Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan dilimiz milli kimliyimizdir

Heydər Əliyev: «Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan,inkişafetdirən onun dilidir».
Ana dili! Nə qədər ali bir kəlmə. Bir layla tək ruhumuza süzülən müqəddəs qida. Sən nə qədər əzəmətli, qüdrətli, şairanəsən mənim doğma dilim. Bu günə qədər saflığını, təmizliyini, zənginliyini qoruyub saxlayan, işğalçıların təzyiqindən, minilliklərin sınağından qalib çıxan dilimiz haqqında yazı hazırlamaq istəyərkən Azərbaycan söz sənətinin incilərini xatırladım. Sən Koroğlunun, Babəkin döyüş çağırışı, Nəsiminin, Xətainin, Mirzə Cəlilin əsərlərinin ahəngisən. Məhz həmin mütəfəkkirlərin, şair və yazıçıların sayəsində Azərbaycan dili öz şirinliyini, bədiiliyini qoruyub saxlayaraq bugünkü nəsillərə ərməğan olub.
Hər il bütün dünyada olduğu kimi Azərbaycanda da 21 fevral Beynəlxalq Ana Dili Günü kimi böyük coşğu ilə qeyd olunur. Xatırladaq ki, bu tarixi gündə - 1952-ci il fevralın 21-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz edənlərdən 4 nəfər şəhid olub. Banqladeş səfirliyinin təşəbbüsü ilə həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi 21 fevral YUNESKO tərəfindən Ana Dili Günü elan edilib. Bu tarixi gün hər kəsə öz doğma dili ilə qürur duymağı, onu qorumağı bir daha xatırladır.
Azərbaycan dilinin inkişafı, problemləri daha çox XX əsrlə bağlı olub. Həmin dövrdə Azərbaycan ədəbi dili bənzərsiz bir problemlə qarşılaşıb. Bu da daha çox bədii əsərlərin dili və mətbuat problemi idi. Azərbaycan ədəbi dilinin müasir mərhələsində mühüm hadisələrdən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu alması olub. Bu gün dilimizin xoşbəxt günlərini yaşamasının bir səbəbi də azərbaycanlı olması ilə fəxr edən ümummilli liderimiz Heydər Əliyevin dilimizə göstərmiş olduğu qayğı və diqqətin nəticəsidir. Azərbaycan dilinin zəngin lüğət tərkibinə yaxşı bələd olan, ədəbi və xalq danışıq dilini dərindən bilən Heydər Əliyev dövlət dilinin inkişafı mərhələsində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında», həmin il avqustun 9-da «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» fərmanlar imzalamışdı. Həmin fərmanlarda dilimiz əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdi.
«Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir» deyən dahi şəxsiyyət Heydər Əliyev ana dilimizin saflığının qorunması üçün mühüm işlər görmüşdü. Latın qrafikalı Azərbaycan əlifbasına keçid də dilimizin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bütün bunlar dilimizə yüksəliş, yeni nəfəs verdi. Bu gün Azərbaycan dili təkcə respublikamızda deyil, həm də bir çox ölkələrdə yaşayıb-yaradan əlli milyonluq xalqın dilidlr. Ana dilimizi dünya azərbaycanlılarının həmrəyliyinin təməli hesab edən ümummilli lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyev də bu sahəni diqqətdən kənarda qoymayıb. Ölkə rəhbərinin 2012-ci il tarixli «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında» sərəncamı buna sübutdu. Bu gün beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndələri doğma ana dilində dövlətinin hüquqlarını, mənafeyini müdafiə edirlər.
Ölkə rəhbəri İlham Əliyev 20l5-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı çıxışında dil məsələsinə də toxunaraq demişdir: «Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, bir millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç blr xarici kəlməyə ehtiyacı yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz ­Azərbaycan ­dilinin saflı­ğını tə­min etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nə­sil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır».
Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranıb, nə qədər hikmətli sözlər söylənilib. İlk dəfə Şah İsmayıl Xətainin hökmdarlığı, sonra Azərbaycan Cümhuriyyəti dövrundə dövlət işləri Azərbaycan dilində aparılıb. Müstəqillik əldə edildikdən sonra qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilimizin Azərbaycan dili olması təsbit olunub.
«Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir» - deyən Heydər Əliyevin dil siyasəti dilimizin inkişafı istiqamətində göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu təcrübədən daim istifadə olunur və bundan sonra da olunacaqdır. Dilçilik Azərbaycanda inkişaf etmiş sahədir. Orta məktəblərdə bu dilin tədrisinə qayğı daha da artırılmaqdadır. Bu işdə ən şərəfli peşə sahibləri olan müəllimlər daha da fəal çalışaraq milli sərvətimizi şərəflə gələcək nəsillərə ötürürlər.
Ana dili! Məhz bu dilin köməyi ilə biliklərə yiyələnib, arzularımızı, sevincimizi, kədərimizi bildirmişik. Bu dillə fəxr etməyə dəyər. Həm də ona görə fəxr etməyə dəyər ki, bu dil bizi dünyaya gətirən Anamızın dilidir. Torpağında böyüdüyümüz Vətənimizin dilidir. Azərbaycan Respublikasının Dövlət dilidir.

Hazırladı:
Günel Şirvanlı


Tarix: 14-03-2017, 11:06

Xəbəri paylaş