Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Respublika Uşaq Kitabxanasında “Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi” mövzusunda görüş keçirilib





Yanvarın 30-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Azərbaycan maarifçilik ənənələri gənc müəllimlərin missiyası kimi” mövzusunda gənc müəllimlərlə görüş keçirilib.  Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd, ADA Universitetinin prorektoru Vəfa Kazdal, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rüfət Əsədzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri və gənc müəllimlər iştirak ediblər.
 
      İştirakçılar əvvəlcə F.B.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə tanış olmaqla, böyük mütəffəkirin pedaqoji fikir tarixindəki yeri, maarifçilik fəlsəfəsinə həsr olunmuş videoçarxı izləyiblər. Görüş iştirakçılarını salamlayan F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Ş.Qəmbərova gənc müəllimlərlə görüşün böyük pedaqoq və maarifçinin adını daşıyan kitabxanada keçirilməsinin rəmzi məna daşıdığını bildirib, F.B.Köçərlinin gənc nəslin təlim-tərbiyəsi və inkişafındakı xidmətləri barədə məlumat verib.
 
     Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva böyük müəllim, pedaqoq, maarifçi, ədəbiyyatşünas F.B.Köçərlinin təəsübkeş Vətən ziyalısı kimi Azərbaycan məktəbi və pedaqoji fikir tarixindəki yerindən danışıb. Bildirib ki, F.B.Köçərlinin elmi-pedaqoji və maarifçilik fəaliyyətində ana dilinin qorunub saxlanılması,  təlimin ana dilində aparılması ideyasının inkişafı yolunda çalışaraq qoyduğu zəngin irs bu gün təhsil müəssisələrində uğurla davam etdirilir. M.Vəliyeva böyük pedaqoqun təhsil, maarifçilik, ziyalı nəsillərin yetişdirilməsi ilə əsasını qoyduğu dəyərlərin bu gün Azərbaycan müəllimi tərəfindən layiqincə qorunduğunu söyləyib. Gənc müəllimləri mütəşəkkil olaraq maarifçilik işinə töhfə verməyə səsləyən M.Vəliyeva cəmiyyətdə müəllim adının və nüfuzunun qorunub saxlanması estafetinin onların əlində olduğunu söyləyib. Ümidvar olduğunu bildirib ki, Azərbaycanın gənc müəllimləri F.B.Köçərli və digər işıqlı maarifçilərin amallarını müasir dövrdə layiqli səviyyədə gerçəkləşdirəcək, bu müqəddəs missiyanı uğurla davam etdirə biləcəklər.
 
    Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü, ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Q.Məmməd ADA Universitetinin ölkəmizdə yüksəkixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək məqsədilə F.B.Köçərlinin əsasını qoyduğu Qazax Müəllimlər Seminariyasının tarixi binası və missiyasını bərpa etdiyini söyləyib. Müəllimlik missiyasının fəlsəfəsindən bəhs edən Q.Məmməd Universitetin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində regionlardakı qabaqcıl müəllimlərin seçilərək ixtisasartırma üçün ADA-da, həmçinin ADA Universitetinin Vaşinqton Mərkəzində beynəlxalq təhsil təcrübəsi ilə tanış olmaq imkanı qazandıqlarını bildirib.  Beynəlxalq miqyasda Azərbaycanı təmsil etmək və millətin səsi olmaq vəzifəsinin gənclərin üzərinə düşdüyünü söyləyən Q.Məmməd bu missiyada məktəbin, müəllimin əhəmiyyətli rolundan söz açıb.  

    ADA Universitetinin prorektoru V.Kazdal, AGMA-nın sabiq sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü R.Əsədzadə, Şəmkir rayonu Seyfəli kənd tam orta məktəbinin informatika müəllimi, AGMA-nın üzvü Rəna Heydərzadə yenilikçi müəllimləri dəyər kimi təqdim etmək, nümunəvi təcrübələri yaymaq, peşəkar müəllimlər yetişdirmək, vətəndaşlıq və sosial məsuliyyət hissini daha dərindən aşılamaq işində birgə səyləri müsbət dəyərləndirblər.
   
    Vətən Müharibəsi qazisi, 87 nömrəli tam orta məktəbin müəllimi İsrafil Hüseynov Qarabağda qazanılan Zəfərdə imzası olan gənc müəllim kimi qürur duyduğunu, vətənpərlik dərsini bundan sonra daha böyük əzmlə sinif otaqlarında davam etdirəcəyini söyləyib.

    Daha sonra Azərbaycan təhsilinin milli dəyərlərə əsaslanan yeni məzmunu, təhsil müəssisələrində XXI əsr bacarıqlarını aşılayan yenilikçi ideyaların tətbiqi və digər məsələlər ətrafında müzakirələr aparılıb, gənc müəllimləri maraqlandıran aktual mövzulara aydınlıq gətirilib.
Sonda 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvünün ifası təqdim olunub.
 

 


Tarix: 1-02-2024, 01:16

Xəbəri paylaş