Ümummilli liderin müstəqil dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın gələcək taleyini müəyyənləşdirib
“İdrak” liseyində Yeni Azərbaycan Partiyasının (YAP) 25 illik yubileyinə həsr olunan “25 il Azərbaycan naminə” mövzusunda tədbir keçirilib.
Məktəbdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə iştirakçılar şagirdlərin YAP-a həsr olunan rəsmlərindən ibarət sərgi və “İdrak” liseyinin kollektivinin Cocuq Mərcanlıya səfərini əks etdirən fotostendlə tanış olublar.
Tədbirdə liseyin təsisçisi, professor Mönsüm Alışov YAP-ın ölkəmiz üçün keşməkeşli bir dövrdə yarandığını söyləyib. Qeyd edilib ki, dağılmaqda olan ölkəni xilas etmək üçün 91nəfər ziyalının ümummilli lider Heydər Əliyevə müraciət ünvanlaması, YAP-ın təsis olunması və ulu öndərin partiyanın sədri seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi olub. Ümummilli liderin zəngin təcrübəsi, müstəqil dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın gələcək taleyini müəyyənləşdirib.
Diqqətə çatdırılıb ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən güclənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına da səbəb olub.
Daha sonra həmin hadisələrin bilavasitə iştirakçısı olmuş, 91 ziyalıdan biri, professor Şahlar Əsgərov YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolundan söz açıb. O, ulu öndərin təhsil sahəsinə göstərdiyi diqqət sayəsində “İdrak” liseyi kimi nümunəvi təhsil ocaqlarının yaranmasından danışıb.
Qeyd edilib ki, “İdrak” liseyində şagirdlərə Heydər Əliyev ideyaları, azərbaycançılıq məfkurəsi aşılanır, hərtərəfli inkişaf etmiş gənclər yetişdirilir.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov yubiley tədbirini yüksək səviyyədə keçirdiklərinə görə liseyin rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.
Tədbirdə ədəbi-bədii kompozisiya göstərilib. Şagirdlər ulu öndərə həsr olunan şeir və mahnılar səsləndirib, müxtəlif rəqslər ifa ediblər.
Sərgidə əsərləri nümayiş olunan şagirdlərə diplomlar verilib.
Tarix: 14-11-2017, 09:13