Gəncə Dövlət Universitetində Nuru Paşa adına müasir kitabxana qurulub
Gəncə Dövlət Universitetində (GDU) TİKA-nın maliyyə dəstəyi ilə Qafqaz İslam Ordusunun komandanı, 1918-ci ildə Bakı şəhərinin bolşevik-daşnak düşmən qüvvələrindən təmizlənməsində böyük xidmətlər göstərmiş türk ordusunun general-leytenantı Nuru Paşa adına müasir kitabxana qurulub.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin məlumatına görə, “Universitet üçün kitabxana” layihəsi ötən il TİKA-ya təqdim edilib. Layihə TİKA tərəfindən bir neçə mərhələdə baxıldıqdan sonra qəbul edilib və GDU-da müasir kitabxananın qurulmasına başlanılıb. Kitabxana üçün universitetin kompleks təmir-tikinti və yenidənqurma işləri yekunlaşmış 5-ci tədris korpusu seçilib.
Kitabxana bu cür xidmətin yüksək səviyyədə təşkili üçün zəruri inventar və avadanlıqlarla təmin edilib. Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını əks etdirən guşələr yaradılıb. Kitabxanada kompüterlər qurulub, əraziyə sürətli, genişzolaqlı internet xətti çəkilib.
Oxu zalı və ayrı-ayrı şöbələrdən ibarət kitabxana universitetin 5-ci tədris korpusunda yerləşən filologiya və xarici dillər fakültələrinin tələbələrinə xidmət göstərəcək.
Qeyd edək ki, geniş ərazini əhatə edən kitabxananın 40 minlik kitab fondu olacaq. Hər iki fakültənin tələbələri üçün zəruri olan 20 min kitab universitetin əsas kitabxanasından seçilərək yeni kitabxanaya köçürüləcək. Beş min kitab TİKA tərəfindən universitetə hədiyyə ediləcək. Müasir elmin nailiyyətlərindən bəhs edən, müxtəlif dillərdə olan həmin kitablar universitetin xarici dillər fakültəsində oxuyan tələbələrinin zəruri biliklərə və praktik dil bacarıqlarına yiyələnməsinə böyük töhfə olacaq. Yeni kitabxananın fondunu tamamlayan digər 15 min kitab isə universitetin daxili imkanları hesabına alınacaq. Müasir kitablar və dərs vəsaitləri ilə təmin olunan kitabxanada tələbələr həm də elektron kitabxana xidmətlərindən istifadə edə biləcəklər.
Tarix: 11-12-2017, 12:38