İlham Əliyev Bakıdakı 257 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub
Avqustun 23-də Prezident İlham Əliyev Bakının Xətai rayonundakı 257 nömrəli tam orta məktəbin əsaslı təmir edilən və yenidən qurulan mövcud binasında, həmçinin yeni tikilən korpusunda yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni korpusda görülən işlər barədə dövlət başçısına məlumat verdi.
Bildirildi ki, məktəbin 1176 şagird yerlik mövcud korpusu 1974-cü ildən fəaliyyət göstərir. Məktəbdə 38 sinif, 3 informatika, 3 laboratoriya, idman və akt zalları, yeməkxana var. Bu təhsil ocağının mövcud korpusu Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq əsaslı təmir edilib. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib.
Məktəbin yeni tikilən korpusu üçmərtəbəlidir. Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqəti əks etdirən fotostend quraşdırılıb.
Yeni korpus Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planında təhsil sahəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasına uyğun olaraq inşa edilib. Burada 24 sinif otağı, 1 informatika kabineti, fizika, kimya və biologiya laboratoriyaları var. 672 şagird yerlik əlavə korpus təhsil ocağında birnövbəli dərs rejiminə keçməyə imkan yaradır. Yeni korpusun istifadəyə verilməsi ilə 257 nömrəli tam orta məktəb 1848 şagird yerlik olacaq. Müasir səviyyədə inşa edilən binada videomüşahidə və yanğın xəbərdarlığı sistemləri yaradılıb. Yeni korpus internet, mebel-inventar və digər zəruri avadanlıqla da təchiz edilib. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Tarix: 19-09-2017, 09:37