Azərbaycan-Fransız Universitetinin yeni tədris binasının açılış mərasimi keçirilib
Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni tədris binasının açılış mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan, Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Araşdırmalar və innovasiyalar şöbəsinin Baş direktoru Alen Berets, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez, ADNSU-nun rektoru Mustafa Babanlı, Strasburq Universitetinin vitse-prezidenti İrene Jacoberger, Fransanın Kimya Tədqiqatlar Fondunun prezidenti Bernar Menye iştirak edib.
Rəmzi lent kəsildikdən sonra təhsil naziri Mikayıl Cabbarov, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan və digər qonaqlar universitetin auditoriyaları ilə tanış olublar.
Sonra universitetin akt zalında Azərbaycan-Fransız Universitetinin açılışına həsr olunmuş toplantı keçirilib.
Təhsil naziri Mikayıl Cabbarov UFAZ-ın yeni tədris binasının açılışının Azərbaycan və Fransa arasındakı əməkdaşlıq üçün əlamətdar hadisələrdən biri olduğunu qeyd edib və bu münasibətlə hər kəsi təbrik edib. XX əsrdə ölkələr və millətlər arasında qarşılıqlı anlayışa və hörmətə əsaslanan münasibətlərin qurulmasında təhsilin müstəsna rol oynadığını vurğulayan nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsil sahəsində aparılan islahatları diqqətə çatdırıb. UFAZ layihəsi üçün Azərbaycan tərəfindən aparıcı ali təhsil müəssisəsi qismində ADNSU-nun seçilməsinin heç də təsadüfi olmadığını söyləyən təhsil naziri bu universitetin ölkəmizin enerji potensialının inkişafında xüsusi rol oynadığını, nəinki Azərbaycanın, Rusiya, Anqola, Qazaxıstan, Vyetnam və bir sıra Avropa ölkələrinin neft-qaz sektorunun formalaşmasına öz töhfəsini verdiyini bildirib.
Nazir UFAZ layihəsində Fransa tərəfindən aparıcı universitet olan Strasburq Universitetinin rəhbərliyinin və layihəyə cəlb olunan akademik heyətin ilk gündən etibarən universitetin formalaşması üçün öz zəngin təcrübələrini əsirgəmədiklərini qeyd edib. UFAZ tələbələrinin akademik sahədə mübadiləsinin və gələcək fəaliyyətinin iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirəcəyinə inandığını bildirən nazir bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyevanın müstəsna rolundan danışıb. Təhsil naziri tələbələri yeni tədris ili münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan öz çıxışında UFAZ-ın yaradılmasında Azərbaycanla birgə fəaliyyət göstərməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib. Universitetlə əməkdaşlıq edən Fransa müəssisələrinin UFAZ-a böyük töhfə verdiyini bildirən Jan-Batist Lemuan tələbələrin gələcək karyera inkişafında bunun xüsusi rol oynayacağını vurğulayıb.
Fransanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Araşdırmalar və innovasiyalar şöbəsinin Baş direktoru Alen Berets UFAZ layihəsinin Azərbaycan və Fransanın birgə uğurlu işinin nəticəsi olduğunu qeyd edərək Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyi ilk tədris ilində mükəmməl nailiyyətlərə imza atdığını diqqətə çatdırıb. Alen Berets ölkə Prezidenti cənab İlham Əliyevin UFAZ layihəsinə göstərdiyi diqqət və qayğının bu uğurun əldə olunmasında önəmli faktor kimi dəyərləndirib.
Fransanın Kimya Tədqiqatlar Fondunun prezidenti Bernar Menye inkişafın birbaşa deyil, daimi təkamül yolu ilə baş verdiyini qeyd edərək UFAZ-ın müəllim heyətinin bu sahədə tələbələrə böyük töhfə verməyə qadir olduğunu vurğulayıb.
Sonra UFAZ-ın açılış mərasimi çərçivəsində ADNSU, Strasburq Universiteti və Fransa Kimya Tədqiqatlar Fondunun birgə iştirakı ilə UFAZ Fondunun yaradılmasına dair müqavilə imzalanıb. Fondun yaradılması Azərbaycan, Fransa və xarici şirkətlərin UFAZ-ın gələcək inkişafına və onun tədqiqat fəaliyyətinə dəstək vermək məqsədi daşıyır.
Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan-Fransız Universitetinin yaranması barədə sərəncam imzalayıb.
UFAZ-da bütün ixtisaslar üzrə tədris 1 il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.
Tarix: 13-10-2017, 11:43