Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mərakeş-Azərbaycan əməkdaşlığı

 

Martın 5-də Xarici İşlər Nazirliyində Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Mərakeş Ali Dəniz Araşdırmaları İnstitutu arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədə Dəniz Akademiyasının rektoru Çingiz Əliyev və Mərakeşin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohammad Adil imza atıblar.
5 illik müddətə imzalanan Niyyət Protokolu dənizçilik sahəsində təlim və tədqiqatlarla əlaqədar akademik əlaqələrin qurulmasını, tərəflər arasında mədəni, elmi və təhsil mübadiləsinin yaradılmasını və genişləndirilməsini, ümumi layihələrin və birgə proqramların həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, imzalanma mərasimi Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində təşkil olunub. Danışıqlara Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik ediblər. İclasın yekunlarına əsasən, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın birinci iclasının Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Dəmir Yolları” QSC ilə Mərakeş Milli Dəmiryolları arasında Niyyət Protokolu” da imzalanıb.

Sevinc RZAYEVA,
Azərbaycan Dövlət Dəniz Akademiyasının
İnformasiya Resurs Mərkəzinin müdiri


Tarix: 2-04-2018, 09:58

Xəbəri paylaş