Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da Xocalı Soyqırımının 26-cı ildönümü anılıb

 

Fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımına həsr olunan “Xocalı soyqırımı 1918-ci il azərbaycanlıların soyqırımı kontekstində” adlı anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı Xocalı faciəsini insanlığa qarşı törədilmiş ən qəddar və dəhşətli faciə kimi səciyyələndirərək dinc sakinlərə qarşı törədilmiş bu soyqırımı aktının mahiyyətindən danışıb. Rektor M.Babanlı Xocalı soyqırımının ermənilərin Azərbaycan xalqına qarşı tarixən törətdiyi insanlığa qarşı cinayətlərin sırasında xüsusi amansızlığı ilə seçildiyini qeyd edərək bu vandal aktının bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi dünya miqyasında tanıdılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikasının apardığı təbliğat işləri, xüsusilə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə illərdən bəridir ki, aparılan «Xocalıya ədalət» kampaniyası sayəsində dünya ictimaiyyətinin Xocalı faciəsi haqqında məlumatlılıq səviyyəsinin əhəmiy­yətli dərəcədə artdığını qeyd edən rektor, professor M.Babanlı bu istiqamətdə fəaliyyətin erməni qəsbkarlarının cinayətkar əməllərinə beynəlxalq hüquqi qiymət verilməsinə nail olunanadək aparılmasının vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev tədqiqatçı olaraq azərbaycanlıların soyqırım tarixindən və ermənilərin yüz illərlə Azərbaycan torpaqlarına olan ərazi iddialarından və mənfur niyyətlərindən söz açıb. İ.Vəliyev soyqırımın tarixi əhmiyyətindən bəhs edib və ermənilərin əsl simasının dünayaya sübut edildiyini vur­ğulayıb.
  Xatırladaq ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər. Xocalı soyqırımı zamanı 106 nəfər qadın, 63 nəfər azyaşlı uşaq, 70 nəfər qoca olmaqla 613 nəfər  xüsusi vəhşiliklə və amansızcasına qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.  


Tarix: 13-03-2018, 13:48

Xəbəri paylaş