Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakıda “Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumu keçirilib

 
“ADA” Universiteti, ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Təhsilli Məzunlar İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumu keçirilib.
İyunun 13-də “ADA” Universitetində simpoziumun rəsmi açılışı olub.
Açılış mərasimində “ADA” Universitetinin Təhsil İnstitutunun dekanı Vəfa Kazdal simpoziumun Azərbay­canda təhsilin davamlı inkişafına dəs­tək məqsədilə keçirildiyini bildirib. O, simpozium çərçivəsində innovativ və müasir təhsil üsulları mövzusunda yerli və ABŞ mütəxəssislərinin təcrübə mübadiləsi aparacaqlarını qeyd edib. V.Kazdal qısa müddətdə böyük nüfuz və hörmət qazanmış “ADA” Universitetində dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlardan, əldə olunan nəticələrdən bəhs edib. Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsindən danışan nazir müavini son üç ildə müəllimlərin maaşlarının təxminən 30 faiz artdığını deyib.
BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, təhsilə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır. BP Azərbaycan şirkətinin fəaliyyət göstərdiyi müddətdə təhsil sis­teminə təxminən 72 milyon ABŞ dolları məbləğində sərmayə yatırdığını deyən B.Aslanbəyli bu istiqamətdə səylərin davam etdiriləcəyini bildirib.
ABŞ səfirliyinin müşaviri Uilyam Gill ikitərəfli münasibətlərdə təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. U.Gill ABŞ mübadilə proq­ramları üzrə təhsil almış təxminən 6 min azərbaycanlı məzunun təhsil sektorunun inkişafında yeniliklər tətbiq etdiklərini diqqətə çatdırıb.
  İyunun 16-dək davam edən simpozium günlərində tədris üzrə mütəxəssislər və təhsil idarəçiləri praktiki seminarlar keçirilib. Müzakirələr əsasən təhsilin müxtəlif idarəetmə mərhələlərinin təhlili, statistik göstəricilərə əsaslanan qiymətləndirmə və hesabatların hazırlanması, tədqiqatların qiymətləndirilməsi və STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsilinə fərqli yanaşma istiqamətlərində aparılıb.


Tarix: 4-08-2017, 11:27

Xəbəri paylaş