Litvalı qonaqlar Dəniz Akademiyasında
Azərbaycan Dövlət Dəniz Akademiyası litvalı qonaqlarını qəbul edib. Klaypeda şəhərində yerləşən Litva Dəniz Akademiyasının tədris işləri üzrə prorektoru Rima Miskiene və bu ölkənin “İnformacine Raida” İT şirkətinin direktoru Virginiyus Yakştis əvvəlcə Akademiyanın rektoru Çingiz Əliyevlə görüşüblər.
Səmimilik şəraitində keçən görüşdə Ç.Əliyev qonaqlara Azərbaycanda dənizçilik təhsilinin tarixi, ADDA-da tədrisin təşkili və perspektiv planları barədə ətraflı məlumat verib. Bildirib ki, bizim Akademiya Xəzər dənizi hövzəsində ali təhsilli dənizçi kadrlar hazırlayan aparıcı təhsil müəssisəsidir. Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Təşkilatının ali dənizçilik məktəblərinin “ağ siyahısında” 012 nömrəsi ilə qeydiyyatdadır, bizim diplomlarımız dünyanın 170-dən çox ölkəsində tanınır. 21 ildən artıqdır ki, Rusiya Dəniz Registrinin və 2 ildir ki, ABŞ Təsnifat Cəmiyyəti olan Amerika Dənizçilik Bürosunun sertifikatları ilə işləyirik. Bir çox dənizçilik universitetlərindən fərqli olaraq müasir tədris gəmimiz vardır. Tələbələr təcrübələrini dövlət və özəl şirkətlərin həm Xəzər, həm də Qara dəniz-Aralıq dənizi hövzəsində üzən gəmilərində keçirlər. Dəniz Akademiyasının nəzdində ən müasir trenajor və simulyatorlara malik Təlim Tədris Mərkəzi fəaliyyət göstərir. Tələbələr üçün hər cür sosial şərait yaradılıb, onlar ödənişsiz qaydada yataqxana, gündə iki dəfə isti yemək, geyim forması və tədris vəsaitləri ilə təmin olunurlar. Tədris “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasları üzrə Azərbaycan və rus dillərində aparılır. 2018-ci ilin sentyabrından gəmi sürücüləri üçün “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə tədris ingilis dilində də təşkil olunacaqdır.
Litva Dəniz Akademiyasının tədris işləri üzrə prorektoru Rima Miskiene səmimi görüşə görə təşəkkürünü bildirərək, ilk dəfə Bakıda olmasından, Azərbaycanda gördüklərindən həvəslə danışıb. O, Litvada dənizçilərin hazırlığı, Avropa ölkələri ilə əlaqələr sahəsində imkanlarla yanaşı, mövcud problemlərdən də söhbət açıb.
Görüşdə tələbə-müəllim mobilliyi, elm sahəsində qarşılıqlı faydalı əməkdaşlıq, tədris prosesinin təşkili məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonra litvalı həmkarlar “Gəmi sürücülüyü” kafedrasının Radarla müşahidə və təsvir, elektron xəritəçəkmə, dəniz astronomiyası və naviqasiya çəkilişi, multimedia öyrədici modul trenajorlarında, “Gəmi energetik qurğuları” kafedrasının tədris-elmi laboratoriyasında dizel mühərriklərinin tədqiqat sınaq qurğusunda, habelə MR 3D trenajorunda tədrisin təşkili ilə maraqlanıblar. ADDA-nın kitabxanası və tarix muzeyi ilə yaxından tanış olan qonaqlar xatirə kitabına öz ürək sözlərini və xoş təəssüratlarını yazıblar.
Tarix: 10-04-2018, 12:26