Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?

 

Nazim Nəsrəddinov,
əməkdar müəllim, türkoloq

XIX əsr Azərbaycan dilində nəşr olunan qəzet və jurnallarda, eləcə də rusdilli mətbuat səhifələrində məktəb və maarif məsələlərinə dair xeyli materiallar vardır. Bu materiallar milli təfəkkür tərzimizin maraqlı səhifələri haqqında, qaranlıqda və alatoranlıqda qalan məsələlərin işıqlandırılmasında əvəzsiz mənbə kimi diqqəti cəlb edir. "Kəşkül" qəzetinin yüz otuz il bundan qabaq -27 yanvar 1888-ci il tarixli 62-ci nömrəsində dərc olunmuş "İRƏVANDAN BİZƏ YAZIRLAR " sərlövhəli məktub bu qəbildəndir.
"Bir müsəlman" imzalı həmin yazının müəllifi - üslubuna, başqa yazıları ilə müqayisəsinə, mövzu yaxınlığına görə, çox güman ki, o vaxt İrəvanda müəllim işləyən Firudin bəy Köçərlidir.
Məzkur yazını mənfətdən xali olmadığı üçün eynilə oxuculara təqdim edirəm.
***
İrəvandan bizə yazırlar (Bu, qəzetin rubrikasıdır-N.N.)
Bizim Qafqaz qitəsindəki şəhərlərdə müsəlman məktəblərinin qaidəsiz, başsız-ayaqsız bir hal içində qaldığı məlumdur.Və leykin bir-iki ildən bəridir ki, bəzi yerlərdə bu məktəbləri müqaidəli bir halə gətirməyə başlayırlar.
Belə təzə məktəblərdən ikisi də bizim İrəvan şəhərində vardır. Bu məktəblər nə şəhər əhli və nə də hökumət tərəfindən açılmayıb. Ancaq o məktəbləri qeyrətli və həmiyyətli olan məktəbdarlar bina eləmişdirlər.
Məktəbin şagirdləri xoşbəxt gürünürlər. Ondan ötrü ki, orda nə fələqqə var və nə də qarmaqarışıq kitablar ilə çığırıb-bağırıb dərs öyrənmək vardır.
Əvvəllərdə bu məktəbdə köhnə palas və həsir parçaları üstündə toz-torpa içində...oturan şagirdlər indi təmiz otaqlar içində qoyulmuş taxta və skamyalar üstündə əli və ayağı təmiz otururlar.
Məktəbdəki şagirdlər yaşa və dərslərinə görə məxsusi siniflərdə ayrı-ayrı oturub hər bir sinif özünə məxsus dərslərdən öyrənirlər. Belə ki, bir sinifdə yazı ilə məşğul olunur ikən, o biri sinifdə rəsm ilə təlim alırlar və birisində dərs öyrənirlər.
Məktəblərin birisində (Əsgərzadə Mirzə Kazım) və birisində (Hacı Həsənzadə Hacı Molla Ağa) şagirdlərə dərs öyrədirlər. Bu müəllimlərin dərs öyrətmələri tazə qaidə üzrədir ki, şagirdlər bir az müddətdə yazıb, oxuyurlar. Buna görə şəhər əhli gündən-günə o məktəblərə artıq meyil və rəğbət edirlər.
(Mirzə Kazım məktəbi) çoxdan vardır. Bu məktəbin bir qüsuru budur ki, şagirdləri ancaq fars dilini öyrənirlər. Öz ana dillərindən orada bir şey öyrənməzlər.
(Molla Ağa Məktəbi) altı-yeddi ay oldu ki, açılmışdır. Bu məktəbin gələcəyi çox faidəli görünür.
Molla Ağa hansı bir məktəbdə qaidəli və faidəli bir şey görür isə, onu məktəbinə almaqdan çəkinməz.
Bu halda onun məktəbindəki təlim kitabları bunlardır:
1) Çernyayevskinin "Vətən dili"
2) Axund Əbdüssəlamın "Təlimül-əqaid"i
3) Şeyx Sədinin "Gülüstan"ı
4) Hesab
Məktəb üç sinfə təqsim olunub.
Əvvəlimci sinifdəki 52 şagirdlər "Vətən dili"ndən və bir bir tərəfdən dəxi əqaid dərsləri ilə elmi-hesabdan bir şey dəftərlərinə alıb öyrənirlər və hüsnxəttə alışmaq üçün hər gün bir səhifə qaralama eləyirlər. O biri sinifdəki 12 şagirdlər "Gülüstan"dan asan ibarələri tər­cümə edirlər. Hesab və əqaiddən dəxi öyrənirlər. Bundan başqa, həftədə iki dəfə Qurani-şərifdən oxurlar.
Molla Ağa istəyir ki, vəqtilə məktəblərdə rus dilini dəxi şagirdlərə öyrətsin.
Məktəbdə skamya və taxtanı şəhərin Gimnaziya məktəbindən Molla Ağa bir vəqt ilə almışdır. İndi gimnaziyanın müdiri onları geri alacaq olur isə, o vəqt şagirdlər yenə quru yerə düşəcəklər. Ona görə şəhərimizin maarifpərvər olan qazisi ilə həmiyyətli və dövlətli ağa və bəylərin nəzər -diqqətlərini "Kəşkül" vasitəsilə bu faidəli işə cəlb eləməyi boynumda borc bilmişəm.
Bir müsəlman


Tarix: 2-04-2018, 10:57

Xəbəri paylaş