Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Dillər Universitetində Rusiyaşünaslıq Mərkəzi açılıb

 

Dekabrın 8-də Azərbaycan Dillər Universiteti (ADU) və Rusiya Federasiyasının A.S.Puşkin adına Rus dili Dövlət İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, saziş ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla və A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun rektoru, professor Marqarita Rusetskaya tərəfindən imzalanıb.
İmzalanmadan sonra ADU-nun nəzdində Rusiyaşünaslıq Mərkəzinin açılış mərasimi keçirilib.
Sazişdə əməkdaşlıq çərçivəsində rus dilinin tədrisi, test üsulu ilə imtahanların keçirilməsi, kadr hazırlığı və təsnifatının artırılmasında institutun təcrübəsindən, həmçinin distant təhsil resurslarından yararlanmaq, rus dilinin tədrisi və test üsulu ilə sertifikatlaşdırılmış imtahan sahəsində həyata keçirilən layihə və proqramlara təşkilati, metodiki və texniki, həmçinin “Rus dilində təhsil” portalı vasitəsilə dəstəyin gös­tərilməsi, rus dili, Rusiya mədəniyyəti və ədəbiyyatı, eyni zamanda, ADU-nun nəzdində fəaliyyət göstərən rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının baza­sında milli dil bacarıqlarının yoxlanılması üzrə olimpiadaların, yaradıcı mü­sabiqələrin təşkili, təhsil turizmi üzrə proqramların reallaşdırılması nəzərdə tutulub.
Rektor Kamal Abdulla qo­naq­ları universitetdə görməkdən məmnun olduğunu söyləyib. O bildirib ki, bu mərkəz iki ali təhsil müəssisəsi arasında layihələrin həyata keçirilməsi, əlaqələrin gücləndirilməsi baxımından vacib platforma olacaq. Rektor, həmçinin imzalanan saziş çərçivəsində bir çox faydalı və səmərəli işlərin görüləcəyini vurğulayıb.
A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Viktoriya Kosteva institutun rektoru M.Rusetskayanın müəyyən səbəblərdən tədbirdə iştirak edə bilməməsinə görə təəssüf hisslərini bildirib. O, rektorun K.Abdullaya ünvanladığı məktubu iştirakçıların diqqətinə çatdırıb. Məktubda M.Rusetskaya K.Abdullanı Rusiya Federasiyasının ali dövlət mükafatı olan Puşkin medalı ilə təltif olunması münasibətilə təbrik edib. Məktubda qeyd edilib ki, Azərbaycanda rus dili və ədəbiyyatının, həmçinin Rusiya mədəniyyətinin tanıdılması istiqamətində rektor K.Abdullanın əvəzedilməz rolu, o cümlədən onun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindəki genişmiqyaslı fəaliyyəti yüksək qiymət­ləndirilib. Rektor M.Rusetskaya məktubda, həmçinin vurğulayıb ki, K.Abdullanın Rusiyada və digər xarici ölkələrdə roman, pyes, şeir, esse və məqalələrinə böyük məmnuniyyətlə müraciət olunur. Rektor məktubunu K.Abdullaya elm, təhsil və ictimai fəaliy­yətində, ədəbi yaradıcılığında nailiyyətlər arzuları ilə bitirib.
Daha sonra V.Kosteva rektor K.Abdullaya institutun yaranmasının 50 illik yubileyi münasibətilə təhsil müəssisəsinin markasını hədiyyə edib.
Prorektor V.Kosteva institutun yaranması, tədris prosesi, tələbə heyəti, Linqvistika Mərkəzinin rəhbəri Oleq Rodçenko isə sertifikatlaşdırılmış test üsulu ilə aparılan imtahanlar haqqında məlumat verib.
Daha sonra Milli Məclisin deputatı Elmira Axundova, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin, Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein öz fikirlərini bölüşüblər.
Sonra ADU-nun nəzdində fəaliyyət göstərən Rusiyaşünaslıq Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. İnstitutun Linqvistika Mərkəzinin rəhbəri Oleq Rodçenko ADU-nun rus dili üzrə mütəxəssislərinə “Rus dilində aktual proseslər” möv­zusunda mühazirə deyib. O, mühazirəsində rus dilinin fonetikası, qrammatikası, leksika və semantikası, həmçinin müxtəlif səviyyələrdə prosesin aktivliyi haqqında ətraflı məlumat verib. ADU-nun tələbələri imzalanmış saziş çərçivəsində sertifikatlaşdırılmış test üsulu ilə oxuma, yazma, dinləmə, leksik və qrammatik bacarıqların yoxlanması istiqamətində imtahan veriblər. İmtahan 4 saat müddətində davam edib. İmtahanın sonunda tələbələrə sertifikatlar verilib.
  Daha sonra ADU-da ölkənin KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun rəsmiləri KİV nümayəndələrinə təmsil etdikləri qurum haqqında məlumat veriblər. Qonaqlar universitetlər arasında imzalanan sazişin təhsil sahəsinə töhfələri, perspektivlər, rusiyaşünaslıq istiqamətində nəzərdə tutulan planlar, Rusiyada Azərbaycan dilinin tədrisi və digər istiqamətdə verilən sualları cavablandırıb.


Tarix: 15-01-2018, 13:33

Xəbəri paylaş