Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

İSESKO-nun baş direktoru “Bakı Dövlət Universitetinin Dostu” adına layiq görülüb

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Universitetin professor-müəllim heyətinin iştirakı ilə baş tutan tədbiri açan rektor, akademik Abel Məhərrəmov baş direktor Əbdüləziz bin Osman əl-Tüveycrinin dünyanın tanınmış siyasətçilərindən biri olduğunu, müasir dünyada təhsilin, elmin və mədəniyyətin inkişafına layiqli töhfələr verdiyini bildirib. İSESKO-nun fəaliyyəti barədə danışan rektor təşkilatın əsas məqsədinin İslam ölkələri arasında həmrəyliyi möhkəmləndirmək, qarşılıqlı əlaqələri daha da yaxşılaşdırmaq, İslam ölkələrinin əldə etdiyi uğurları, zəngin mədəniyyəti, elmi və incəsənəti dünyaya təqdim etmək olduğunu xüsusilə qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissi­yasının yaradıldığını, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görüldüyünü, qurumun 30 illik yubiley xatirə qızıl medalı ilə təltif edildiyini də diqqətə çatdırıb. Baş direktorun ölkəmizə həmişə diqqət göstərdiyini vurğulayan rektor beynəlxalq arenalarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə ədalətli və cəsarətli çıxışlar etdiyini də xatırladıb. Onun Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edildiyini, Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görüldü­yünü, Azərbaycanın ali mükafatı olan “Dostluq” ordeni ilə təltif edildiyini qeyd edib.
Daha sonra İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış edərək Azərbaycanda gedən davamlı inkişaf proseslərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan möhtəşəm uğurlardan danışıb. Ölkəmizin bu uğurlarının İslam dünyasında və ondan kənarda böyük maraqla qarşılandığını bildirib. Əbdüləziz bin Osman əl-Tüveycri qocaman ali təhsil ocağında olmasından məmnunluğunu ifadə edib və BDU-nun Azərbaycan elm-təhsilindəki yerini və rolunu, o cümlədən son illər universitetin beynəlxalq nüfuzunun daha da artmasını yüksək qiymətləndirib.
İSESKO-nun baş direktoru çıxışından sonra tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Sonda Əbdüləziz bin Osman əl-Tüveycri “Dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük roluna, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə” “Bakı Dövlət Universitetinin Dostu” adına layiq görülüb.

BDU-nun Mətbuat və informasiya şöbəsi


Tarix: 15-01-2018, 13:12

Xəbəri paylaş