"Qloballaşma və ali təhsildə yeni meyarlar"
Aprelin 19-da Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA ) ikigünlük “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransı işinə başlayıb.
Tədbirə ev sahibliyi edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış edərək konfransda təhsilin gündəmində olan məsələlər, qarşıda duran problemlərin həlli yolları ətrafında müzakirələrin aparılacağını bildirib. Rektor konfransın universitetlər arasında əməkdaşlığın genişlənməsinə və yeni əlaqələrin qurulmasına şərait yaradacağına inandığını bildirib.
Təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov müasir qloballaşma dövründə həyatın müxtəlif sahələri kimi təhsil sferasının da çağırışlarla üzləşdiyini qeyd edib, konfransın çağırışlara qarşı mübarizəyə töhfə verəcəyini vurğulayıb, həmçinin tədbir iştirakçılarına uğurlar arzulayıb.
UPBA-nın prezidenti Kaxa Şengeliya konfransda iştirak edən universitet rektorlarını, Azərbaycan və Gürcüstanın təhsil sahəsinə rəhbərlik edən qonaqları salamlayıb, tədbirin məhsuldar və səmərəli olacağına əminliyini ifadə edib.
Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli təhsilin həyatın digər sahələrindən daha artıq dərəcədə əməkdaşlıq tələb edən sahə olduğunu deyib. Mixail Çxenkeli bu konfransın təcrübə mübadiləsi və yeni əməkdaşlıq münasibətlərinin qurulması üçün əlverişli platforma olduğunu bildirib.
Konfransda “Bilik transferinə müasir yanaşma: fənlərarası tədqiqat, təşəbbüskar və sahibkarlıq düşüncəsinin yüksəldilməsi”, “Sosial məsuliyyət və bilik transferi”, “Universitet və sənaye əməkdaşlığı”, “Ali təhsildə bərabərlik: təkliflər və imkanlar” kimi mövzularda müzakirələr aparılıb.
Konfransda 20-dək ölkədən, o cümlədən Azərbaycan, Rusiya, ABŞ, İran, Gürcüstan, Hindistan, Polşa, Çin, Fransa, Meksika, Avstriya, Danimarka, Ukrayna və digər ölkələrdən olan 60-dək rektor və digər mötəbər qonaqlar iştirak edib.
Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) məsləhətçi hüququna malikdir.
Tarix: 10-05-2018, 11:12