“Bir millət, iki dövlət” adlı beynəlxalq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Aprelin 21-də Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Bir millət, iki dövlət” adlı beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil üzrə müşaviri Nihat Büyükbaş, Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç, Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən Firudin Qurbanov uşaq və gənclərin rəsm əsərlərində öz düşüncələrini, yaradıcılığını ifadə etməsinin onların hərtərəfli inkişafı üçün olduqca əhəmiyyətli olduğunu qeyd edib, müsabiqənin əsas mövzusunu, Azərbaycan və Türkiyə arasında dostluğun nümayiş olunmasını yüksək qiymətləndirib, türk xalqının 44 günlük Vətən müharibəsində ölkəmizin həmişə yanında olduğunu bir daha vurğulayıb.
Nazir müavini çıxışının sonunda qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Bildirilib ki, müsabiqənin məqsədi Azərbaycan və Türkiyənin təhsil müəssisələri arasında qurulan əməkdaşlığı daha da möhkəmləndirmək, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirmək, istedadlı məktəbliləri aşkar etməkdən ibarət olub.
Respublikamızın regionları və Bakı şəhərində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri, həmçinin Türkiyədə təhsil alan şagirdlər arasında 3 yaş qrupu üzrə (6-9, 10-13, 14-18) təşkil olunan müsabiqəyə 700-ə yaxın rəsm işi göndərilib. Müsabiqədə peşəkar münsiflər heyəti tərəfindən iki ölkənin şagirdləri arasından 18 nəfər olmaqla, ümumilikdə 36 qalib müəyyən olunub.
Tədbirdə qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində Mərkəzin rəqs qrupları müxtəlif rəqs nömrələri ilə çıxış edib.
Tarix: 23-04-2022, 22:14