Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da Tələbələrin 66-cı Elmi-texniki Konfransı

 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim Ağa Axundovun 135 illiyinə həsr olunmuş Tələbələrin 66-cı Elmi-texniki konfransı keçirilib.
Açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, "Schneider Elektrik" şirkətinin Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Emrah Tekdemir, şirkətin Türkiyə, İran və Orta Asiya üzrə regional rəhbəri Bora Tuncer, Ağa Axundovun qardaşı qızı Nailə Axundova, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı tələbələrin 66-cı Elmi-texniki konfransının əhəmiyyətini qeyd edib. Tələbələrin elmi potensialının üzə çıxarılması üçün bu cür konfranslarda iştirakın vacibliyini vurğulayan rektor M.Babanlı bəzi məruzələrin gələcəkdə genişləndirilib uğurlu startap layihəsinə çevrilə biləcəyini qeyd edib.
ADNSU-nun energetika fakültəsinin innovasiya və beynəlxalq əlaqələr üzrə dekan müavini Orxan Kərimzadə görkəmli alim, professor Ağa Axundovun həyat və fəaliyyəti haqqında təqdimatla çıxış edib. Ağa Axundovun Azərbaycanla yanaşı ölkə xaricində gördüyü işlər haqqında məlumat verən O.Kərimzadə həmçinin, görkəmli alimin ADNSU-nun energetika fakültəsinin yaradıcısı və ilk dekanı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
"Schneider Elektrik" şirkətinin Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Emrah Tekdemir Elmi-texniki konfransa dəvət üçün rektor, professor Mustafa Babanlıya təşəkkür edib. Təmsil etdiyi qurum haqqında konfrans iştirakçılarına məlumat verən Emrah Tekdemir ADNSU ilə "Schneider Elektrik" arasında əlaqələrin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Geoloji-kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev son dövrlər ADNSU-da elmi sahənin inkişafına xüsusi diqqət yetirildiyini, ciddi elmi-tədqiqatlarla məşğul olan tələbələrin yetişdiyini vurğulayıb.
Tədbirə qonaq qismində dəvət olunan Ağa Axundovun qardaşı qızı Nailə Axundova bu cür diqqətə görə ADNSU-nun rektoru, professor M.Babanlı başda olmaqla bütün universitet rəhbərliyinə təşəkkür edib. Ağa Axundov haqqında xatirələrini bölüşən N.Axundova onun peşəkar mühəndis, bacarıqlı energetik, həm də gözəl ailə başçısı olduğunu deyib.
Konfransda çıxış edən Tələbə Elmi Cəmiy­yətləri Şurasının sədri, dosent Yunis Qəhrəmanlı konfransın ayrı-ayrı bölmələrində keçiriləcək iclaslar və çıxışlar haqqında məlumat verib. Ümumilikdə 9 bölmədə 336 nəfərin çıxışının gözlənildiyini bildirən dosent Y.Qəhrəmanlı bütün iştirakçılara uğurlar arzulayıb.
  Daha sonra konfrans müxtəlif bölmələrdə öz işini davam etdirib.


Tarix: 15-01-2018, 13:47

Xəbəri paylaş