Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BMU-nun rektoru Azərbaycan Biznes Keys 2017 Müsabiqəsinin qalibləri ilə görüşüb

 

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən keçirilən ənənəvi “Azərbaycan Biznes Keys 2017 Müsabiqəsinin” final mərhələsi keçirilib. Bu il 15 illiyini qeyd edən müsabiqə 2002-ci ildən təşkil olunur. Müsabiqə ABŞ Səfirliyinin təşkilati dəstəyi, yerli və xarici şirkətlərin sponsorluğu ilə həyata keçirilir. Yarışın bu ilki qalibi müsabiqədə ilk dəfə iştirak edən Bakı Mühəndislik Universitetinin Hüseyn Məmmədov (Dünya İqtisadiyyatı-4.kurs), Qəzənfər Kərimli (Maliyyə-3 kurs), Lalə Rüstəmli (Dünya İqtisadiyyatı-3.kurs) və Cəfər Cəfərovdan (Dünya İqtisadiyyatı-3.kurs) ibarət komandası olub.
Universitetin rektoru, professor Havar Məmmədov qalib tələbələri qəbul edib, onları nailiyyətləri münasibəti ilə təbrik edib. Rektor qeyd edib ki, universitetin tələbələri 2017-2018-ci dərs ilinə uğurlu başlayıblar. Xüsusən İT və iqtisadiyyat fakültələrinin tələbələri onlarla müsabiqənin qalibi olublar. Tələbələrə tövsiyələrini verən rektor gələcək həyatlarında uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan Biznes Keys yarışması universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələrindən ibarət komandalar arasında keçirilən ən prestijli biznes yarışmasıdır. Yarışmada analiz üçün tələbələrə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un keysləri təqdim edilir. Əvvəl­cədən bütün komandalar 6 həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. möv­zularda təlimlər keçirlər. Təlimdən sonra komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında da iştirak edirlər.
  Dörd yarımfinal qalibi olan komanda  birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış edirlər. Finalçılardan keyslərə həll yolları təqdim etmək tələb olunur və qiymətləndirilmə, komandaların kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası, təqdimat bacarıqları, eləcə də sual-cavab mərhələsinə hazırlıqlarına əsaslanır. Qalib komandalar ümumilikdə 10.000 AZN mükafat əldə edir (I yer 6000 AZN, II yer 3000 AZN və III yer 1000 AZN).


Tarix: 15-01-2018, 13:37

Xəbəri paylaş