“Səndən öyrəndim” müsabiqəsi
5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə "Səndən öyrəndim" müsabiqəsinə start verilib.
"Məktəblinin dostu" layihəsinə daxil olan məktəblər arasında keçirilən müsabiqənin əsas məqsədi məktəblərdəki istedadlı şagirdləri üzə çıxarmaq, müəllim peşəsinin dəyərini şagirdlərin dilindən ifadə olunmasını təcəssüm etdirmək və məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdan ibarətdir.
Layihəyə daxil olan 31 ümumi təhsil məktəbinin şagirdləri müəllim haqqında düşüncələrini əks etdirən videoçarx hazırlayaraq sentyabrın 29-dək təhsil aldıqları məktəbdəki məktəblinin dostlarına təqdim edirlər. Hər bir məktəb üzrə seçilən videoçarx müsabiqəyə daxil olur və “Məktəblinin dostu”nun rəsmi “Facebook” səhifəsində yerləşdirilir.
Qeyd edək ki, ilk mərhələdə ən çox baxılan 10 videoçarx seçiləcək və münsiflər heyətinə təqdim olunacaq (baxış sayları bərabər olduğu təqdirdə “like”-lərin sayı nəzərə alınacaq).
İkinci mərhələdə münsiflər heyəti tərəfindən dəyərləndirmə əsasında ilk 3 yerin qalibi müəyyənləşdiriləcək. Qaliblər məzmuna, səsləndirməyə, videoçarxın keyfiyyətinə və çəkiliş zamanı yaradıcılığın səviyyəsinə görə dəyərləndiriləcək.
Qeyd edək ki, videoların müddəti 2 dəqiqədən çox olmamalı, şagirdin öz müəlliminə olan sevgisini və xoş münasibətini ifadə etməli, verilən fikirlər real nümunələrə əsaslanmalı, məktəblinin özünə aid olmalı və onun tərəfindən səsləndirilməli, məzmunu səsləndirən şagird məktəbli geyimində və məktəb ərazisində olmalıdır.
Tarix: 13-10-2017, 12:51