Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

AMEA-nın adlı mükafatları üzrə müsabiqələr keçiriləcək

AMEA Rəyasət Heyətinin iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə müsabiqələrin elan edilməsi ilə bağlı məsələlərə baxılıb. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif etmək səlahiyyəti AMEA Rəyasət Heyətinə verilib.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf, ixtira, habelə elmin inkişafındakı xüsusi xidmətlərə görə Qızıl medalla təltif edilirlər.
Akademiya rəhbəri həmçinin qeyd edib ki, AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə təqdim edilir.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə 2017-ci il üçün müsabiqələrin elan edilməsi haqqında qərarlar qəbul edib. Qərarlara əsasən, mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər. Namizədlər haqqında təqdimat müvafiq sənədlərlə birlikdə mart ayının 17-dək Ekspert Komissiyasına təqdim edilməlidir.

İctimaiyyətlə əlaqələr şöbəsi


Tarix: 14-03-2017, 10:28

Xəbəri paylaş