Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

DİL VƏ GENDER

Fikrət Əlizadə,

Bакы Dювлят Uниверситетинин

Азярбайъан дилчилийи кафедрасынын досенти



DİL VƏ GENDER
(linqvistik, fəlsəfi, dini, tibbi-psixoloji yanaşma)

Müxtəlif təbəqə, vəzifə, peşə, yaş və cinslərə eyni zamanda xidmət göstərən ən möhtəşəm, ən möcüzəli ünsiyyət vasitəsi dildir. Əlbəttə, bu cür fikri leksikası zəngin olmayan dillər haqqında demək çətindir. Düzdür, belədə istər Afrika tayfaları, istərsə Amerika hünduları sözlə də olmasa, digər vasitələrlə – jest, mimika və s. işarəvi yollarla öz fikirlərini çatdırmağa nail olurlar. Şübhəsiz ki, söz qüdrətli silahdır. O olmadıqda mürəkkəb anlayışlara yollar bağlanır. Elə dillər var ki, onun leksik omonimliyini ton tənzimləyir və eyni kök, məsələn, amorf Çin dilində 4 tona – adi, enən, qalxan, enib-qalxan tona görə müxtəlif mənalar daşıyır. Flektiv ərəb dilində kök samitlərin müxtəlif qəliblərə düşməsi külli miqdarda söz yaradır. İltisaqi Azərbaycan dili dünyada ən zəngin dillər sırasında duraraq, səsləniş və imkanlarına görə türk dillərinin tacı hesab olunur.
İtaliyada ali musiqi təhsili almış böyük müğənnimiz Bülbül Aşıqların II qurultayında (1938) bir sıra rus musiqi nəzəriyyəçilərinin fikrini də əsas tutub qeyd etmişdir ki, doğma dilimiz vokal – opera sənəti üçün hədsiz uyğun gələn italyan dilindən heç də geri qalmayaraq, hətta onu özünəməxsus sait çoxluğu və spesifikliyinə görə üstələyən ən melodik dillərdəndir.
Azərbaycan dilinə hər bir klassiki, hər cür sahənin fikir dahisini çevirmək mümkündür. Çünki dilimizdəki həm leksik imkanlar, həmçinin poetik-üslubi çalarlar əcnəbi dildəki fikirləri, demək olar ki, əslinə yaxın, və ya eyni ilə tərcümə etməyə yol verir.
Dildəki imkanlar, onun leksikası çiy material, bir növ, istifadəsiz rəng palitrasını, çalınmamış alət klaviaturasını xatırladır. Qəlbləri istənilən səmtdə riqqətə gətirmək üçün bu rənglərdən, səslərdən məharətlə istifadə etmək olar (lazımdır!).
Eyni zamanda dil elə sistemli bir materialdır ki, ondan varlı da, kasıb da, vəzifəli də, vəzifəsiz də, uşaq da, böyük də və nəhayət, kişi də, qadın da öz mövqeyindən, öz aləmindən çıxış edə bilər.
Dildə qadın və kişi nitqinə gəldikdə isə, çox maraqlı faktlarla üzləşmiş oluruq. Bu məsələyə gəlməzdən qabaq dillərdə cins kateqoriyasına toxunduqda, ya ərəb dilindəki kimi kişi, qadın, ya da rus dilindəki kimi 3 cinslə – kişi, qadın və orta cinslə rastlaşırıq. Lakin ingilis, fars, bir sıra Qafqaz dillərində olduğu kimi, ümumilikdə türk dillərində, həmçinin Azərbaycan dilində qrammatik cins kateqoriyası yoxdur. Cins kateqoriyasının olmaması heç də onu göstərmir ki, danışıqda anlaşılmazlıq yaranır. Sadəcə, qıza, qadına işarə etdikdə əlavə olaraq «o» işarə əvəzliyindən sonra «qız», «qadın», «xanım» sözlərindən istifadə olunur. Qeyd edək ki, kişiyə isə belə işarə nadir halda olur, yəni «o»(şəxs əvəzliyi !) deməklə kifayətlənilir. Deməli, kişi cinsinə bir qədər üstünlük verilir.
Bir çox dillərdə özünəməxsus «ADAM» dedikdə, ilkin mənasına görə «kişi» nəzərdə tutulur. Məs.: ingilis dilində «mən» «kişi = adam», fars dilində də «mərd» «kişi = adam», türk dilində isə bir qədər tərsinə olaraq,«kişi» «adam» («erkək» isə «adam») deməkdir. O da maraqlıdır ki, biz «mərd adam» dedikdə, əslində «kişi adam» deyirik. Nadir halda ya sözə qarşılıq tapmaq olmur, ya da başqa bir söz ağırlığı öz üzərinə çəkərək omonimləşir. Məs.:rus dilində «mal`çik – devoçka», «sın – doç`» olduğu halda, Azərbaycan dilində «oğlan – qız» və «oğul – qız» işlənir.
Göründüyü kimi, «qız» həm cinsə, həm də övlada (bəzi məqamlarda bakirəliyə və ya oğlanın öz istəklisi üçün dediyinə) işarədir.
Yaxud, yenə rus dilində həm oğlanın, həm də qızın ata-anası tam fərqli sözlərlə verilir:«test` – tyoşa» oğlanın, «svyokr–svekrov`» qızın ata-anasıdır. Azərbaycan, o cümlədən türk dilində oğlan-qız tərəfinin valideynlərinə fərq qoymadan «qayınata və qayınana» sözləri işlənir. Maraqlıdır ki, nitq etiketlərini tam nəzərə alan fars dilində bu anlayışlar «pedərşouhər – madərşouhər», «pedərzən - madərzən», yəni «ərin atası- «ərin anası», «arvadın atası – arvadın anası» kimi verilir. Azərbaycan dilində isə kişi-qadına etik qadağa – tabu qoyularaq, hər iki cinsin mövqeyindən «qayınata, qayınana» işlədilir. Həmçinin qarşılıqlı qadağa hər iki tərəfin bir-birini başqalarına təqdim etməsində də aydınca görünür: qadın «uşaqların atası» - «həyat yoldaşım» -«evin ağası» - «o», «oğlunuz», kişi isə «uşaqların anası» - «həyat yoldaşım», «qızın(ız)» deyir. Nadir halda bəzi dialektlərimizdə kişi sərbəst olaraq, «arvadağa», hətta «arvadım» işlədir.
Digər qohum-əqrəbaya gəldikdə isə, rus dilində kişi-qadın tərəfə fərq qoyulmadan Azərbaycan dilindəki «əmi – dayı» «dyadya», «bibi –xala» «tyotya» olur.
Bioloji-fizioloji baxımdan fərqli olan qadın və kişilər həm psixoloji, həm də məntiqi cəhətdən – fikir tərzi, ümumiləşdirmə və assosiasiyalarına görə nəzərəçarpacaq dərəcədə müxtəlifdirlər. Psixologiyada sol yarımkürə – Çin fəlsəfəsinə istinadən kişi başlanğıclı olub, «yan» adlanır – məntiqi, mexaniki nitqi tənzimləyir, sağ yarımkürə isə – qadın başlanğıcı ilə bağlı olub, «in» adlanır – fantaziya, yaradıcılıq, duyğu, emosional mərkəzləri idarə edir. Kişidə sol yarımkürə daha üstün – dominant olub, abstrakt təfəkkürə, qadında isə sağ yarımkürə inkişaflı olub, konkret düşüncəyə meyillidir. Sağ yarımkürənin idarə etdiyi nitq qadın ifasında emosionallaşır. Sanki həmahənglik yaransın deyə, Allah bu iki cinsi naqisliklər cəhətdən bir-birini tamamlamaq üçün yaradıb. Kişinin duyğu aləmi nə qədər səthidirsə, qadın bu baxımdan hədsiz həssasdır. Əqli ümumiləşdirmələr yönündən kişi daha məntiqli, yaradıcıdır. Dini istinadlara görə, dilin yaradıcısı məhz kişidir, onun yaratdığının məharətli, təsirli ifaçısı isə qadındır.
Təsviri yanaşma, sosioloji sorğu və əldə olunan nəzəri materiallar təsdiq edir ki, qadın nitqi, doğrudan da, kişi nitqindən xeyli emosionaldır. Buna səbəb qadının daha duyumlu, ekstrasensor qabiliyyətli – öncəgörümlü, intuitiv məxluq olmasıdır. Məhz qadın qada-bəlaları öncədən duyub xəbərdarlıq edir. Kişi isə bunun müqabilində daha duyumsuz, ötkəm, məğrur, öz məntiqinin qulu kimi görünür ki, bu da onu inadkar edir. Lakin təəssüf doğuranı odur ki, «Qadın məsləhətinə qulaq as və tam onun əksini et» fikri Şərq dünyasından qırmızı xətlə keçir.
Ümumiyyətlə, qadına münasibət hələ dini kitablardan tutmuş ya mənfi, ya da ikilidir. Məs.: Əhdi-Ətiqdə Adəm Allahın iradəsi ilə yaranmış düşüncəli məxluqdur. O darıxmasın deyə, Allah onun qabır­ğasından Həvvanı yaradır. Yəni belə başlanğıc artıq kişi cinsinə üstünlük verir. Adəmin cənnətdən qovulması Həvvanın hisslərə qapılıb onu şeytanın dediklərinə əməl etdirməsindən irəli gəlir.
Dilimizdə mənfi mənada işlənən «qabırğa», yəni «kənək, öz bildiyini edən, sözə baxmayan», təəssüf ki, Həvvanın timsalında qadına işarə ilə bağlıdır. (Və ya Həvvanın = qadının şeytan əməlinə uyduğunu qeyd edən və əcdadının cənnətdən qovulmasına görə acıqlı olan kişilər (bəzənsə qadınlar) «Qadın şeytan əməlidir», «Qadın şeytandır», «Qadın yıxan evi fələk də yıxa bilməz» deyirlər. Qadından başqa şeytanın feilinə uşaq – saf hissli məxluq, əyyaş və ruhi xəstə kimi ağlıçaşmışlar düşə bilər. Odur ki uşaq üçün də deyilir: «Uşaq şeytandır» və ya «Şeytan uşaqdır», «Şeytan balası»). Amma digər tərəfdən, ana səviyyəsində artıq belə bir fikir – «Cənnət anaların ayağının altındadır» ( Məhəmməd peyğəmbər- ə.s.ə.) bütün Şərq üçün hakimdir. Ümumiyyətlə, qız, qadınlarımızı tərif edən atalar sözlərimiz, yazılı bədii nümunələrimiz, hikmətli sözlərimiz az deyil: «Qızı verərsən, özünə oğul qazanarsan», «Ana ürəyi – dağ çiçəyi» («Kitabi-Dədə Qorqud»), «Qadın mələkdir», «Qadın gözəllikdir», «Qadın ilk-öncə bəşəriyyətin qoruqçusudur» (belə münasibət poeziya və nəsrimizdə çox işlənir)və s.
Türk, Azərbaycan mentalitetinə görə bizi qoynunda bəsləyən, heç bir nemətini əsirgəməyən torpağımız, ocağımız, yurd-yuva-el-obamız, bir sözlə, vətənimiz ANA Vətən adlanır. Şirin ANA südündən qidalanmış balalarımızın ilk şirin mənəviyyat dili ANA dili-dir. Andlarımızda «Anam(ın) (əziz) canı (üçün)!», «Anamın başına and olsun!», «Anamın ruhu haqqı!» işlədirik. Yaxud «Ana haqqı –Tanrı haqqı!» («Kitabi-Dədə Qorqud»), «Ananın haqqını tapdalamaq olmaz», «Ana haqqını itirənin gözü kor olar («Ana haqqını itirən gün görməz») kimi ifadələr vardır.
Yaxud peşmançılığa, zülmə işarə kimi «Anadan əmdiyim süd burnumdan gəldi» deyirlər. Qıza, anaya münasibətdə toxunulmazlıq, müqəddəslik xalqımızın mənəviy­yatının önəmli tərəfini təşkil etdiyi üçün «Qıza, qadına əl qal­dırmaq kişilikdən deyil» və ya «Anasına əl qaldırandan nə gözləmək olar?» ifadəsi hər şeyi aydınca anladır.
Həmçinin türk dünyasının ulu diyarı Azərbaycanda qız, qadına formal deyil, həqiqi, qeyrətli münasibət kiçik planda «Qız (qadın) yanında söyüş söymək, artıq hərəkət etmək olmaz!» fikrindən savayı, böyük planda «Qadın örpəyini tapdalayıb-keçmək olmaz!» fikri xalqımızın ərənləri üçün böyük Çin səddidir.
Qarabağda təcavüzkarlığın ilk qığılcımları zamanı xalqımızın əliyalın oğulları başdan-ayağa silahlı ermənilərin üstünə gedərkən ilk növbədə böyükürəkli ANA olan Xuraman Abbasovanın ayaq altına atdığı örpək heç kəs tərəfindən tapdalanmadı. Bu hərəkətdən heyrətə gəlmiş müxtəlif millətlərin nümayəndələri arasında rus şairi Y.Yevtuşenko da var idi. O bu mü­nasibətlə örpəyə şeir həsr edib yazmışdı ki, kaş bütün ölkələrin mərd kişilərinin qarşısına onları dəhşətlərdən, müharibələrdən çəkindirmək üçün örpək atmaq mümkün olaydı.
Dilimizdə sözlərin bir qismi semantikasına görə eşidilən kimi assosiativ cinslənir. Məs.: «igid, coşqun, ağciyər, ovlamaq» kimi sözlər ilk qavrayışda kişiyə xas sözlərdir; «gözəl, zərif, nazlı, doğmaq» qadınlara xasdır. Maraqlıdır ki, rus dilində assosiativ yöndən kişilərə aid olan sözlər qrammatik əlamətinə görə, məsələn, «voyna» (müharibə , «bomba», «aqqressiə» (təcavüz) qadın cinsindədir. Hətta əgər təbii cins nəzərə alınmasa idi, «mujçina» (kişi), «papa» (ata), «dədə» (əmi, dayı) sözləri də bu baxımdan qadın cinsinə aid olardı.
Göründüyü kimi, burada qrammatik cins əlaməti çox şərti xarakter daşıyır. Əlbəttə, müştərək sözlər daha çoxdur. Bəzən qarşılıqlı söz tapmaq olmur. Məs.: «nakişi»yə qadın tərəfdən uyğun söz yoxdur və bu heç mümkün də deyil! Bəzi hallarda isə dilimizdə şərqli təfəkkürü üçün anlaşılmaz olan «alfons» – qadın hesabına yaşayan kişi anlayışı verən sırf Azərbaycan və ya ərəb-farsmənşəli söz yoxdur. Diqqət yetirsək, kişilərə aidiyyətdə «yoldaş», qadınlara isə uyğunu «rəfiqə»dir. Bəs kişilər üçün «dost» anlayışı olduğu halda, qadınlar arasında belə anlayışın yenə də «rəfiqə» ilə bağlanması görəsən nə deməkdir? Yəni qadınlar bir-birinə dost ola bilməz? Bəlkə onlar emosional məxluq kimi daimi rəqabətdədir, heç kimə inanmırlar?
Bu baxımdan qadın və kişi dilinə görə fərqli olan yapon dili maraqlıdır. Ümumiyyətlə, bu dildə qadın danışıq imkanına və ictimai sayqısına görə aşağı mövqedə durduğu üçün hamı ondan yüksəkdə dayanır. Bunun nəticəsində zərif, nəcib danışıq forması yaranmışdır. Hətta qadın kişinin dediyi bir qisim əvəzlik və felləri işlətmək hüququndan məhrumdur; kişidən fərqli olaraq cümlə sonuna xüsusi hissəciklər artırır.
Türk dünyasının istər ərəb, istərsə farslarla müqayisədə qadına qarşı demokratikliyi, onu İslamı qəbul etdikdən sonra da yaşmaq­lanmağa, çadra altına az meyilliliyi dildə də öz əksini tapır. Qadını gözəllik mücəssəməsi kimi verən klassiklərimiz ona dərin sevgi, hörmətlə yanaşmışlar.
Bu baxımdan kişilər qadınlara bərabər hüquq verdiyi üçün onlar həm məişətdə, həm hərbdə, həm də siyasət və diplomatiyada kişilərdən geri qalmamışlar. Tariximizdə Tomris, Sara xatun, Natəvan kimi qadınlar nümunədir. Hökmdarlar öz xanımları ilə birlikdə dövlət başçıları və diplomatlarla görüşüb, həyat yoldaşlarını da dövlət işlərinə qoşmuşlar.
Türk dünyasında, xüsusən Azərbaycan mühitində qadınlara münasibətdə demokratiklik, özünə bərabərtutma 2000-ə yaxın müştərək kişi, qadın adlarının olmasından da görünür. Məs.: Arzu, Çərkəz, İsmət, İzzət, Məhəbbət, Pərvin, Şövkət, Tərlan.
Bəzən Ağazadə, Ağamalı, Allahyar, Anar, Elçin, Eldar, Ədalət, Firidun, Fərhad, Hidayət, İlqar, Kərəm, Qabil, Qüdrət, Lütfiyar, Mehman, Murad, Nəriman, Polad, Rza, Yalçın,Yaşar, Zülfiqar kimi sırf kişi adlarının qadınlara verildiyi hala təsadüf edilir. Həmçinin tezliyinə görə qadınlara məxsus olan Afaq,Bahar, Cəvahir, Çinar, Dilbər, Elnaz, Fərəh, Gülüş, Hicran,Xoşbəxt,İsmət Könül, Qəmər, Lütfinaz, Məhəbbət , Mətanət, Nübar, Nilufər, Töhfə, Ulduz, Ülkər, Vəfa, Yetər, Zümrüd, Züleyxa kimi adlar kişilərə də verilir. Halbuki çox inkişaf etmiş rus dilində bircə dənə də olsun, qarşılıqlı kişi-qadın adı tapmaq olmaz. (Rus dilində əzizləmə – kiçiltmə forması aldıqda 4-5 ad hər iki cinsə xidmət edir; Jenya = Yevgeniy–Yevgeniya, Saşa = Aleksandr – Aleksandra, Valya –
= Valentin – Valentina). Zəngin ərəb dilində bu hala tək-tük rast gəlindiyi halda, ingilis dilində, demək olar ki, heç təsadüf olunmur.
Adların qısa, əzizləmə-kiçiltmə formalarında da hər iki cins üçün eyni şəkilçilərdən istifadə olunur. Məsələn: Tat-oş (Tofiq …), Mamoş (Mamoy…), Zər–oş (Zərli, Zərəfşan…), Ata-ş (Atabala, Atamoğlan, Bala-ş (Balakişi…), Qara-ş (Qara…), Ana-ş (Anaxanım…), Nənə-ş (Nənəxanım…), Xan-ış (Xanverdi…), Fat–ış (Fatimə…), Məm-iş (Məhəmməd…), Mət-iş (Mətanət …), Hüs-ü (Hüseyn…), Fat-ı (Fatimə…), Gül-ü ( Gülər, Gülsənəm…), Ağa-sı (Ağaverdi….), Bala-sı (Balaqardaş…), Xala-sı (Xalabacı), Bibi-si (Bibixanım…), və i. a.
Qadınlar üçün azərbaycanlılar deyir: «Adəmi Adəm edən Həvvadır», müasir variantı: «Kişini kişi edən qadındır», «Aslanın erkəyi, dişisi olmaz», «Yüz fərsiz oğuldansa, bir fərli qız yaxşıdır», «Həcəri özündən qoçaq Nəbi» və s.
Kişi cəmiyyətin bel sütunu kimi sarsılmaz, mərd, öz ağlı ilə oturub-duran bir şəxs kimi nəzərdə tutulur. Odur ki, onun nitqi istər ton, istərsə söz ifadəsinə görə sərt, təmkinli, az melodik olmalıdır ki, təsir qüvvəsi olsun. Qadınlar isə nitqlərində nəinki qəşəng, mənalı danışmağa, həm də onu melodik bəzəməyə çalışır, həmçinin məzmundan asılı olaraq, gülüş və kədər elementlərindən, müxtəlif prosodik vasitələrdən – temp, fasilə,vurğu, intensivlik və s. istifadə edir. Qadın danışarkən sanki oxuyur. Çünki onun nitqi daha çox melodikaya köklənib. Emosional təbiət qadını məcbur edir ki, o daha çox nida, ədat işlətsin. Nidaları bir neçə dəfə təkrarlamaq, onlardan qabarıq vasitə kimi istifadə etmək, saitləri «dartmaq» – uzatmaq, çox zaman cümlə sonunda emosiyanı bildirmk və «melodik oxumaq» üçün nida işlətmək, samitləri qoşalaşdırmaq, yamsılamalardan çox istifadə etmək yalnız qadınlara xasdır.
Məs: ay //ay-yay-yay// a-ya-yay; uf // u-fu-fuf; oy // oy-yoy-yoy ; …… ay, …… uy , ey, iyx; gup-gup, tap-tup, tuup-tup – tuup-tup; «Azzar», «Başşıma xeyir» və s.
Qadın danışığını izləmək üçün bədii ədəbiyyatımıza müraciət edək:
Kamilə: Of, ürəyim tıp-tıp tıppıldayır (S.Rəhman, Toy)
Maral – Ay, ürəyim xarab oldu. (S.Rəhman, Toy)
Həlimə – Bıy, ay Maral bacı… (S.Rəhman, Toy)
Zalxa; – Ətin tökülsün, a kişi (S.Rəhman, Toy)
Zalxa – Ay ağrınızı alım, o qədər pıç-pıç elədiniz ki…kolxozda uşaq əlindən ayaq atmaq olmur. (S.Rəhman, Toy)
Zərifə – Başındakı olan-qalan tükü də mən tökərəm ha, az danış (S.Rəhman, Nişanlı qız)
Zərifə –Ala e, bu da özünü kişilər cərgəsinə qoyur. (S.Rəhman,Nişanlı qız)
Buy, sən haranın itisən, haraya hürürsən? (V. Babanlı)
Püf, qadam mənə bəxtəvər deyənlərin ürəyinə. (V. Babanlı)
Bir fakt çox maraqlıdır ki, qadın danışığı bəzi leksik fərqlərdən, yəni emotiv-ekspressivlikdən başqa, həmçinin zahiri ifadələrlə də çox fərqlidir. Məs., kişi danışarkən jestlərdən çox istifadə edir. Ancaq mimikasını, yəni üz cizgilərini, göz qaşını oynadıb –tərpətmir, qadın belə imkanı qətiyyən əldən vermir. O istəyir ki, qəşəng danışmaqla yanaşı, həm də gözəl təsir bağışlasın. Deməli, qadınlar, xüsusən qızlar danışa-danışa özünü istədib ürəklərə yol açıb, qarşısındakının inamını qazanmaq istəyirlər. Bu xüsusiy­yətinə görə qadın söz, səs və görünüş – ifadə tərzinə görə çox güclü, təsirli məxluqdur. Teatr tamaşalarında, kinoda, xüsusən pantomimada və səssiz kinoda qadın obrazını yaratmaq kişi obrazından qat-qat çətindir.
Kişilər nitqində, rəsmi söhbətlərə, çox zaman lovğalı sərgüzəştlərə, əyləncəli söhbətlərə tostlara, təriflərə, andlara, şüarçılığa, adi və həmçinin qəzəbli anlarında söyüşlərə meyilli olduğu halda, qadınlar adi vəziyyətdə ailə-məişət, övlad haqqında söhbətlərə, qeybətə, yamanlamalara, yalvarışlara, alqışa, qəzəbli vaxtda isə qarğış, nifrinə bağlıdırlar.
Kişilər ailə-məişət, övlad, həyat yoldaşı haqqında söhbət aparmağı sevmirlər. Bu da onların üzərində mental tabunun asıldığından xəbər verir. Yəni « Kişi evin sözünü bayırda danışmaz !!! » fikri nəsildən-nəslə ötürülür. Əlbəttə, həmin fikir qadın üçün olsa da, o, emosional varlıq kimi bu qaydanı içdiyi and kimı poza bilir. Kişi və qadın qarşılıqlı olaraq, lənət, yamanlamalardan istifadə etdiyi halda, qürurlu məxluq kimi kişi üçün qarğış etmək qadağası var. Deyirlər ki, kişi qarğış etsə, o, övladı tutar, amma ana qarğışı alqışdır. Belə ki arada ana südü durur, o, qarğışın təsirinə imkan vermir.
Çox zaman qadınlar – analar qara qüvvələrdən, pis gözdən qorunmaq inancına görə balasını və ya çox sevdiyi, xoşladığı adamı öz dili ilə yaman sözlərlə «öldürüb-məhv edir», «şikəst edir» ki, onu «nazik» – «görünməz» dünyanın qara-qurası tutmasın, həmin adam ziyan çəkməsin. Məs: «Ölmüş nə gözəl oxuyur»; «Başıbatmış yazığın biridir», «Külbaş özünə gün ağlaya bilmir», «Gözüçıxmış (canıyanmış) yaman ağıllı baladır».
Aşağıda bir neçə qarğış və alqış veririk: «Boyunu yerə soxum»; «Öləsən səni»; «Başın batsın» (qarğış). «Ağ günlü, çörəkli olasan»; «Səni görüm, xoşbəxt olasan»; «Su üzünə həsrət olmayasan»; «Şirininə acı qatılmasın», «Neyləyim, necə eləyim deməyəsən» (alqış).
Kişinin söyüşünün əksi olan yalvarışlar əsasən qadın nitqinə daxildir: «Dərdin ürəyimə»; «Evim-eşiyim sənə qurban»; «Gözüm çıxsın»,«Qadası»; «Boyuna- qurban»; «Bibin sənə qurban»; «Nənən ölsün».( Maraqlıdır ki, bəzi qarğışlarda II şəxsin təkini I şəxsin təki ilə əvəz etdikdə yalvarış yaranır: «GözÜN çıxsın –GözÜM çıxsın», «ÖləSƏN qabağımda – ÖlÜM qabağında», «DərdİM ürəyİnə – DərdİN ürəyİmə ») .
Qadın dilində frazeologizmlərdən daha çox istifadə olunur, çünki bunlar «yoğrulmuş» – hazır emosional, ekpressiv materialdır: (Elə buna görə kişi frazeologizmlərdən az istifadə edir).
Töhfə – Töhfənin canı da sizə qurban, bağı da, qadası. (M.İbrahimov)
Töhfə – Ala, yerə girəsən elə. (M. İbrahimov)
Fatmanisə – Xoş halımıza, xalqınkılar getdikcə ipək olur, bizimki də köpək. (M.İbrahimov)
Fatmanisə – Ay aralıqda qalmış, mənim gül kimi qızıma ləkə vurma.
Hürü – Danışsana, qoca kaftar. (M. İbrahimov)
Qadın suallardan, təkrardan çox istifadə edir:
O gədəynən də bərk cici-bacı olubsan? (V. Babanlı)
O, bir oğlan olmuşdu, bir oğlan olmuşdu ki… (Azərbaycan nağılları)
O, buradakı qocalardan da qocadır. (Azərbaycan nağılları)
Əhməd, ay Əhməd. (danışıqdan)
Kişi emotiv olmasın deyə, «Əhməd» xitabı ilə kifayətlənərdi.
Kişinin qadınla müqayisədə dildən bədii-ədəbi material kimi istifadə faizi yüksəkdir.
Şifahi xalq ədəbiyyatına nəzər saldıqda kişi və qadın yaradıcılığı özünü xeyi fərqli göstərir.
Uşaq folkloru dedikdə, əslində Ə.Cəfərzadənin sözü ilə desək, «ana folkloru» ilə rastlaşırıq. Çünki gələcək nəsli bətndən tutmuş işıqlı dünyaya və oradan da ərsəyə sağlam, baxılmış şəkildə gətirən, birinci mənəviyyat müəllimi ANA olduğu üçün o, əvvəl–əvvəl balasına şirin nəğmələr oxuyur, laylalar çalır, əzizləmələr, oxşama - nazlamalar, böyüdükcə isə arzulamalar deyir. Məs.: «Layla, beşiyim, layla, Evim, eşiyim, layla. Sən get şirin yuxuya, Çəkim keşiyin, layla. Layla, balam, a layla. Gülüm, layla, a layla» (layla); «Tüstüsüz damlar, Sarı badamlar. Tənbəl adamlar Bu balama qurban» (oxşama); «Tükəndi ahım, Yoxdur günahım. Balam böyüsün, Odur pənahım» (uşağın tez böyüməsi arzusu); «Altında xalça, Çalır kamança. On dənə xonça Gələr qızımçün» (nişan arzusu).
Ana təbiətində balasını qada-bəladan qoruma, nə iləsə qorxutmamaq xüsusiyyətləri onun əfsanəvi- sehrli deyil, realist- məişət nağılları yarada bilməsi gümanını yaradır.
Qadın – ana psixologiyası imkan verməz ki, uşağını qardaşların xəyanəti (məs.: «Məlik Məmməd»dəki kimi) ilə tanış edib, onun təmiz, yuxulu aləmini vaxtından qabaq oyatsın və ya qorxunc qüvvələr – divlər, cin-Şeytan, ifritələrlə əsəblərini gərib-pozsun.
İri, ortahəcmli folklor janrlarının – dastan, lətifə, əfsanələrin yaradıcıları Azərbaycanda qədimdə ozan, dədə, varsaq, yanşaq adlanan aşıqlar, Avropada rapsodlar, minnezin­gerlər, şpilmanlar, Rusiyada skazitellər, Orta Asiyada və Qazaxıstanda akınlar – hamısı gəzər sinədəftər kişilər olmuşlar. Qadının bu cür olmamasına ailə-məişət tələbləri, övlad böyütmə imkan verməmişdir. Odur ki kişi yaradıcı qüvvə, qadınsa hazır materialın, müasir dillə desək, mahir aranjmançısı və ifaçısıdır.
Ən qədim janr olan nəğmələr – əmək, mərasim, mövsüm, qəhrəmanlıq nəğmələri, sayaçı sözləri, holavarlar kişi təbiətinə uyğun gəlir. Məs.: «Gün getdi su içməyə, Qırmızı don hörməyə.Gün özünü yetirəcək, Qarı tez götürəcək, Keçəl qızı aparacaq, Saçlı qızı gətirəcək» (mərasim nəğməsi); «Quda gəlmişik sizə, Bu gecə qız sizdədir, Sabah aparrıq bizə»(toy mərasimi nəğməsi); «Novruz gəlir, yaz gəlir, Nəğmə gəlir, saz gəlir. Bağçalarda gül olsun, Gül üstə bülbül olsun» (mövsüm nəğməsi); «Qara kəlim aranda Çıxar gün qızaranda.Xodaq murada çatar Kəlindən bar alanda» (holavar).
Mahnılara gəldikdə, elə indinin özündə də şairlər əsasən kişi, ifaçıların əksəriyyəti isə qadındır.
Fala baxdırıb, bəxt, taleyi müəyyənləşdirən vəsfi-hal, ağılar da qadın psixologiyasına yaxındır, qadın yaradıcılığı ilə bağlıdır: «Oturmuşdum səkidə, Ürəyim səksəkidə, Üç qızıl alma gəldi, Bir cümüş nəlbəkidə» (vəsfi - hal); «Əzizim, tikə-tikə, Doğrandım tikə-tikə. Anan saçın yolur, Kəfənin tikə-tikə» (ağı).
Tapmacalar ağıl çevikliyini yox­lamaq məqsədli, hədsiz məntiqli janr kimi kişi yaradıcılıq məhsulu ola bilər: «Bir tabaq almaz, Sabaha qalmaz» (ulduz). /
O ki qaldı atalar sözünə, ad özü hər şeyi deyir. Yəni, cəmiyyətdə böyük sözü – ata sözü çox vacibdir. Bax bu vasitə ilə – müdrik, həyat təcrübəsi hopmuş kəlamlarla cəmiyyətə kamil – məntiqi yol gös­tərilir. Məs.: «İşləməyən dişləməz»; «Yüz ölç, bir biç»;«Tək əldən səs çıxmaz»; «Əldən qalan əlli il qalar»; «Dövlətdə dəvə, övladda nəvə».
Məsəllər, lətifələr əsasən kişi obrazları ilə bağlıdır. Lətifələrin çoxu hazırcavab, zarafatcıl, ibrət dərsi verən Molla Nəsrəddinin adı ilə bağlıdır. Bundan başqa, Bəhlul Danəndə, Hacı dayı, Abdal Qasım, Ayrım Tağı kimi kişilər lətifə qəhrəmanlarıdır.
Xalq tamaşalarında da kişilərin mövqeyi üstündür.
Müştərək yaradıcılıq isə özünü əsasən bayatılarda, realist nağıllarda göstərir. Bir sıra hallarda kişi yaradıcılığının məhsulu olan nəğmələrdə də qadınlar öz sözünü deyərək, onu da qarşılıqlı edirlər.
  Sonda onu qeyd etmək istərdik ki, istər söz (şifahi və yazılı ədəbiyyatda), istər səs (musiqi – onun bəslələnmə və  ifasında), istərsə rəng və s. ilə  bağlı kişi  yaradıcılığı  notla çalınan cansız musiqiyə bənzər. Kişi yaratdığını cana gətirmək üçün   öz düyğularını qadın duy­ğuları tək dərindən  kökləməli, yəni qəribə də səslənsə,  sanki özündən qadın hisslərini  keçirməli, dərindən duyğulanmalıdır.


Tarix: 14-11-2017, 09:40

Xəbəri paylaş