurucuları yaxşı bilirdilər ki, təhsil xalqın və dövlətin taleyində ciddi əhəmiyyət daşıyır. Hələ vaxtı ilə M.Ə.Rəsulzadə elmsizliyi “böyük və dəvası tapılmayan dərd” hesab edir, “millətin millət olması üçün onun elmi, təhsili və mədəniyyəti olmalıdır”, - deyirdi. Maarif naziri N.Yusifbəyli isə 1918-ci ilin dekabrında Azərbaycan qubernatorlarına məktubunda yazmışdı: “...indiki zamanda ancaq yüksək maarifə malik olan xalq tərəqqi edə bilər...”. Haqlı olaraq IV hökumət kabinəsinin proqramında yazılmışdı ki, “Əgər milli maarifsiz, milli məktəblərimiz tərəqqi etməzsə, bizim üçün fəlah və nicat ümidi qalmaz”.
Təsadüfi deyil ki, hələ Tiflisdə ikən AXC-nin müvəqqəti hökumətinin yaratdığı ilk nazirliklərdən biri də XMN-yi olmuşdur. Bu nazirlik təhsil və mədəni maarif müəssisələrinə rəhbərlik etməli idi. I - III hökumət kabinələrində nazirliyə N.Yusifbəyli, IV kabinədə R. Qaplanov, V kabinədə isə əvvəl H.Şahtaxtinski, sonra isə N.Şahsubutov rəhbərlik etmişdilər. Bu adamlar Azərbaycanın dünyəvi təhsil sistemini yoxdan quran əsil təhsil fədailəri olmuşlar.
Əsasnaməsi və strukturu təsdiq edildikdən sonra nazirlik hələ Gəncədə ikən konkret fəaliyyətə başladı. İşə xalq maarifinin vəziyyətinin dərindən araşdırılması və öyrənilməsi, bu sahədə həyata keçiriləcək ən vacib vəzifələrin müəyyənləşdirilməsi və hökumətə təkliflərin hazırlanması ilə başlandı. Xalq məktəbləri və tədris dairələrinin direktoru vəzifələri ləğv olundu, məktəb və təhsilin idarə olunması XMN-nin və xalq məktəblərinin təlimatçılarının sərəncamına verildi. Əlavə olaraq 10 böl­gədə xalq məktəbləri müfəttişliyi yaradıldı. Bu vaxt ölkədə cəmi 666 məktəb mövcud idi.
Bəri başdan qeyd edək ki, AXC-nin təhsil siyasəti və təhsil quruculuğu ilk gündən demokratik xarakter daşıyır, bəşəri və humanist məzmunu ilə diqqəti cəlb edirdi. Milli mənafelərə hörmət prinsipi yüksək tutulur, məmləkətdəki bütün millətlərin mənafeyi nəzərə alınırdı. Bütün vətəndaşlara bərabər təhsil hüququ verilmişdi.
Hökumətin təhsil quruculuğu sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Dövlət dili haqqında qərarın qəbulu isə uşaqların öz doğma dillərində təhsil almasını qanuniləşdirdi. Beləliklə, təlimin ana dilində aparılmasına dair milli maarifçilərimizin uzun illər arzusunda olduqları ideya gerçəkləşdi. Onlar milli dili maariflənməyin ən güclü silahı hesab edirdilər. Məsələn, H.Zər­dabi deyirdi ki, elmi və maarifi ana dilində mənimsəyib əxz etmək olar. Qeyd etmək lazımdır ki, AXC-yə qədər ölkədə ana dilli məktəb, demək olar ki, yox idi. Azərbaycan dili orta təhsil ocağı sayılan realnı məktəblərdə həftədə 1-2 saat keçirilən və məcburi olmayan fənn hesab edilirdi.
Hökumətin 28 avqust 1918-ci il tarixli “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarına əsasən bütün ibtidai təhsil müəssisələrində təhsil şagirdlərin ana dilində aparılır və bu məktəblərdə məcburən həftədə 3-4 saat dövlət dili - Azərbaycan dili tədirs edilirdi. Orta və ali tədris müəssisələrində isə dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyənlər üçün ibtidai təhsil müəssisələrinin 3-4-cü siniflərində Azərbaycan dili şöbələri açılırdı. İki il müddətində həmin siniflərdə uşaqlara Azərbaycan dili elə intensiv öyrədilməli idi ki, uşaqlar orta və ali təhsil müəssisələrində təhsillərini davam etdirə bilsinlər. Sonralar yaranmış çətinlikləri nəzərə alan hökumət yuxarıda adıçəkilən qərarda bəzi dəyişikliklər etdi. Belə ki, bir orta təhsil müəssisəsi olan yaşayış məntəqələrində paralel olaraq yuxarı hazırlıq siniflərində rus bölmələri açıldı. Bir neçə orta təhsil müəssisəsi olan məntəqələrdə isə onların bir qismi milliləşdirildi, qalan hissəsində isə dərslərin rus dilində aparılmasına icazə verildi. Şübhəsiz ki, rus dilində olan məktəblərdə Azərbaycan dili məcburi fənn sayılırdı.
Dəyişikliyə görə azərbaycanlı uşaqlar ancaq milli məktəblərdə oxumalı idilər. Əgər uşaq azərbaycanca bilmirdisə, o zaman XMN-nin xüsusi razılığı ilə o, rus bölməsində oxuya bilərdi.
1919 - 1920-ci dərs ilinin I yarısında hökumətin qərarı ilə Bakı politexnik və kommersiya məktəbləri, 3-4-cü Bakı məktəbləri, 2-3-4-cü Bakı qadın gimnaziyaları istisna olmaqla ölkədə fəaliyyət göstərən bütün orta məktəblərdə dərslər Azərbaycan dilində keçirilirdi.
1918-ci ilin dekabr ayında maarif nazirinin şəxsi dəstəyi ilə Xalq Məktəblər Müfəttişliyi müfəttişlərinin qurultayı keçirildi. Qurultay məktəb həyatının ən geniş məsələlərini müzakirə etdi və görüləsi ən vacib işləri müəyyənləşdirdi.
Hökumət ümumtəhsil müəssisələri şəbəkəsinin inkişafına müstəsna əhəmiyyət verir və bu istiqamətdə ciddi işlər görürdü. Əvvəlcə icbari ibtidai təhsilə, sonra isə ümumi icbari təhsilə keçid nəzərdə tutulurdu. Lakin Bakı şəhərində xeyli məktəb binasının ingilis qoşunlarının sığınacaq yerinə çevrilməsi, bərbad vəziyyətə salınması, 1918-ci ilin martında ermənilər tərəfindən törədilən qırğın zamanı Bakı və qəzalardakı məktəb binalarının xeyli hissəsinin yandırılması və xarabaya çevrilməsi, bir sıra məktəb binalarında qaçqınların yerləşdirilməsi və müəllim çatışmazlığı vəziy­yəti olduqca ağırlaşdırırdı. Məktəb binaları çatışmırdı. Hökumət vəziyyəti yaxşılaşdırmaq üçün bütün imkanlardan istifadə edirdi. Şəhərlərdə məktəblər üçün xüsusi binalar icarəyə götürülür, kəndlərdə isə idarə binaları məktəblərə verilirdi. Dövlət məktəblərin bərpasına xeyli vəsait sərf edirdi. 1919-cu ilin noyabr ayında XMN-yi məktəb binalarının tikintisi, təchizatı və əsaslı təmiri üçün 91.644 manat vəsait ayırmışdı. Təhsil quruculuğu sahəsində həyata keçirilən möhtəşəm işlər sayəsində ölkədə məktəb şəbəkəsi inkişaf edirdi. Faktlar gös­tərir ki, 1919-cu ilin əvvəlində Azərbaycanda hökumətin sərəncamında 23 orta, 637 ibtidai məktəb olmuşdur. Orta məktəblərdə 9611, ibtidai məktəblərdə isə 48070 nəfər şagird təhsil alırdı. 1919-cu ilin sonlarında orta məktəblərin sayı 30-a çatmışdı. Bunların 8-i kişi, 10-u qadın gimnaziyaları, 6-sı realnı məktəb, 2-si kommersiya məktəbi, 3-ü müəllimlər seminariyası, 1-i isə politexnik məktəb idi. 1919-cu ildə həmçinin ölkədə 15 milliləşdirilmiş ali ibtidai məktəb vardı ki, bunlar da Bakı, Göyçay, Quba, Qusar, Salyan, Lənkəran, Göytəpə, Gəncə, Şamaxı, Gorus, Ağdaş, Şuşa, Şəki, Qazax və Zaqatalada yerləşirdi. Qısa müddətdə Bakı politexnik və kommersiya məktəblərindən başqa, bütün orta təhsil müəssisələri milliləşdirilmişdi.
AXC hökuməti məktəb islahatı ilə əlaqədar məsələləri geniş müzakirə etmək və hökumətə təkliflər vermək üçün Azərbaycan müəllimlərinin növbəti (3-cü) qurultayının çağırılması barədə qərar verdi və bunun üçün XMN-nin sərən­camına 35600 manat vəsait ayrıldı. Müəllimlərin III qurultayı 1919-cu ilin avqustunda Bakı şəhərində keçirildi. Qurultayın XMN-nə təklifi əsasında proq­ram və dərslik islahatı üzrə müvafiq proqram hazırlamaq üçün hökumət komissiyası yaradıldı. Həmin komissiyanın təşəbbüsü və rəhbərliyi ilə 1919-cu ilin dekabr ayında Bakı şəhərində müəllim seminariyaları, xalq maarif inspektorları, ali və ibtidai məktəb müdirlərinin 15 günlük müşavirəsi keçirildi. Müşavirədə təhsil quruculuğuna dair xeyli sayda ən aktual məsələlər müzakirə olunaraq hökumətə təkliflər paketi hazırlandı. XMN müşavirədə söylənmiş fikir və təklifləri əmr, sərən­cam, göstəriş formasında reallaşdırdı və metodik vəsait kimi çap etdi.
Azərbaycan XMN ancaq məktəblərin deyil, onların rəhbərlərinin, hətta adlarının da milliləşdirilməsinə önəm verirdi. Çünki təhsil müəssisələrinin qeyri-millətdən olan rəhbərləri müəssisəsinin və təhsilin məzmununun milliləşdirilməsinə maneçilik törədirdilər. Ona görə də təhsil müəssisələrinin rəhbərliyinə milli ruha malik, milli-mənəvi dəyərlərə sahib olan, maarifpərvər və savadlı azərbaycanlı müəllimlər gətirilirdi. Belələrinə S.Yaqubova, R.Əfəndiyev, M.Maqomayev və başqalarını nümunə göstərmək olar. I Milli Qadın Gimnaziyasına müdir təyin olunan S.Yaqubova savadlı müsəlman qadınlarını işə cəlb etməklə qısa müddətdə 57 qeyri-azərbaycanlı müəllimdən 14-nü, M.Maqomayev I Bakı Qarışıq ibtidai ali məktəbin qeyri-azərbaycanlı müəllimlərindən 4-nü, R.Əfəndiyev isə Bakı kişi gimnaziyasında 24 qeyri-azərbaycanlı müəllimdən 17-ni azərbaycanlı ilə əvəzləmişdi. Ümumiyyətlə, təhsil müəssisələrinin azərbaycanlı maarifpərvər müdirləri müxtəlif şəhər, kənd və qəzalardan milli ruhlu, savadlı müəllimləri axtarıb tapır və işə qəbul edirdilər. Onların içərisində X.Ağayeva, H.Cavid, Ə.Əzimzadə, R.Təhmasib, Ə.Te­requlov, P.Qasımov və s. kimi xalq müəllimləri də vardı.
Təhsil quruculuğu sahəsində ən ciddi problem pedaqoji kadrların çatışmaması idi. Elə bu səbəbdən məktəblərin bir qismi öz fəaliyyətini dayandırmışdı. Məsələn, müəllim çatışmazlığı üzündən hətta 1920-ci ilin əvvəllərində Şamaxı və Göyçay qəzalarındakı 112 məktəbdən 47-si işləmirdi. Digər qəzalarda da vəziyyət yaxşı deyildi. Hökumət bu sahədə də ardıcıl iş aparırdı. Belə ki, müəllim kadrlarına olan ehtiyacları qarşılamaq üçün qısamüddətli kurslar təşkil edilirdi. Məsələn, 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada belə kurslar açılmışdı. Bu kurslarda qısa müddətdə 150 nəfər müəllim hazırlanmışdı. Kadr çatışmazlığı nəzərə alınaraq heç bir təhsil sənədi olmayan, lakin ev təhsili görmüş və azsavadlı şəxslərin sınaq dərsləri keçəndən sonra işə qəbuluna və bir müəllimin iki məktəbdə işləməsinə də razılıq verilmişdi.
Gəncədəki müəllimlər seminariyası ehtiyacı ödəmədiyi üçün hökumət Qori seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi barədə qərar qəbul etdi və bu məsələni Gürcüstan hökuməti ilə razılaşdırdı. AXC hökuməti seminariyanın Qazaxa köçürülməsi üçün onun inspektoru F. Köçərliyə maliyyə vəsaiti, göstəriş və səlahiyyət verdi. F.Köçərli köçürməni uğurla başa çatdırdı. Qazax seminariyası 1918-ci ilin noyabr ayının 10-da təntənəli şəkildə açıldı. A.O.Çernyayevskinin tələbə toplamaq praktikasına istinad edən seminariya müəllimləri tez-tez Azərbay­canın rayon və kəndlərinə ezam olunurdular. Qısa vaxtda seminariya elə şöhrət qazandı ki, onun sədası ölkənin hər yerindən gəlməyə başladı.
Müəllim hazırlayan müəssisələrdən biri də ali ibtidai məktəblər idi. XMN tərəfindən 1918-ci ildə Göyçayda belə bir məktəb açılmış, Ağdaş və Nuxa (Şəki) qəzasının Qutqaşen kəndində də bu cür məktəblərin açılması barədə qərar qəbul edilmişdi. Artıq 1919-cu ildə Azərbaycanda 15 ali ibtidai məktəb vardı və orada ölkə məktəbləri üçün müəllim kadrları hazırlanırdı.
Qısamüdətli kursların fəaliyyəti isə davam edirdi. Sonralar qısamüddətli kursların istənilən nəticəni vermədiyi nəzərə alınaraq birillik kursların açılması təklif edilmişdi. Həmçinin təklif edilmişdi ki, belə kurslar qəzalarda həm kişilər, həm də qadınlar üçün açılsın. 1919-cu ilin yayında bu cür kurslar kişi və qadınlar üçün Bakı, Gəncə və Şəkidə, ancaq kişilər üçün isə Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada açılmışdı. Hər kursda 50 nəfər təhsil alırdı. Kursları başa vuranlar qısa müddətdə işlə təmin olunurdular.
Bunlardan əlavə Bakı parlamentinin üzvü A.Əfəndiyevin rəhbərliyi ilə ibtidai məktəb müəllimləri üçün pedaqogikanı və Azərbaycan dilinin metodikasını öyrədən kurs da fəaliyyət göstərirdi. Belə kurslar müəllim seminariyaları və Bakı şəhər Duması tərəfindən də təşkil olunurdu.
Müəllimlərə olan tələbatı ödəmək üçün qarşılıqlı müqaviləyə əsasən qardaş Türkiyədən 50 müəllim dəvət olunmuşdu. Həmin müəllimlər 1919-cu ilin oktyabr ayında gələrək məktəblərdə və müəllim kadrları hazırlayan kurslarda fəaliyyətə başlamış, dərslik və dərs vəsaitlərinin hazırlanmasında iştirak etmişdilər.
Hokumət müəllimə diqqət və qayğını da heç vaxt unutmurdu. Mövcud imkanlardan istifadə edərək müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına səy göstərirdi. 1918-ci ilin əvvəllərində N.Yusifbəyli yazmışdı ki, müəllimlərin səmərəli işləməsi üçün onları məişət məsələlərinin ağırlığından azad etməliyik. Bu fikir AXC dövründə müəllimlərin sosial müdafiəsinin yaxşılaşdırılması yolunda proqram olmuşdu. 1919-cu ilin dekabrında keçirilmiş 15 günlük müşavirədə bu barədə geniş söhbət açılmış, müəllimlərin maddi-məişət və başqa qayğılarının öyrənilməsi, onların maddi vəziyyətlərinin yaxşılaşdırılması məqsədi ilə hökumətə təkliflər hazırlamaq üçün komissiya yaradılmışdı. Müşavirədə müəllimlərin əmək haqlarının artırılması da lazım bilinmişdi. Bu məsələ hökumətin də diqqətində idi. Nazır N.Yusifbəyli parlamentdə etdiyi çıxışların birində demişdi: “Müəllimlərin maaşını nə qədər artırsanız, yəqin ediniz ki, bundan bir şey itirməyəcəksiniz, çünki bizim varlığımız və gələcəyimiz ancaq müəllimlərin əlindədir. Müəllim nə qədər ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən bir şey çıxmaz.” Beləliklə, Nəsib bəy müəllimlərin maaş artımına hökumətin etiraz etməyəcəyini bəyan etmişdi.
Təhsil quruculuğu sahəsində pedaqoji kadr çatışmazlığından sonra ən ciddi problem proq­ram, dərslik və dərs vəsaitlərinin yoxluğu idi. N.Yusifbəyli 14 aprel 1919-cu il tarixdə parlamentdəki çıxışında demişdi: “Dərs kitablarımız azdır. Maarif nəzarəti bunun çarəsini düşünəcəkdir. İndidən komissiyalar təşkil edilmişdir. Bir çox kitablar seçilmiş və tərtib edilmişdir. Bunların nəşrinə təcili başlayaraq sentyabradək lüzum görülən kitabları ortaya qoymağa səy ediləcəkdir...”. Milli hökumət çara sədaqət və rus şovinizmi ruhunda tərtib edilmiş proqram və dərsliklərdən haqlı olaraq imtina etdi. Milli dövlətçilik ideologiyasına əsaslanan, milli-mənəvi, türkçülük, azərbaycançılıq, islamçılıq və müasirlik dəyərlərinə əsaslanan proqram və dərsliklərin yaradılmasını qarşısına məqsəd qoydu. 1919-cu il 7 noyabrda XMN yanında təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərsliklərin hazırlanması üçün komissiya, o cümlədən fənn komissiyaları yaradıldı. Ən qabaqcıl və təcrübəli müəllimlər komissiyaların işinə cəlb edilmişdi. Komissiyalar üçün 152 min, dərslikləri çap etmək üçün kağız alınmasına 500 min, şriftləri almaq üçün isə 200 min manat vəsait ayrılmışdı.
Lakin yeni proqram və dərsliklərin hazırlanması üçün vaxt və daha çox vəsait tələb olunurdu. Ona görə də belə qərara alındı ki, yeni proqramlar hazırlanana kimi düzəliş və redaktələr aparılmaqla müvəqqəti olaraq köhnə proqramlardan istifadə edilsin. Bir şərtlə ki, müasir dövrlə səsləşməyən və lazım olmayan məsələlər oradan çıxarılsın.
Dərslik kimi isə ilkin çarə olaraq çar Rusiyası dövründə Azərbaycan maarifpərvərlərinin yazmış olduqları milli ruhda olan dərsliklərdən və xüsusi əllərdə olan türkcə kitablardan istifadə etmək məsləhət görülürdü. Bu kitabları almaq üçün 1919-cu ildə Maarif Nazirliyinə 1205 türk lirəsi ayrılmışdı. Əlavə olaraq Türkiyədən dərsliklərin alınması üçün də bir milyon manat nəzərdə tutulmuşdu.
Yaradılmış hökumət komissiyasının, o cümlədən fənn komissiyalarının gərgin əməyi hesabına “Yeni məktəb”, “Yeni qiraət”, “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Ədəbiyyat dərsləri”, “Müntəxabat”, “Tarixi-təbii”, “Rəhbər cəbr” və s. dərsliklər hazırlanaraq 1919-cu ildə məktəblərin istifadəsinə verildi. Bu dərsliklərin məzmununda türk dünyası, islam əxlaqı və Avropa dəyərlərinə üstünlük verilmişdi. Həmin dərsliklərin hazırlanmasında təhsil fədailərin­dən M.Mahmudbəyov, C.Cəbrayıllı, A.Şaiq, S.Ağamalıoğlu, H.Cavid, F.Ağazadə, A.İsrafilbəyov, A.Əfəndizadə və digər­ləri, o cümlədən Türkiyədən gəlmiş bəzi müəllimlər fəal iştirak etmişdilər.
Məktəblərdə rus tarixi əvəzinə Azərbaycan tarixi və türk xalqları tarixi kurslarının tədrisinə başlanmışdı.
Dərsliklərlə yanaşı, məktəblərin Azərbaycanın, həmçinin türk müsəlman xalqlarının coğrafi və tarixi xəritələri, sinifdənxaric oxu kitabları ilə təmin edilməsi, müəllimlərə metodiki köməklik üçün pedaqoji-metodiki və uşaq jurnallarının nəşri, məktəblərdə muzey və kitabxanaların yaradılması təşəbbüsləri də irəli sürülmüşdür.
Təhsil quruculuğu sahəsində XMN-nin qarşısına qoyulmuş əsas vəzifələrdən biri də ölkədə ali təhsilin təşkili və ali təhsilli milli kadrların yetişdirilməsi idi. Hökumət nazirlik qarşısında, ilk növbədə, üç ali məktəbin - Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu.
Əvvəlcə Tiflisdəki Zaqafqaziya universitetinin Bakıya kö­çürülməsinə səy göstərildi. Lakin bu cəhdlər baş tutmadı. Məhz bundan sonra hökumət Maarif Nazirliyinə 1919-1920-ci tədris ilinə kimi Bakıda universitet açmaq üçün lazım olan qanun, qərar və digər normativ sənədlərin layihəsinin hazırlanması üçün komissiya yaratmaq barədə göstəriş verdi. Tezliklə yaradılmış Universitet komissiyasının tərkibi və onun Nizamnaməsi hökumət tərəfindən təsdiq olundu. Komissiyaya professor V.İ.Razumovski sədrlik edirdi. Komissiya qısa müddətdə tələb olunan bütün normativ sənədləri hazırladı. Layihələr parlamentə təqdim edildi və iki ay müzakirə olundu. Uzun və gərgin müzakirələrdən sonra 1 sentyabr 1919-cu ildə universitetin açılması barədə qərar qəbul edildi. Bu universitet təkcə bizim yox, ümumiyyətlə, Şərq aləminin ilk dünyəvi universitetidir.
AXC-nin devrilməsi ilə Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması baş tutmadı.
BDU 1919-cu ilin noyabr ayının 15-də 44 nəfər akademik tərkiblə, 2 fakültə (tarix-filologiya və tibb), 1094 tələbə ilə fəaliyyətə başladı. Bu universitet cümhuriyyət qurucularının xalqımıza bəxş etdikləri şah əsərdir. Ümummilli liderimiz H.Əliyev BDU-nu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli iftixarı” adlandırırdı. BDU bu gün Azərbaycan ali məktəblərinin flaqmanıdır.
Hökumət ali təhsilli milli kadrların yetişdirilməsi üçün 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrə təhsil almağa göndərilməsini qərara almışdı. Bu məqsədlə parlamentin qərarı ilə komissi­ya yaradılmışdı. Komissiyaya M.Ə.Rəsulzadə sədrlik edirdi. Komissiya ciddi axtarışlar apararaq dövlət hesabına təhsil almaq üçün İngiltərə, Fransa, Türkiyə və Rusiyaya göndəriləcək 100 nəfəri seçmişdi. Öz hesabına təhsil almaq üçün əlavə 31 nəfər də müəyyən olunmuşdu. Rusiyadakı vəziyyət nəzərə alınaraq ora tələbə göndərmək təxirə salındı. Avropaya göndərilənlər üçün 1000 frank yol xərci, hər ay 400 frank təqaüd müəyyən olunmuşdu. Göndərilən gənclər təhsillərini başa vurub Vətənə qayıtmalı və 4 il hökumətin sərəncamında işləməli idilər. Seçilmiş gənclər 1920-ci ilin yanvarında parlament və hökumət üzvlərinin, din xadimlərinin və ictimaiyyətin iştirakı ilə təntənəli şəkildə yola salınmışdılar.
Təəssüf ki, aprel çevrilişindən sonra onların təhsillərini davam etdirmələri üçün axıra kimi şərait yaradılmadı. Diqqətlə seçilərək, böyük ümidlərlə xarici ölkələrin ali məktəblərinə yola salınmış bu tələbələrin taleyi aprel işğalından (1920) sonra çox acınacaqlı oldu. Belə ki, göndərilənlərin bəziləri təhsilini yarımçıq qoyub geri qayıtdı, bəziləri getdikləri ölkələrdə başqa işlərə keçdi, bəziləri yoxsulluq içərisində məhv olub getdi, bəziləri isə repressiya qurbanı oldular. Halbuki onlar gələcəkdə ölkəmizin idarə olunmasını təmin edəcək, xalqımızın tərəqqisi üçün çalışacaqdılar.
AXC öz fəaliyyəti müddətində ixtisaslı hərbi kadrların yetişdirilməsi üçün də xeyli iş görə bilmişdi. Hökumətin Gəncəyə gələn kimi gördüyü ilk işlərdən biri də 1918-ci ilin iyun ayında bağlanmış hərbi məktəbi yenidən açmaq olmuşdu. Bura ilk olaraq 100 nəfər yunker qəbul edilmişdi. Təlim prosesinə türk zabitləri də cəlb edilmişdilər. Məktəbə polkovnik Arif bəy rəhbərlik edirdi.
1918-ci ilin oktyabr ayında Gəncə hərbi məktəbinin ilk buraxılışı oldu. Buraxılış mərasimində N.Yusifbəyli, Ə.Şıxlinski və Qafqaz İslam Ordusunun zabitləri iştirak etmişdilər.
1918-ci ilin dekabr ayında Gəncə hərbi məktəbi S.Mehmandarovun təşəbbüsü ilə praporşiklər məktəbinə çevrildi. Sonralar isə həmin məktəbin bazasında hərbiyyə məktəbi açıldı, istehkamçılar məktəbi yaradıldı. Bu məktəb əvvəl Gəncədə, sonra icə Hacıkənddə fəaliyyət göstərmişdi. Bununla yanaşı, hərbi dəmir­yolçular və hərbi feldşerlər hazırlayan məktəblər də təşkil edilmişdi.
Gəncə praporşiklər məktəbi bütün Azərbaycan üçün kadr hazırlayırdı. Onun fəaliyyəti ilə hərbi nazir S.Mehmandarov şəxsən məşğul olurdu. Bu məktəb sonralar Bakıya köçürülmüşdü.
1919-cu ilin yanvar ayında Gəncə əsgər xəstəxanasında feldşerlər hazırlayan kurs, fevral ayında isə bütün hərbi hissələrin nəzdində iki aylıq sanitar kursları açılmışdı.
Hərbi nazirlik hərbi hava qüvvələrini təşkil etmək üçün hərbi əməkdaşlıq müqaviləsinə əsasən 9 nəfəri hərbi təyyarəçi peşəsinə yiyələnmək üçün Tiflisdəki Aviasiya məktəbinə göndərmişdi. Bundan başqa milli kadrlara olan ehtiyacı tam ödəmək üçün Azərbaycanda təyyarəçilər məktəbi açmaq qərara alınmışdı. Nazir S.Mehmandarov xarici işlər nazirliyinə məktub yazaraq İngiltərə və İtaliyadan təcrübəli mütəxəssislərin dəvət edilməsini xahiş etmişdi. Lakin aprel çevrilişi bu işləri yarımçıq qoydu.
AXC dövründə əsas qay­ğılardan biri də texniki-peşə təhsili müəssisələrinin yaradılması və onların şəbəkəsinin genişləndirilməsi idi. Nazirlikdə bu işlərə rəhbərlik etmək üçün peşə məktəbləri şöbəsi yaradılmışdı. Hökumət ilk növbədə dəmir yolu, bank, poçt və teleq­raf xidmətləri üzrə milli kadrlar hazırlayan kurslar açmağı nəzərdə tuturdu. Həmin dövrdə kənd təsərrüfatında və sənayedə ixtisaslı fəhlə və ustaların hazırlanması üçün kurslar fəaliyyət göstərirdi. Bakı politexnik məktəbində müxtəlif peşələr üzrə hazırlıq aparılırdı. 1919-cu ilin noyabrında Bakıda azərbaycanlı fəhlələr üçün açılan texniki axşam kurslarında 200 nəfərə yaxın fəhlə təhsil alırdı. Həmin il Gəncə, Şəki və Zaqatalada da sənət məktəbləri fəaliyyət göstərirdi. 1919-cu ildə Gədəbəydə meşə-ixtisas məktəbi açılmışdı. Bundan başqa, Bakıda sənaye-incəsənət məktəbinin açılması və məktəblərdə müxtəlif peşələrin (cildçilik, çəkməçilik, dulusçuluq və s.) öyrədilməsi təşəbbüsləri irəli sürülmüşdü.
Hökumətin təhsil sahəsindəki tədbirlərindən biri də müasir tipli məktəbəqədər tərbiyə müəssisəsinin ilk nümunəsini yaratmaq oldu. Belə ki, 1919-cu ildə Bakıda I Milli Qadın Gimnaziyasının nəzdində ilk uşaq bağçası açıldı. Bu Azərbaycanda Avropa modelli ilk uşaq bağçası idi. Bağçanın proqramında kəsmə üzrə işlər, rəsm, əl işləri, riyazi oyunlar, gimnastika, musiqi və nəğmə əsas yer tuturdu. 15 günlük müşavirədə həm dövlət, həm də şəxsi adamlar tərəfindən uşaq bağçalarının açılması alqışlanmışdı.
1919-cu ilin avqustunda Bakıda təhsildən yayınmış “küçə uşaqları” üçün “Uşaq evi” və “Uşaqlara yardım bürosu” təşkil olunmuşdu. Qazax Müəllimlər Seminariyasında kimsəsiz uşaqlar üçün yetimlər evi yaradılmışdı.
Ölkədə bütün vətəndaşlara bərabər təhsil hüququ verilmişdi. Hökumət azsaylı xalqların təhsilinə də diqqət və qayğı ilə yanaşırdı. Maarif naziri N.Yusifbəyli 14 aprel 1919-cu il tarixdə parlamentdəki çıxışında demişdi: “...məktəblərdən bir qismi milliləşdiriləcək, digər qismi isə qeyri-müsəlman uşaqlar üçün rus dilində davam edəcəklər. Hər millətin öz dilində oxumasına heç bir maneə olmadığından onların uşaqları üçün hökumət hesabına məktəblər açılacaqdır...”.
Faktlar göstərir ki, 1918-1919-cu dərs ilində Bakı milli məktəblər inspeksiyasında və Bakı quberniyasında 76 rus məktəbi olmuşdur. Onlardan 51-i dövlət, qalan 25-i isə şəhər neft sənayeçiləri qurultayına aid özəl məktəblər idi.
Hökumətin qərarı ilə ali ibtidai məktəblərdə qeyri-müsəlman tələbələr üçün dinin və onların ana dillərinin tədrisinə icazə verilmişdir. Bunun xərcləri dövlət hesabına ödənilirdi.
Həmçinin XMN-yi tərəfindən yəhudi məktəblərinin rəhbər­ləri tərəfindən təşkil olunmuş yəhudi dili, yəhudi xalqının və ədəbiyyatının tarixi kurslarına dinləyicilərin qəbuluna da icazə verilmişdi. Yəhudi Milli Şurasının nəzdində fəaliyyət göstərən 700 nəfərin oxuduğu və 24 müəllimin çalışdığı məktəblərə dövlət hər ay 10.000 rubl pul verirdi
1918-1919-cu illərdə alman koloniyalarında işləyən müəllimlərin də hər birinə hər ay 90 rubl ödənilirdi.
Təhsilin xalqın taleyində ciddi əhəmiyyət daşıdığnı nəzərə alan hökumət yaşlıların təhsilinə və onların savadlandırılmasına da ciddi önəm verirdi. Hələ vaxtı ilə M.Ə.Rəsulzadə H.Zərdabinin dəfn mərasimindəki nitqində demişdi: “Cəmaəti ayıtmaq, onu dərrakəli etmək üçün nə lazımdır? - maarif, maarif, maarif ! Ancaq elm və bilik yolu ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər.” Müstəqilliyin ilk günlərindən məktəblərin nəzdində yaşlılar üçün savad kursları açılır və müəllimlər bu kurslara cəlb edilirdilər. Hətta ilk dəfə olaraq qadınlar üçün də savadlandırma kursları açılmışdı. Məqsəd savadsızlığın ləğvi idi.
1919-cu ilin sentyabr ayında Bakı, Şuşa, Zaqatala, Şəki və Qazaxda yaşlılar üçün Azərbaycan dili üzrə axşam kursları açıldı. İki semestr və üç şöbədən ibarət olan kursların I şöbəsində Azərbaycan dilini bilməyən, II şöbəsində Azərbaycan dilini az-şox bilən, III şöbəsində isə bu dilin tədrisi metodlarını öyrənməyə ehtiyacı olanlar məşğul olurdu. Sonralar belə kurslar digər qəzalarda da açıldı.
Kəndlərdə oxu dərnəkləri də yaradılmışdı. Hər cümə məktəb müəllimlərinin kənd sakinləri ilə oxu və müsahibə günü kimi müəyyənləşdirilmişdi. Savad kursu və oxu dərnəklərində minlərlə savadsız vətəndaş oxu və yazı öyrənir, “...məmləkət irfanın nuruyla işıqlanırdı.”
Azərbaycan Xalq Cümhuriy­yəti mövcud olduğu qısa müddətdə təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdi. Maarif Nazirliyi ölkədə maarifin inkişafi üçün geniş proqram hazırlamış, həmin proqram Azərbaycan hökuməti tərəfindən bəyənilmiş və həyata keçirilməsinə razılıq verilmişdi. Təəssüf ki, Şərqdə ilk türk Respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya “yəcuc və məcucları” tərəfindən devrilməsi bu planların gerçəkləşdirilməsini yarımçıq qoydu. Lakin Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin cəmi 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifinin təşkili və inkişafına mühüm kömək göstərdi.
  Ümummilli liderimiz Heydər Əliyev demişdi: “AXC gərgin və mürəkkəb içtimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.”


Tarix: 31-05-2018, 11:23

Xəbəri paylaş