Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Bizə qoşul və xilas et!” layihəsi davam edir

 

24 noyabr 2017-ci il tarixində Ağsu şəhər bir nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi”ndə qalib gəlmiş “Bizə qoşul və xilas et!”  layihəsi çərçivəsində təlim keçirilib.
Tədbirdə şəhər 1 nömrəli məktəb-liseyin müəllim kollektivi və şagirdləri iştirak ediblər.
Təlimi giriş nitqi ilə açan layihə rəhbəri, Ağsu rayon Kənd-oba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova icra edilən layihənin məqsədini açıqlayaraq bildirib ki, Ağsu rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin bir-biri ilə əməkdaşlığına nail olmaq və bu əməkdaşlıq sayəsində erkən evliliyin bioloji fəsadlarını öyrənmək, müzakirə etmək, prob­lemi diqqət mərkəzində saxlayaraq onunla mübarizə yollarının məktəblilərə öyrədilməsinə nail olmaqdır. “Bu məqsədlə biz Ağsu rayonunun ən qabaqcıl müəllimlərini bir araya toplayaraq, “Erkən evliliyin bioloji fəsadları” mövzusunda seminar təşkil etdik. Bununla yanaşı, məktəblərdə sözü­gedən mövzuda dərslər keçirilir. Layihə çərçivəsində rayonun 4 ümumtəhsil məktəbinin şagirdləri üçün erkən evliliklərin bioloji fəsadları ilə bağlı maarifləndirmə işləri aparılır".
Təlimçi Elnarə Qasımova erkən evlilik probleminin həllinin insanların maarifləndirilməsindən asılı olduğunu vurğulayıb, maarifləndirici slaydları məktəblilərə təqdim edib.
Tədbirdə könüllü təlimçi - tibb işçisi Hədiyyə Hüseynova çıxış edərək, erkən nikahlar nəticəsində qanunsuz ailələr, boşanmalar, fiziki və mənəvi cəhətdən zəif olan uşaqlar, ən əsası ana və uşaq ölümləri kimi ortaya çıxan fəsadları diqqətə çatdırıb.
Daha sonra çıxış edənlər də şagirdlərə mövzu ilə bağlı ətraflı məlumatlar verərək, cəmiy­­yətdə mövcud olan müxtəlif problemlərin erkən nikahların sayının artmasına səbəb olduğu, bu sıradan savadsızlıq, məlumatsızlıq, bəsit düşüncə tərzi və maddi prob­lemləri tədbir iştirakçıları ilə müzakirə ediblər. Sonda sözü­gedən mövzu ilə əlaqədar məktəbliləri maraqlandıran suallar cavablandırılıb, təlim iştirakçılarına mövzu ilə əlaqədar maarifləndirici bukletlər təqdim edilib.
Qeyd edək ki, layihənin icra müddəti 3 ayı əhatə edir. Sentyabr ayının 22-də başlayan layi­hə dekabrın 22-də yekunlaşdırılacaq. Layihə çərçivəsində dekabrın 1-də Ağsu şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər üçün maarifləndirici seminarlar keçirilib. Oktyabrın 20-də Ağsu rayon Heydər Əliyev Mərkəzində «Bizə qoşul və xilas et!» layihəsinin təqdimat mərasimi və məktəbliləri maarifləndirəcək könüllü müəllimlərin seçim turu keçirilib. Seçim turunda 20 nəfər müəllim iştirak edib. Həmin müəllimlər də öz dərs dedikləri orta məktəblərdə mövzu ilə əlaqədar kiçik seminarlar keçirirlər. Ümumilikdə isə layihədə 300-ə qədər məktəblinin iştirakı, bukletlər vasitəsi ilə 1500 məktəblinin maarifləndirilməsi nəzərdə tutulub.

Elnarə Günəş


Tarix: 15-01-2018, 14:22

Xəbəri paylaş