Yüksək balla ADPU-ya qəbul olunan tələbələrə hədiyyələr təqdim edilib
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olunub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, güllər düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri qoyulub.
Son illər Azərbaycanda təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına məlumat verən ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, ölkəmizdə 140 mindən çox orta məktəb müəlliminin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçirilib və onların əməkhaqları artırılıb.
Universitetin kollektivini təbrik edən C.Cəfərov bildirib ki, bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanları məhz müəllimlər yetişdirib.
Tədbirdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri diqqəti əks etdirən slayd nümayiş olunub, həmçinin yüksək balla universitetə qəbul olunan tələbələrə hədiyyələr təqdim edilib.
Tədbir konsert proqramı ilə başa çatıb.
Tarix: 14-11-2017, 10:00