“İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin təqdimatı
Dekabrın 19-da UNİCEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinə dair hesabat tədbiri keçirilib.
Tədbirin keçirilməsində məqsəd məktəbəqədər təhsilin vacibliyini və bu sahədə ötən 8 ay ərzində görülən işləri ictimaiyyətin diqqətinə çatdırmaq olub.
Tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, millət vəkilləri, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Təhsil İnstitutunun, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil ekspertləri və məktəb direktorları iştirak edib.
Hesabat tədbirini giriş sözü ilə açan Emin Əmrullayev həyata keçirilən layihə ilə bağlı ətraflı məlumat təqdim edib.Emin Əmrullayev bildirib ki, layihə çərçivəsində Bakı şəhərində və 10 rayonda 50 icma seçilib, hər icmaya orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq layihəyə cəlb olunub. İcmada iştirak edən valideyn məktəbəqədər təhsil qruplarında övladını könüllü şəkildə qeydiyyatdan keçirir və razılığa əsasən həftədə bir neçə gün 2-4 saat ərzində uşaqlara hazırlıq təşkil olunur. İcmalarda dərslər könüllü müəllimlər, məktəb işçiləri və ya valideynlər tərəfindən aparılır. Keçirilən dərslər mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış “İcma əsaslı məktəbəqədər təhsil proqramı” vəsaitinə əsaslanır.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsinin uğurla həyata keçirilməsini diqqətə çatdıraraq bu cür təşəbbüslərə dəstək verməkdən məmnun olduqlarını qeyd edib.
Daha sonra təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək Azərbaycan Respublikasının dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri olan məktəbəqədər təhsilin əhəmiyyətindən və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışıb. Erkən uşaqlıq dövrünü uşaqların potensial imkanlarının inkişafı dövrü hesab edən Ceyhun Bayramov bu yaş dövründə təhsilin uşağa ətraf mühitin kəşf olunmasına, baş verən dəyişiklikləri şüurlu şəkildə dərk etməsinə, sosiallaşmasına, digər uşaq və böyüklərlə əməkdaşlıq etməsinə imkan yaradan bir vasitə olduğunu, öyrənilən hər bir bacarıq və vərdişin uşağın məktəbdə oxumasına, eləcə də sonrakı həyatı boyu necə öyrənməsinə böyük təsir göstərdiyini vurğulayıb.
Ceyhun Bayramov Təhsil Nazirliyi ilə UNİCEF arasında səmərəli və islahatyönümlü əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığa görə təşkilatın Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib.
UNİCEF ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında imzalanmış “2016-2017-ci illərə dair Dövri Fəaliyyət Planı”nına uyğun olaraq “Təhsil Nazirliyinə ailələrin maarifləndirilməsi proqramı əsasında valideynlərin maarifləndirilməsi proqramının və 3-4 yaşlı uşaqlar üçün təlim modullarının hazırlanmasına, Bakı şəhəri və 10 rayonda pilotdan keçirilməsinə texniki dəstək” layihəsinin icrası Təhsil İnstitutuna həvalə olunub. Layihə istiqamətində hər rayondan bir neçə nəfər olmaqla, 20 icma rəhbəri cari ilin sentyabr ayında təlimdən keçib, vəsaitlə tanış olub və icmalara qayıdaraq valideynlərlə layihə, uşaq inkişafı və mərhələləri, həmçinin, uşaqlarla düzgün davranış qaydaları barədə fikirlərini bölüşüb, proqram vəsaitini valideynlərə paylayaraq ondan istifadə qaydaları ilə bağlı məlumat veriblər.
Tarix: 15-01-2018, 12:01