Hüquq olimpiadasının qalibləri mükafatlandırılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri arasında keçirilən 12 noyabr-Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı olimpiadanın qalibləri bəlli olub.
Hər il paytaxtın bir rayonu üzrə məktəblilər arasında keçirilən bilik yarışı bu dəfə Sabunçu rayonunda təşkil olunub. Olimpiadada rayonda yerləşən 46 məktəbin hər birindən 20 nəfər X və XI sinif şagirdi iştirak edib.
Olimpiadada şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50 sual təqdim olunub.
Olimpiadanın nəticələrinə əsasən, 192 nömrəli tam orta məktəb I, 72 nömrəli məktəb-lisey II, 90 nömrəli məktəb isə III yerə layiq görülüb.
Olimpiadanın qaliblərinə və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən olimpiadanın əsas məqsədi gənclər arasında hüquqi mədəniyyətin və biliklərin inkişafı, Azərbaycan Respublikası Konstitusiyasının əsasları və mahiyyətinin daha dərindən öyrənilməsindən ibarətdir.
Tarix: 11-12-2017, 12:06