Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forum keçirilib

 

Aprelin 18-də Moskvada V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forum öz işinə başla­yıb. Rusiya Fe­de­rasiyasının Təhsil və Elm Nazirliyi və YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədləri 4: təhsildə İKT tətbiqi məsələlərinə dair qlobal dialoq” mövzusunda keçirilən nazirlərin forumunda təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Foruma Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodets, Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva, təhsil və elm nazirinin müavini Pavel Zenkoviç, YUNESKO-nun Təhsildə İKT-nin tətbiqi üzrə bölməsinin rəhbəri Fenqçun Miao, bir sıra dövlətlərin və beynəlxalq təşkilatların təhsil üzrə rəhbər şəxsləri, pedaqoqlar və metodistlər qatılıblar.
Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov mərasimdə çıxış edərək bildirib ki, salon çərçivəsində təşkil olunan forum təhsil sahəsindəki son nailiyyətlərlə tanış olmaq və bu sahədə fikir mübadiləsi aparmaq üçün əlverişli şərait yaradır.
Son illər ərzində Azərbaycanda təhsil sahəsində əldə olunan uğurlardan danışan Firudin Qurbanov İKT-nin nailiyyətlərindən geniş istifadənin təhsil sahəsində dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, beynəlxalq təcrübədən istifadə edilməklə tədris prosesində müasir informasiya texnologiyalarının sürətləndirilmiş tətbiqi "Azərbaycan Respublikasgnda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”n­da öz əksini tapıb.
Nazir müavininin sözlərinə görə, strategiyanın reallaşdırılmasında xüsusi rol informasiya resursları mərkəzinə ayrılır. Bu məqsədlə nazirlik yanında müasir səviyyədə təchiz edilmiş Data Mərkəz yaradılıb. Mərkəz nazirliyə tabe olan bütün təhsil müəssisələrini, təşkilatları və strukturları birləşdirən Azərbaycan Təhsil Şəbəkəsini yaratmağa, həmçinin elektron dərsliklərin və digər tədris resurslarının mərkəzləşdirilmiş qaydada yerləşdirilməsinə imkan verib. Hazırda bütün ölkə şagirdlərinin təxminən 82 faizinin təhsil aldığı və müəllimlərin 72 faizinin dərs dediyi 2500 təhsil müəssisəsi bu şəbəkəyə qoşulub.
Azərbaycanda "İnformatika" fənninin tədrisinə və bu fənn üzrə olimpiadaların keçirilməsinə diqqət yetirildiyini bildirən nazir müavini qeyd edib ki, Azərbaycanın Təhsil Nazirliyi Rusiyanın İT sistemlərinin istehsalçısı və şagirdlərə proqramlaşdırma modulunu tədris edən "Alqoritmika" təhsil şirkəti ilə birlikdə Bakının 45 məktəbində "Rəqəmsal bacarıqlar" pilot layihəsinə başlayıb. Layihəyə əsasən, "İnformatika" fənninin tədrisi məktəblilərə yeni texnologiyalar və rəqəmsal bacarıqları təcrübədə öyrətməyə imkan verən yeni formatda aparılır.
Nazir müavini Təhsil Nazir­liyi tərəfindən elektron dərs­liklər (www.e-derslik.edu.az) portalının fəaliyyətindən, distant təhsil çərçivəsində görülmüş işlərdən danışıb. Firudin Qurbanov çıxışının sonunda qeyd edib ki, Azərbaycan “Bakg Ekspo 2025” Beynəlxalq sərgisinin Bakıda keçirilməsi üzrə əsas iddiaçılardan biridir. Sərginin üç alt mövzularından biri "Gələcəyin təhsili"dir.
Təhsil nazirinin müavini panel müzakirəsi zamanı tədbir iştirakçılarının suallarını cavablandırıb.
Sonra tədbir iştirakçıları salon çərçivəsində sərgi ilə tanış olublar.
Aprelin 18-də Firudin Qurbanov həmçinin Moskva şəhərində təşkil olunmuş “Rus inqilabı və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi: bir əsrdən sonra baxış” adlı beynəlxalq xarakterli tədbirdə çıxış edib. Firudin Qurbanov iki ölkə arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib, birgə həyata keçirilən layihələr haqqında məlumat verib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində keçirilmiş tədbirə Azərbay­canın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da qatılıb.

   


Tarix: 10-05-2018, 11:15

Xəbəri paylaş