Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Gəncə Dövlət Universitetində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində qarşıda duran vəzifələr müzakirə olunub

 
 
Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan səmərəli sosial - iqtisadi siyasət ölkəmizin dinanik inkişafını təmin edib. Həyata keçirilən institusional islahatlar, irimiqyaslı infrastruktur layihələri Azərbaycanın dünyada nüfuzunu artırıb, onu regionda lider ölkəyə çevirib və davamlı inkişaf üçün əlverişli şərait yaradıb. Prezident İlham Əliyevin Fərmanı ilə milli iqtisadiyyat və iqtisadiy­yatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin təsdiq edilməsi  Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliy­yətli inkişafını dövlətin iqtisadi siyasətinin prioritet istiqamətinə çevirməklə yanaşı, həm də, təhsil sistemi qarşısında da mühüm strateji vəzifələr müəyyənləşdirib.
Bu baxımdan, universitetlərin cəmiyyət və dövlət qarşısında məsuliyyət və öhdəlikləri ölkənin inkişaf səviyyəsinə, dövrün elmi-texniki tərəqqisinə və tələbinə, dünyada baş verən tendensiyalara uyğun olaraq artıb. Belə bir şəraitdə ali təhsil müəssisələri, ilk növbədə, müasir informasiya-kommunikasiya texnologiyalarından təhsilin təşkili və idarə olunmasında, elmi tədqiqat işlərinin aparılmasında geniş istifadə etməklə yüksək səviyyəli, rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən və insan kapitalının formalaşmasında mühüm rol oynayan elm və təhsil mərkəzləri olmalıdırlar. Ona görə də universitetlərin modernləşdirilməsi və islahatların daha da sürətləndirilməsi hazırda ölkə qarşısında duran mühüm vəzifələrdən biridir.
Gəncə Dövlət Universitetinin (GDU) Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin məlumatına görə, bu fikirlər GDU-da “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində 2017-2018-ci tədris ilinin ikinci ayının yekunlarına və qarşıya qoyulan vəzifələrə həsr olunmuş iclasda səsləndirilib.    Universitetin rektoru, professor Yusif   Yusibov tədbiri açaraq əvvəlcə 2017-ci il noyabrın 15-də Təhsil  Nazirliyində keçirilən kollegiya iclası barədə məlumat verib.  Bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun, kollegiya üzvlərinin, eləcə də nazirliyin struktur bölmə rəhbərlərinin və ali təhsil müəssisələri rektorlarının iştirak etdiyi iclasda GDU rektoru Y.Yusibovun ali təhsil müəssisəsində tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr və maliyyə-təsərrüfat fəaliyyətinin təşkilinə dair  hesabatı dinlənilib.  Kollektivin üzvləri kollegiya iclasında Təhsil Nazirliyi tərəfindən qaldırılan məsələlər, həmçinin qarşıya qoyulan vəzifələr və əsas fəaliyyət istiqamətləri barədə məlumatlandırılıblar.
Sonra rektor Yusif Yusibov “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində GDU kollektivi qarşısında duran vəzifələr barəsində məlumat verib. Bildirilib ki, son illər Gəncə Dövlət Universitetinin inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Belə ki, universitetdə təhsil-tədris prosesində keyfiyyətin yüksəldilmə­si üçün ali təhsil müəssisəsinin infrastrukturu yaxşılaşdırılıb, 5-ci tədris korpusu əsaslı təmir-tikinti və yenidənqurmadan sonra müasir səviyyəyə çatdırılıb. Universitetin maddi-texniki və tədris bazası möhkəmləndirilib. Beşinci tədris korpusunda GDU ilə TİKA-nın birgə əməkdaşlığı sayəsində 40 minlik kitab fondu olan Nuru Paşa adına  müasir kitabxana qurulub. Universitetin normativlər toplusu təkmilləşdirilib, müasir kompetensiyaya malik kadrlarla təminatın səviyyəsi yüksəldilib. Bunun üçün dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq müqavilələri imzalanıb, qarşılıqlı əlaqələr yaradılıb, beynəlxalq konfranslarda, elm və təhsil layihələrində iştirak təmin edilib, professor-müəllim və tələbələrin akademik mobillik proqramlarına qoşulması sürətlənib. Görülmüş işlərin uğurlu nəticəsi olaraq Türkiyə Respublikasının bir sıra ali məktəbləri ilə Mövlanə Mübadilə Proqramı çərçivəsində qarşılıqlı müəllim və tələbə mübadilələri həyata keçirilib. Həmçinin universitetin beynəlxalq əlaqələr şöbəsi Avropa İttifaqının “ERASMUS +”, “Avropa Qonşuluq Siyasəti” və “Şərq Tərəfdaşlığı” proqramları çərçivəsində “Tvinninq” layihələrinin fəal iştirakçısına çevrilib. Universitetdə aparılan elmi tədqiqat işlərinin dünya səviy­yəsində rəqabət qabiliyyətliliyini təmin etmək və alınan nəticələrin sənayeyə tətbiqinə nail olmaq üçün kimyəvi materialşünaslıq elmi tədqiqat laboratoriyası və digər laboratoriyalar yenidən qurulub. Elm və təhsil təşəbbüslərinin kommersiyalaşdırılmasını təmin etmək, həmçinin respublikanın Qərb bölgəsində innovasiya mədəniyyətini formalaşdırmaq və informasiya texnologiyaları sahəsində gənclərin yeni ideyalarını dəstəkləmək üçün İnnovasiyalar departamenti fəaliyyətə başlayıb. Təhsil prosesinin vacib gös­təricilərindən olan semestr və dövlət imtahanlarının təşkili, imtahan formalarının müəyyənləşdirilməsi və təkmilləşdirilməsi, eləcə də imtahanlarda obyektivliyin və şəffaflığın təmini məqsədilə bir çox yeniliklər tətbiq edilib, valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan prosesini müşahidə etməsi üçün “Açıq qapı” günləri keçirilib. Həmçinin Gəncə Dövlət Universitetində baş verən yeniliklərin ictimaiyyətə daha dolğun və operativ çatdırılması məqsədilə Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin fəaliyyəti yenidən təşkil edilib. Əldə olunan nəticələrin universitetin gələcək inkişafı üçün əsas olduğunu deyən rektor Y. Yusibov bildirib ki, ölkənin Qərb bölgəsində fəaliyyət göstərən ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti ümumtəhsil məktəbləri üçün pedaqoji kadrların hazırlanması işini bundan sonra da yüksək səviyyədə davam etdirəcəkdir. Qeyd edilib ki, Prezident İlham Əliyevin Azərbaycan təhsilinə göstərdiyi hərtərəfli diqqət və qayğı, həmçinin Təhsil Nazirliyi tərəfindən təhsildə keyfiy­yətin əldə edilməsi istiqamətində aparılan çoxsaylı islahatlar Gəncə Dövlət Universitetinin inkişafını şərtləndirən və kollektivə stimul verən əsas istiqamətdir. Məlumat verilib ki, hazırda normativlər toplusunun təkmilləşdirilməsi, təhsildə yeni məzmunun əldə edilməsi, təlim texnologiyalarının və tədris vasitələrinin yeniləşdirilməsi, ali təhsil müəssisəsinin strukturunun və idarə olunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, universitet və fakültə Elmi Şuralarının fəaliyyətinin yenidən təşkili, əmək bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin səmərliliyinin yüksəldilməsi, maddi-texniki və tədris bazasının müasir tələblərə uyğun qurulması, yeni maliyyələşmə siyasətinin hazırlanıb həyata keçirilməsi istiqamətində mühüm addımlar atılacaq.
Daha sonra 2017-2018-ci tədris ilində əldə olunan nəticələr və qarşıda duran məsələlərə dair tədris işləri üzrə prorektor, dosent Fəxrəddin Məmmədovun,  inzibati təsər­rüfat işləri üzrə prorektor Fəxrəddin Həsənovun, Təcrübə və karyera şöbəsinin müdiri Mahir Məmmədovun,  humanitar məsələr üzrə prorektor, dosent Gülsüm Fətəliyevanın, təhsildə keyfiyyətə nəzarət və nizam-intizam komissiyası sədrlərinin ayrı-ayrı fakültələr və tədris korpusları üzrə hesabatı dinlənilib.
Rauf Hacıyev,
Gəncə Dövlət
Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri


Tarix: 11-12-2017, 13:15

Xəbəri paylaş