Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Müzakirələri üzrə baş direktoru rəhbərlik etdiyi nümayəndə heyəti ilə Dövlət Dəmir Yolu Liseyində olmuşdur
Yanvarın 30-da Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Müzakirələri üzrə baş direktoru Kristian Danielson (Christian Danielson) rəhbərlik etdiyi 8 nəfərdən ibarət nümayəndə heyətiylə respublikanın tanınmış ilk peşə-ixtisas təhsili müəssisələrindən olan Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin qonağı olmuşdur. Nümayəndəlik Dövlət Dəmir Yolu Liseyinin modernləşməsi ilə bağlı müzakirələr aparmışdır.
Təhsil Mərkəzinin direktoru fəlsəfə doktoru, dosent Həsən Bayramov qonaqlara Dövlət Dəmir Yolu Liseyinin tarixindən bəhs edərək, peşə təhsili və təlimi sektorunda müəyyən edilmiş prioritetləri, o cümlədən peşə təhsili və təlimi sektorunun iqtisadiyyatın digər sektorları ilə qarşılıqlı əlaqədə olmaqla, onların potensialının tam reallaşdırılmasında mühüm rol oynadığını və bu sektora qoyulan investisiyalar nəticəsində iqtisadiyyata multiplikativ təsir göstərdiyini vurğulamışdır. O qeyd etmişdir ki, “Qloballaşma, qlobal iqtisadi mühit, məhsuldarlıq tələbləri və məşğulluq üçün təhsilə diqqətin artması mühüm qlobal trend iqtisadi məhsuldarlığın amili kimi peşə təhsili və təliminin əhəmiyyətini artırır. Eyni zamanda qloballaşma ölkələr arasındakı əlaqələri genişləndirir və bunun nəticəsi olaraq təhsil sistemlərinin fəaliyyət və effektivliyinin müqayisəsinə maraq artır. Məhz bunun nəticəsidir ki, peşə təhsili rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir”.
Liseyin direktoru işəgötürən müəssisələrlə, Azərbaycan Dəmir Yolları QSC və Bakı Metropoliteni QSC ilə qarşılıqlı əməkdaşlığın perspektivlərinə də toxunmuş, liseyin modernləşdirilməsində, xüsusilə maddi-texniki və tədris-istehsalat bazasının gücləndirilməsində adıçəkilən təşkilatların rolundan, şagirdlərin peşəkarlığında həmin müəssisələrdə keçirilən istehsalat təcrübəsinin əhəmiyyətindən danışmışdır.
Qonaqlarla liseydə keçirilən görüşdə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin işəgötürənlərlə əlaqələr və peşəyönümü şöbəsinin müdiri Eldar Salahov iştirak etmiş, liseyin problemləri, perspektivləri, onun modernləşdirilməsi ilə bağlı nümayəndə heyəti ilə fikir mübadiləsi aparmışlar.
Qonaqlar Təhsil Mərkəzinin “Avtotormoz”, “Metropoliten”, “Hərəkət heyəti”, “Elektrotexnika” və s. kabinetlərində olmuş, şagirdlərlə, mühəndis-pedaqoji heyətlə görüşmüş, liseyin tədris həyatı ilə tanış olmuşlar.
Aybəniz Məmmədova,
Dəmir Yolu və Metropoliten üzrə Bakı
Dövlət Peşə Təhsil Mərkəzinin tərbiyə
işləri üzrə direktor müavini
Tarix: 14-03-2017, 11:27