Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Lənkəran Dövlət Humanitar Kollecində “dəyirmi masa”

Lənkəran Dövlət Humanitar Kollecində “İslam Həmrəyliyi İli” çərçivəsində “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə “dəyirmi masa” keçirilib. Tədbirdə kollecin şöbə müdirləri, fənn birləşmə komissiyası (FBK) sədrləri, müəllim və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva açaraq qeyd edib ki, 16 noyabr tolerantlıq günüdür. Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir. Prezident dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir. Prezident İlham Əliyev Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət, dinlərarası dialoq gücləndirilməlidir.
Dövlətin gücünü  əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Sonra kollecin “Texnologiya və təsviri in­cəsənət” FBK-nın sədri Səbirə Sadıqova “İslam və incəsənət” mövzusunda çıxış edib. O, öz çıxışında qeyd edib ki, İslam sivilizasiyasında incəsənətin özəl, hətta ən mühüm yeri vardır. İslam insanlara həyata estetik baxışları təbliğ edir. Digər tərəfdən isə İslam heç zaman milli mədəniy­yətlərin assimiliyasiyası ilə razılaşmayıb, əksinə hər xalqın adət-ənənələrinin qorunmasını, hörmət edilməsini labüd sayır.
“Pedaqogika və psixologiya” FBK-nın sədri Nahidə Cəfərova “İslamda əxlaq yalnız ədəbdirmi?” mövzusunda çıxış  edib. “Tarix və ictimai elmlər” FBK-nın sədri Əbdül Hüseynov çıxışında bildirib ki,  İslam ədalət və bərabərlik dinidir. “İslam ədəbiyyatımızda” mövzusunda kollecin “Ana dili və ədəbiyyat” FBK-nın sədri Nuranə Əsgərova çıxış edib. O, çıxışında göstərib ki, ədəbiyyatın bütün dövrlərində yazılmış bütün ədəbi nümunələrində islamın mənəvi, tərbiyələndirici prinsipləri yetərincə işıqlandırılmışdır. “İqtisadiyyat və idarəetmə” FBK-nın sədri Qətilə Şükürova “İslam və gənclik” mövzusunda bir sıra məsələlərə toxunub. O, gənclərimizə multikultural dəyərləri öndə tutmağı tövsiyə edib. Kollecin musiqi nəzəriyyəsi müəllimi Ruhəngiz Məhərrəmova, “Fiziki Tərbiyə” FBK-nın sədri Farid Salayev, müəllimlərdən Esmira Şükürova, Cəmil Quliyev, Mübariz Sadıqov “dəyirmi masa”da öz fikirlərini bildiriblər. Sonda videoslayd təqdim olunub.
Cəmil Quliyev,
LDHK-nın müəllimi


Tarix: 11-12-2017, 12:39

Xəbəri paylaş