Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

TURANDOT - TURAN QIZI - TÜRK QIZI



Namaz MANAFOV, 
Mingəçevir Dövlət Universitetinin dosenti,
filologiya üzrə fəlsəfə doktoru
 
 
(GİRİŞ   ƏVƏZİ)
Azərbaycan Dillər Universitetinin  Alman dili ixtisasını sovetlər birliyi dövründə bitirən  məzunların hamısı Cəfər müəllimi (Cəfər Mehdi oğlu Cəfərov) yaxşı xatırlayır. 1904-cü ildə Bakıda hərbçi ailəsində anadan olmuşdu. Almaniyada iki ali məktəbi - Berlin Universitetinin Alman dilinin Tədrisi İnstitutunu və Berlin Kommersiya İnstitutunu  bitirmişdi.   Alman dilini ana dili kimi bilirdi. “Almanca - Azərbaycanca lüğət”in redaktoru və həmmüəllifi, çoxlu sayda tərcümələrin müəllifi idi. “Şərəf  nişanı” ordeni ilə  təltif olunmuş, Azərbaycan SSR-in Əməkdar müəllimi fəxri adına layiq görülmüşdü.
Cəfər müəllim Azərbaycan və alman ədəbiyyatını sevirdi. Nizamidən və Şillerdən danışar, Şillerlə  Cəfər Cabbarlını, Höte ilə Hüseyn Cavidi müqayisə edərdi.
Fridrix Şillerin  “Turandot” əsəri haqqında ilk  dəfə Cəfər müəllimdən eşitmişəm.
İndi Cəfər müəllim haqq dünyasındadır. Ruhu şad olsun...
 
TƏDQİQATÇILARIN YEKDİL FİKRİ
 
Karlo Qotsinin “Turandot”, Fridrix Şillerin “Turandot - Çin şahzadəsi” əsərlərinin sujeti böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasındakı dördüncü hekayəyə - slavyan qızının hekayəsinə tam uyğun gəlir.   Nizaminin  italyan yazıçısı Qotsiyə, alman yazıçısı Şillerə birbaşa təsirini görürük.
Məşhur rus tədqiqatçısı Yevgeni Bertels (1890-1957) hələ keçən əsrin 40-cı illərində sübut etmişdir ki, Nizaminin poemaları ilə Avropanın cəngavərlik romanları arasında bənzərlik çoxdur: “C.Bokkaçonun “Ameqo”, K.Qotsinin “Turandot”, A.R. Lesajın “Çin şahzadəsi”, Volterin “Zadiq, yaxud tale” və başqa əsərlər Nizaminin poemalarının sujetləri əsasında qurulmuşdur ” (3).
Qərb ədəbiyyatının istedadlı tədqiqatçısı Əkbər Ağayev (1915 - 1989) Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq Nizaminin  Qərb dünyasına mənəvi təsirini qeyd etmış, Nizami mövzularının Höteyə, Qotsiyə, Şillerə, Heyneyə  ilham verdiyini göstərmışdir (1).
Nizami Gəncəvinin  Qotsiyə və Şillerə təsirini Avropa tədqiqatçıları da təsdiq edirlər. 1971-ci ildə Almaniyanın Leypsiq şəhərində nəşr olunmuş “Fremdsprachige Schriftsteller” (“Əcnəbi yazıçilar”) adlı ensiklopedik lüğətdə (səhifə 450-451)  oxuyuruq: “Nizami İlyas ibn Yusif 1141-ci ildə Gəncədə (bu gün Azərbaycan SSR-də Kirovabad) anadan olub... Qotsi özünün “Turandot” dramının mövzusunu Nizaminin “Yeddi gözəl”  poemasının dördüncü hekayətindən götürüb. Şiller “Türandot”u yenidən işləyib... Azərbaycan SSR-də Nizaminin yubileyini xalq şairı kimi qeyd edirlər”.
 
YENA/VEYMAR   - “HÖTE, ŞİLLER  ŞƏHƏRİ”
 
2009-cu ilin 3-8 avqust tarixlərində Almaniyanın Yena/ Veymar şəhərlərində  Alman Dili Müəllimlərinin Ümumdünya XIV qurultayında “Turandot” əsərini yenidən xatırladım. Axı alman şairi, filosof, tarixçi və dramaturq, romantik ədəbiyyatın tanınmış  nümayəndəsi Fridrix Şiller (1759-1805) uzun müddət bu şəhərlərdə yaşamış, yazıb-yaratmış, Yena Universitetində işləmişdir. Şillerin “Turandot-Çin şahzadəsi”  əsəri ilk dəfə Veymar Teatrında səhnəyə qoyulmuşdur.
Qurultayın açılış mərasiminin keçirildiyi Yena Universitetı Almaniyanın ən qədim ali məktəblərindən biridir, əsası 1558-ci ildə qoyulub. 1789-cu ildə Fridrix Şiller bu universitetin tarix və fəlsəfə fakültəsinin professoru təyin edilib. 1934-cü ildən  Yena Universiteti Fridrix Şillerin adını daşıyır.Yena şəhərinə həm də Almaniyanın  “Elm şəhəri”, “İşıq (nur) şəhəri” deyilir.
Yena və Veymar şəhərləri arasındakı məsafə cəmi 19 kilometrdir. 
Veymar  Almaniyanın mədəniyyət mərkəzi hesab olunur. Veymar şəhəri  “Alman seirinin paytaxtı”dır. Fridrix  Şiller   və  alman ədəbiyyatının ən nəhəng simalarından biri İohann Volfqanq Hötenin (1749-1832) dostluğu Veymardan başlayıb. Onlar ömürlərinin son günlərini də burada keçirmiş, Veymar qəbiristanlığında  dəfn edilmişlər.
Höte və Şiller həm də Veymar teatrının baniləri sayılırlar. 
Veymar şəhərinin məşhur Teatr meydanındayıq (almanca bu yerə Theaterplatz deyirlər).  Ekskursiya bələdçisinin səsi bizi ötən günlərə aparır : “30 yanvar 1802-ci il. Veymar hersoqunun teatrsevər xanımı Anna Amalianın ad gününə qızğın hazırlıq gedir. Bu münasibətlə Veymar Teatrında Fridrix Şillerin yeni əsəri tamaşaya qoyulur: 
Turandot-Çın şahzadəsi”.
“Turandot ” teatrsevərlərə əsl hədiyyə idi. Tamaşa gözlənildiyindən də böyük uğur qazandı. Şahzadə Turandot yalnız onun üç tapmacasını tapan adama ərə getmək istəyirdi, tapmacanı tapmayanın boynu vurulurdu...
Şiller tamaşalara daha çox  adam cəlb etmək üçün sualları- tapmacaları tez-tez dəyişirdi. Bu da marağı artırır,Turandotun yeni tapmacalarını eşitmək üçün tamaşaçıları dəfələrlə teatra gətirirdi.
Şiller Turandota  on dörd tapmaca yazdı, bir tapmacanı da dostu Höte bağışladı.
Bəs,  Turandot   mövzusunu Şiller haradan götürmüşdü?   
 
QOTSİNİN   VƏTƏNİNDƏ -  VENESİYADA
 
Friedrix Şiller “Turandot-Çin şahzadəsi” pyesini  italyan yazıçısı, dramaturq, nağıl-pyeslərin müəllifi   Karlo Qotsinin “Turandot” əsərindən iqtibas etmişdir. Venesiyalı  Karlo Qotsi “Turandot” əsərini Fridrix Şillerdən 40 il əvvəl  1762-ci ildə yazmışdır.
2013-cü ilin avqust ayında İtaliyanın şimalında Tirol vilayətinin mərkəzi Bolsano şəhərində (bu vilayətdə dövlət dili alman və italyan dilləridir) alman dili müəllimlərinin Ümumdünya XV qurultayında iştirak edirəm (Qurultay 4 ildən bir, növbə ilə, alman dilli ölkələrdən birində keçirilir. Respublikamızın alman dili müəllimləri qurultayda həmişə fəal iştirak edirlər. Tanınmış germanşünas, professor Fəxrəddin Yadigar oğlu Veysəlov (Fəxrəddin Yadigar), bir qayda olaraq, qurultayda əsas  məruzəçilərdən biri olur). 
Tədbirlər planına əsasən, istirahət günü Venesiyaya səyahət edirik. Deyilənə görə, Azərbaycanla Venesiyanın ticarət əlaqələri XI-XII əsrlərdən başlayıb... 
XIII əsrdə Venesiyalı Marko Polo böyük ipək yolu ilə Venesiyadan Çinə səyahət edib. Öz  xatirələrində Azərbaycan şəhərləri haqqında (böyük ipək yolu qədim Gəncədən keçirdi)  maraqlı fikirlər söyləyib...
“Dənizlər kraliçası” Venesiyanın isti, dar, dolanbac küçələri ilə gəzirik. Şəhərdə çoxlu körpülər, kanallar var. Ən məşhur yeri San- Marko meydanıdır. 
Karlo Qotsi 1720-ci ildə bu şəhərdə yoxsul Venesiya qrafı Jakopo Antonio Qotsinin ailəsində dünyaya göz açıb. Ailənin on bir övladından altıncısı olub. Qotsi bütün ömrü  boyu Venesiyada yaşayıb, 1806-cı ildə burada da dünyasını dəyişib. 
Ən məşhur əsərləri  “Üç portağal sevgisi” (1761)  və  “Turandot”dur (1762).  Karlo Qotsi “Turandot” əsəri ilə teatrda yeni  janr yaratdı: nağıl-pyes (teatr nağılı-fyab) janrı.
22 yanvar 1762-ci ildə Venesiyanın San-Samuel teatrında premeriyası keçirilən “Turandot” əsəri Karlo Qotsinin ən yaxşı və məşhur teatr nağılıdır (Qotsi “Turandot”u  əvvəlcə nağıl formasında yazmışdı, sonra drama çevirdi).
Müəllif  əsərə yeni maskalar - o zamanın “adamlar”ını gətirdi (Tartal (nazir), Pantalon (baş vəkil), Türfəddin (hərəmağası), Briqetta (saray mühafizə başçısı)... Qotsinin əsərini tamaşaçılar rəğbətlə qarşıladılar.
“Turandot” o qədər uğur qazandı ki, bu uğuru görən, Qotsinin ədəbi rəqibləri (hətta şöhrət zirvəsində olan Karlo Qoldoni və Pietro Kiari) Venesiyani tərk etdilər. Qoldoni  Fransaya getdi. 
O vaxt heç kəs  bilmirdi ki, Qotsinin bu məşhur əsərinin - “Turandot”un süjeti dahi Azərbaycan şairi Nizami Gəncəviyə məxsusdur.
“Turandot” tipik “Venesiya əsərinə” çevrilmişdi. Qotsinin   nağıl pyesləri Venesiyadan  kənarda, xaricdə tamaşaya qoyulmurdu. Nağıl-pyeslər “köhnəlirdi”.
Dramaturq Karlo Qoldoni (1707-1793) Venesiyanı tərk edib Parisdə yazıb-yaratsa da, Qotsinin nağıl-pyesləri (fyaba) səhnədən “gedən” kimi, ədəbi rəqibindən “öz intiqamını” aldı: Qoldoninin  fransızca yazdığı “Xeyriyyəçi” dramı (1771-ci il) müəllifə dünya şöhrəti qazandırdı...
Karlo Qoldoni yeni-yeni əsərlərlə tamaşaçıları sevindirirdi. Qoldoni 267 pyes yazdı, pyeslərində maarifçilik ideyaları əsas yer tutdu. Yeri gəlmişkən,  Qoldoninin yazdığı “İki ağanın bir nökəri” pyesi hələ 13 dekabr 1942-ci ildə indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuşdur (əsəri tərcümə edən Mustafa Mərdanov, rejissor Şəmsi Bədəlbəyli).  Karlo Qoldoninin başqa bir əsəri- “Mehmanxana sahibəsi” pyesi  11 sentyabr 1952-ci ildə Azərbaycan Milli Dram Teatrinda tamaşaya qoyuldu (rejissor Mehdi Məmmədov). 
Bu gün  Karlo Qoldoninin doğulduğu şəhərdə -Venesiyada abidəsi ucalır.
... Karlo Qotsi isə vətənində unuduldu. Ailə həyatı qurmadı (istəmirdi ki, övladları da onun kimi kasıb olsunlar), 86 yaşında  dünyadan  köçdü... 
Karlo Qotsi heç vaxt Almaniyada olmamışdı. XVIII əsrin sonunda XIX əsrin əvvəllərində - Qotsi vətənində İtaliyada unudulanda, Almaniyada onun nağıl-pyeslərinə boyük maraq yaranmışdı.  Almaniyanın görkəmli ziyalıları Qotsi haqqında yüksək fikirlər söyləyirdı, Höte, Auqust və Friedrix Şlegel qardaşları Qötsini yüksək qiymətləndirirdi,  Şiller Qotsidən iqtibas edirdi... 
Qotsinin  ölümündən 200 ildən də çox vaxt keçir.  Onun nağıl pyesləri - fiabları hələ də dünyanı gəzir, izləyiciləri heyran edir. 
Bəs “Turandot” mövzusu  Qotsiye necə çatmışdı? 
Nizami motivləri Avropaya necə gəlib?
 
FRANSIZLARIN XİDMƏTİ BÖYÜKDÜR
 
Avropa şərqşünasları qeyd edir ki, 1557-ci ildə Venesiyada italyanca nəşr edilmiş “Padşah Sərəndipin üç gənc oğlunun səyahəti” kitabındakı hekayələr dahi Azərbaycan sairi Nizami Gəncəvinin poemalarından götürülüb (kitabı fars dilindən italyan dilinə Təbrizli  Kristofor tərcümə edib) (1).
Alman şərqşünası Theodor Benfey (1809-1881)  həmin kitabın “Yeddi gözəl” ilə bağlılığını  inandırıcı faktlarla gös­tərir.
Nizami motivlərinin Avropaya gəlişi, Avropada yayılması daha cox fransızların adı ilə bağlıdır.
Fransız şərqşünası Pöti dö La Krua (1653-1713) Misiri, İranı, Türkiyəni gəzmiş, xalqların adət-ənənələrini dərindən öyrənmiş, nağıllar, atalar sözləri, əlyazmalar toplamışdır (Yeri gəlmişkən, indi Paris Milli Kitabxanasında Nizami  “Xəmsə”sinin XIV əsrə aid iki  nüsxəsi saxlanılır. Bu nüsxələrdən biri hicri 763-cü ildə (miladi 1362-ci il), digəri ondan 4 il sonra, yəni hicri 767-ci ildə (miladi 1366-cı il) köcürülmüşdür.   Nizami əsərlərinin XV əsrə aid olan başqa bir nüsxəsi Strasburq Milli və Universitet Kitabxanasında mühafizə olunur).
Pöti dö La Krua 1712-ci ildə topladığı Şərq nağıllarını Parisdə “Fars nağılları” (“İran nağılları”) adı ilə fransızca cap etdirdi. Pöti dö La Krua “Fars nağılları”na Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəzi hekayətləri də daxil  etmişdi.
Fransız dramaturqu Alen Röne Lesaj (1668-1747)  Nizaminin “Yeddi gözəl” poemasındakı dördüncü hekayəni opera üçün işləmiş, “Cin şahzadəsi” adlı opera mətni yazmışdır. “Çin şahzadəsi” operası 1729-cu ildə Parisdə “Komedi Fransez” teatrında tamaşaya qoyuldu.  Lesajın əsas qəhrəmanının adı Duamantindir.
Lesajın yazdığı komik opera venesiyalı Karlo Qotsiyə məlum idi və “Turandot” əsərini yazarkən Karlo Qotsi  Lesajın səhnələşdirdiyi əsərdən istifadə etmişdir (1).
Deməli, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” (1197-ci il) poemasındakı  “Slavyan qızının hekayəsi” (müəllif qəhrəmana ad verməyib) əsasında fransız yazıçısı Alen Röne Lesaj “Çin şahzadəsi” (1729-cu il, Şahzadənin adı Duamantindir), Karlo Qotsi (1762-ci il) “Turandot” və  Fridrix Şiller “Turandot  Çin şahzadəsi” (1801-ci il) əsərlərini yazmışlar. Həm Karlo Qotsidə, həm də Fridrix Şillerdə Cin şahzadəsinin adı Turandotdur.
İlk dəfə fransız səhnəsinə qədəm qoyan Nizami sujetləri, sonralar, italyan və alman səhnələrinə də yol tapmışdır.
                
“TURANDOT - ÇİN ŞAHZADƏSİ”   
 
Fridrix Şillerin “Turandot Çin sahzadəsi” əsəri öz bədii keyfiyyətlərinə, hadisələrin gər­ginliyinə, qəhrəmanların yüksək nitq mədəniyyətinə,personajların bitkinliyinə görə həm Alen Röne Lesajın “Cin şahzadəsi”, həm də Karlo Qotsinin “Turandot” əsərindən xeyli üstündür. 
Tədqiqatçılar haqlı olaraq qeid edirlər ki, Qotsinin pyeslərində “yüngül, istehzalı bir ton” var. Qotsinin əsas qəhrəmanı olan şahzadə Turandotun davranışlarında “qəddarlıq” duyulur (1).
Şillerin qadın  qəhrəmanı Turandot “Yeddi gözəl”dəki dördüncü hekayənin qəhrəmanına daha yaxındır... 
Friedrix Şillerin “Turandot - Çin şahzadəsi” pyesindəki Turandot haqqında :
Turandot: Çin Xaqanının qızı. 
Sözün etimologiyası: Turandot-  sözü iki hıssədən ibarətdir:  Turan və Dokht (farsca qız). Bu söz Alman dilində  Tochter (qız, övlad mənasında), ingilis dilinə Daughter variantında işlənir.
“Türk dilinin etimoloji sözlüyü”ndə (İsmet Zeki Eyuboğlu, İstanbul,  İkinci basqı: Say yayınları, 2020) Turan sözü   türk mənşəlidir: Tur - çoxalan, törəyən, var olan deməkdir. Etimoloji sözlükdə qeyd olunur ki, Tur sözü Türk mənasında da işlənir. Tur (türk); + an, ən (cəmlik bildırən şəkilçıdir). Turan = türklər  (səhifə 671). Turandot - Türklərin gızı,  Türk qızı.
“Eski Türk-Moğol kişi adları sözlüyü”ndə (prof.dr. Tuncer Gülensoy, doç. Dr. Paki Küçüker, İstanbul, Birinci basım. Eylül 2015) Turan sözünün 1) Duran, yaşayan; 2) Turan: Türklərlə məskun ölkələr (səh.492) mənasında olduğu göstərilir: Turandot - Turan qızı.
Deməli, Turandot adı Türk qızı, Turan qızı deməkdir.
Bəs, ilk baxışdan “rəhmsiz”, “amansız” görünən, inadından dönməyən, atasının “vicdansız övlad”, ”zalım qızım”  dediyi  Turandot   əslində necədir?
Şiller türk qızını onun öz sözləri ilə oxucuya, tamaşaçıya belə tanıdır:
“Mənə rəhmsizdir, qəddardır deyən dillər  yalan deyir. Qəddar deyiləm. Azad yaşamaqdır məqsədim”.
“Nə adla başqasının malı olum?  Azad yaşamaq haqqımdır. Xan qızı kimi haqqıma sahib çıxıram. Hüquqsuz   olmaq istəmirəm”.
“Asiyada gördüyüm bütün qadınlar kölə kimi təhqir olunur. Əzilmiş həmcinslərimin heyifini almaq istəyirəm beləcə”.
“Azadlığımı qorumaq üçün yeganə silahım təbiətin bəxş etdiyi ağlım və zəkamdır”.
“Heç kimə yaxınlıq etmirəm. Kobud hərəkətlərindən iyrənirəm. Gördükləri hər gözəlliyə acgözlüklə əllərini  uzadırlar. Ağlına düşənə sahib olmaq istəyirlər kışilər”. 
 “Bütün kişilər sədaqətsizdir”, bilirəm. Özlərindən başqa heç kəsi sevməzlər. Qədir-qiymət bilməz bu kişilər.”
“İstədiyini əldə etmək üçün əvvəlcə qul, kölə olurlar önündə. Sahib oldularmı, zalımlaşırlar, zülmkar olurlar. Yalançı qürurlarını, ehtiraslarını eşq və məhəbbət adlandırırlar. Bu duyğulardır onları ölüm oyununa  çağıran”.
“Əsl eşq və sədaqət təkcə qadınlarda olur”.
“Bir kişinin qollarına girməkdənsə, qəbirə girməyi üstün tuturam”.
...Özünü qorumaq üçün onu istəyənlərə üç tapmaca verir, bilənlə evlənəcək, bilməyənin boynu vurulub,  başı şəhərin qala qapısından asılacaqdır.
...Turandotun şəklini görən sürgün Həştərxan xanının oğlu Xələf gözlərini şəkildən ayıra bilmir. “Bu heyranedici gözlərdə, bu saf gözəllikdə qətiyyən qəddarlıq ola bilməz. Göydən enmiş mələkdir bu.  Eşq tanrısından alıb baxışlarını.  Bu bir pəridir”. 
“Ya Turandot, ya ölüm” deyən Xələf Divan qarşısına çıxır... Çin Şahzadəsinin  hər üç tapmacasına düzgün cavab tapır.
Lakin Turandot bununla razılaşmır: “Durun! Yenidən üç tapmaca...
“Atasının “yox, qərar qərardır” sözündən sonra Turandot: “Amma nigah masasında ölməyi də bacarır bu qızın, deyərək, qoynundan bir xəncər çıxarır...”
Hadisələrin belə olacağını gözləməyən Xələf ikinci dəfə Divana çıxmağı xahiş edir. “Ancaq bu dəfə mən soruşum, o cavab versin”, deyir.
Tapmacam belədir: “Adı nədir, hansı soydandır bu şahzadə? O Şahzadə ki, yaşamaq üçün gah xidmətçilik, gah hamballıq etdi üç beş qruşa.
Sabah səhər Divanda  söylə şahzadənin və atasının adını... Deyə bilsən, başım yolunda fəda”.
Turandot bu şərtlə razılaşır.
Amma “sabah o qalib gəlsə, bu mənə ölümdən də betərdir”, deyir. “Ona ərə getmək, ona gəlin olmaq.  Xeyr, xeyr... Turandot özünü bu qədər alçaltmayacaq”. Bütün gecə Xələfin adını öyrənə bilməyən Turandot hiyləyə əl atır. Əvvəl Şirini, sonra Səliməni və Adiləni Xələfin yanına göndərir, “adını öyrənin” deyir.
Adilənin hiylə ilə dediyi “... Bu daş ürəkli, rəzil Turandot əmr verib. Səhər açılan kimi Sizi öldürəcək.  Gəl qaçaq bu yerlərdən” xəbəri (hiyləsi) Xələfi sarsıdır.
Həyacanlı Xələf dərin kədər işində yüksək bir səslə: “Ah Teymur!.. Ah Teymur xan!.. Mənim kədərli atam. Oğlun Xələfin həyatı belə bitəcəkmış...  Pekinə onun məzarı başında ağlamağa mı gəlmisən məgər? Sənə verdiyi təsəlli bu imiş oğlunun!   Nə qara taleymiş bu! “
“Adilə (özü-özünə sevincli): Xələf!.. Teymur xanın oğlu!..
... Son səhnədə Xələfi həyəcanlı görən Altun xan: ”...Sən mənim oğlumsan. Kürəkənimsən artıq. Turandot sənindir. Gecə boyu üç dəfə xəbər yolladı mənə. Yalvardı, yaxardı bu çətin sınaqdan qurtarım deyə onu”.
Pentalon: (Ümüdlüdür) ”Döğrudur, uca xaqanım! Mən də təsdiq edirəm. Dediklərinizin hamısı doğrudur.  Hətta təbriklərimi qəbul edin. Toy bu gün olacaq...
Gəlir! Turandot gəlir! Sakit!” 
Turandot taxtına oturur və tam sükutdan sonra Xələfə: “... Bəzənmiş nikah masasını görürəm. Nikah üçün hazır duran din adamlarını da... Taleyimə boyun əyməyə məcburam”.
 Xələf: “Ah, kaş ürəyimi bir oxuya biləydin, Turandot...”
Altun: “Şahzadə, özünü alçaltma.  Qoy artıq yelkənləri aşağı endirsin... Haydı toyu başlayın. Çalğıçılar...”
Turandot: “Durun! Bunun üçün hələ tezdir! (Ayağa qalxır,   üzünü Xələfə çevirir). Bundan yaxşı zəfərim olmazdı;  əvvəlcə   şirin ümidlər vermək, səni uca bir zirvəyə qaldırıb, uçurumda  təpəsi üstə aşağı yuvarlamaq ( tənə ilə səsini yüksəldir):
Dinlə Xələf!.. Teymurun oğlu!
Tərk  et indi Divanı!  Bu  adları öz hünərimlə tapdım.
Özünə başqa bir gəlin ara!  Turandotla  bəhsə girən hər kəsın vay halına... “
...Hər  şeyi itirmiş, bütün ümidləri sönmüş Xələf: “Mən özüm-özümü öldürdüm. Sənin gözündə dəyərsiz olan həyatı yaşamağın mənası varmı? Qoy barı ürəyin yerinə gəlsin (Xələf xəncərini çəkir, özünü vurmaq istəyir)”. 
Adilə ona mane olmaq üçün irəli keçir. Turandot taxtından aşağı atılır. Özünü Xələfin xəncər olan qoluna atır, həm qorxunun, həm sevginin səsi ilə... Xələf !
Altun:  “Nə görürəm!”
Xələf: “ Sən? Məni ölməyə qoymursan? Yox, burada hökmün keçməz. Məni öldürə bilərsən, amma zorla yaşamağa məcbur edə bilməzsən. Burax məni! (Özünü öldürmək istəyir)”.
Turandot: (Qollarına atılır) “ Xələf, yaşa!.. Yaşamağını istəyirəm! Mənim üçün yaşamağını!  Artıq  gizləməyəcəyəm eşqimi... məğlub olan mənəm əslində...
Haqqsız yerə heç bir şöhrətə sahib olmaq istəmirəm. Bilin bunu, qoy bütün dünya bilsin. Gizli adlarınızı öz səyimlə, öz ağlımla deyil, təsadüflə tapa bildim. Adlarınızı köləm Adilənin yanında ağzınızdan qaçırmışdınız... 
Zəfər sizindir, mənim deyil. Mükafatını da artıqlaması ilə aldınız. Amma  qanun belədir,  ədalət belə tələb edir, deyə yox ... qəlbimin öz səsidir məni sizə gətirən.
Ah, doğrusu...bu ürəyim gördüyüm ilk andan sizindi...”
Xələf: ( Yuxudan dururmuş kimi, birdən özünə gəlir və sevinc içində Turandotu qucaqlayır) .
Altun:  “Tanrılar səndən razı olsun, mənim sevimli qızım, bu yaşımda böyük bir sevinc yaşatdın mənə. Çəkdirdiyin  acıların hamısını unutdum, səni bağışlayıram. Ürəyimin bütün yaraları  sağaldı”.
Pantalon: “Toy vaxtıdır! Toy!”
(Hamı sevinc içindədir).
...Turandot  Türk qızıdır. Türk qızı gözəllik deməkdir, sevgi deməkdir. Mələkdir, pəridir türklərin qızı.   Lazım gələndə, ömrünü eşqinə qurban edər Türk qızları.
Türk olmaq qətiyyətli olmaq deməkdir. Türk olmaq qururlu olmaq deməkdir. O, keçmişi ilə qürurludur, atası-babası ilə qürurludur.
Turandot qadın haqsızlığı qarşısında dəmir pərdədir.
Türk qızı bilir ki, ağlın çırağı elmdir, dərin bilikdir. “İnsana arxadır onun kamalı...”
Turandotun sevdiyi oğlan əsl-nəcabətli, əqli cəhətdən zəngin,  mənəviyyatca saf və təmiz, fiziki cəhətdən sağlam və möhkəm olmalıdır (“Yeddi gözəl”in dördüncü hekayətində olduğu kimi).
Eşq Turandotu kamilliyə aparır...
Heç kimə təslim olmayan Turandot -Turan qızı -  qürurlu Türk qızı sevgiyə
 təslim olur.
Sujet qaranlıqdan işığa, qaradan ağa, zülmdən ədalətə doğru inkişaf edir.
...“Turandot- Çin şahzadəsi” pyesindəki başqa personajlar haqqında qısa qeydlər (adların etimologiyası  və ... ) :
Altun: Əfsanəvi Çin Xaqanı (Turandotun atası)
Bu ad Gotsidə, Şillerdə italyan və alman dilinin fonetikasına uyğun olaraq üçhecalı Altoum Aito-um kimi deyilir. Qədim türk adıdır: Alton/Altun, Altın sözündəki Al (qızıl) + ton, yəni al donlu, qızıl, görünüşü qızıl olan (5, s. 28) mənalarını  verir.
 Xələf: Həştərxan şahzadəsi Alman, fransız, italyan dillərininn tələffüzünə uyğun olaraq  müxtəlif variantlarda yazılir və oxunur: Khalaf, Kalaf, Calaf  və s.
Əslində isə bu, ərəb mənşəli Xələf sözüdür: 1) əvəz, davamçı; 2) varis; 
3) övlad; 4) nəsil ; 5) sonra gələn deməkdir ( 2, s.691 ).
Xələf pyesin əsas kişi qəhrəmanıdır. Əsərdə ən çox sevilən surətdır Xələf.  O, Həştərxan xanı Teymurun oğludur, əsl-nəcabətlidir. Həyatın hər üzünü görüb; həm şahzadə  kimi xoş günləri olub, həm də ağır günlər, çətinliklər yaşayıb. Düşmənləri ilə döyüşdə  qorxusuz   savaşıb.  Əyilməyib, sınmayıb...
Əsl türk oğludur Xələf. Öz sevgisi ilə, alicənablığı ilə. Lazım olanda, güzəştə getmək bacarığı ilə.
Sevdiyi qadını başının tacı edir Xələf.
Teymur: Sürgün olunmuş Həştərxan xanı (Xələfin atası)
Temir-Temür-Timur türk mənşəli sözdür- 1) Dəmir; 2) (məcazı) Dəmir kimi möhkəm, bərk (sağlam) mənalarını verir (4, s. 447).
Almaz:  ( Tamaşada   yalnız  adı çəkilir). Xələfin anası
Volqa tatarlarının dilində Almaz, İlmaz, İlmas kimi variantları olan Almaz adına rast gəlirik. Almaz, İlmaz, İlmas “toxunmayacaq, almayacaq” mənalarında işlənir. Bu ad şər qüvvələrin yeni doğulmuş körpəni üstələməməsi, şər qüvvələrin toxunmaması, şər qüvvələrin almaması üçün uşağa qoyulur.  Kazan Türklərində uşağa pis, bəd, yaman güclər, ağrılar toxunmasın deyə  bu ad verilir ( 4, s. 22).
Adelma: Tatar şahzadəsi (Xorasan xanının qızı), Turandotun qulluqşusu Adelma ərəb mənşəli Adilə qadın adıdır.  Sözün kökü Adil ədalətli, insaflı, düz iş görən deməkdir (2, s.15).
Zelima: Turandotun başqa qulluqçusu
Zelima  ərəb mənşəli Səlimə qadın adıdır. Sözün kökü Səlim  1) sağlam; 2) eyibsiz, nöqsansız, doğru,  dürüst deməkdir (2, s. 547).
Şirin: Səlimənin anası 
Şırın fars mənşəli sözdür. Sözün kökü şir (süd kimi dadlı). Məna genişlənməsi ilə Şirin - şirin, sevimli, dadlı, gözəl deməkdir (5, s. 629). 
Barak: Şirinin əri, Xələfin keçmiş dayəsi. Gənc şahzadənin yaxın dostu (Çində adını dəyişib-Həsən qoyub)
Barak türk mənşəli sözdür  (4,s.51). Müxtəlif mənalarda işlənib: Barak- 1.Türk mifologiyasında müqəddəs köpək; 2.Tüklü, qıllı çuxa; 3. Evsiz, yurdsuz.
Barak ona olan yaxşılığı da, pisliyi də yaddan çıxarmaz. Öz canını sahibi üçün təhlükəyə ata bilər və nə olursa - olsun sahibini çətin anda tərk etməz.  Barak hər zaman Xələfə sadiqdir. Pekində evsiz-eşiksiz, yurdsuzdur Barak. Həsən (gözəl, göyçək) ərəb mənşəli sözdür (2, s.730).
İsmayıl: Səmərqənd şahzadəsinin yavəri 
İbrahim peyğəmbərin Həcərdən doğulan oğlunun adıdır. İsmayıl sözünün ilk dəfə qədim yəhudi dilində (allah eşidir) işləndiyi deyilir.
Bu adların əksəriyyətı Qotsinin “Turandot” əsərindən gəlir. Qotsinin sonradan əlavə etdiyi obrazlar (Tartal, Pantalon, Turfaddın (Türfəddın və b.) da olduğu kimi qalıb.
“Yeddi gözəl” mövzusunda ən məşhur opera dahi italyan bəstəkarı Cakoma Puççininin (1858-1924) “Turandot” operasıdır. Bu, Puççininin son əsəridir, yarımçıq qalmış operasıdır. Operanı Puççinini tələbəsi Franko Afano tamamladı.
Librettonun müəllifləri  Karlo Qotsinin “Turandot” pyesinə istinad etmışlər.   Əsərin süjetinin dahi Azərbaycan şairi Nizaminin “Yeddi gözəl” poemasındakı Slavyan qızının hekayəsinə gedib çıxdığını isə heç kim bilmirdi.
Operanın primeriyası 25 aprel  1926-cı ildə (Cakoma Puççininin ölümündən iki il sonra) İtaliyanın Milan şəhərində La Skala opera teatrında keçirildı.
... “Turandot” bu gün də repertuardan düşmür. Cakoma Puççininin operası dünyanın ən məşhur teatr səhnələrini bəzəyir:
Arena di Verona (Verona şəhəri, İtaliya) - bu teatr (amfiteatr) eramızın I əsrində (təxminən eramızın 30-cu illərində)  imperator Avqustun dövründə  tikilmişdir.
Bir əsrdən artıqdır ki, hər yay Veronada opera festivalı keçirilir.  Festivalın açilişi, bir qayda olaraq, ya Cuzeppi Verdinin “Aida”, ya Cakoma  Puççininin “Turandot”,  ya  da Jorj Bizenin “Karmen” operası ilə başlayır.
2021-ci ilin yayında Veronada keçiriləcək opera  festivalının proqramına görə,    9 iyul, 1 avqust, 5 avqust, 28 avqust və 3 sentyabr tarixlərdə Arena dı Veronada  “Turandot” operası  oynanılacaqdır. Verona Arenanın (amfiteatr) tamaşaçı  tutumu 16 min nəfərdir.
Vyana Dövlət Operası. “Turandot”  tamaşası Vyana Operasında  sevimli əsərlərindən sayılır.
Bir neçə il bundan əvvəl həmyerlimiz, Azərbaycanın   Xalq artisti Yusif Eyvazov dünyanın bu nüfuzlu opera səhnəsində  uğurlu debüt edib.  Yusif  Eyvazov “Turandot” operasının baş qəhrəmanı Xələf obrazını canlandırıb, öz istedadı ilə minlərlə tamaşaçının qəlbini fəth edib.
Bayer Dövlət Operası (AFR, Münxen şəhəri). Bayer Dövlət Akademiyasında 12, 15 iyul 2021-ci il tarixlərdə Puççininin “Turandot” operasının tamaşası planlaşdırılıb. Baş rollarda: Turandot - Rusiyanın Xalq artisti Anna Netrebko; Xələf ( Calaf, Kalaf...)  Azərbaycanın Xalq artisti Yusif Eyvazov (Yusif Eyvazov  və Anna Netrebko 29 dekabr 2015-ci ildə Vyanada ailə həyatı qurublar).
Yevgeni Vaxtanqov adına Moskva Akademik Dövlət Teatrı. Teatrın bədii rəhbəri Yevgeni Vaxtanqov ( 1883-1922 ) 1922-ci ildə Karlo Qotsinin     “Turandot ” əsərini  orijinal səhnə tərtibatı ilə tamaşaya qoydu.
Nəsillər dəyişdi, tamaşa uzun müddət Vaxtanqov səhnəsini bəzədi. Turandot bu teatrın simvoluna, bayrağına çevrildi.
Bu gün Arbatda - Vaxtanqov adına teatrın  qarşısında bir fəvvarə-abidə var: Qızılı paltarlı Şahzadə Turandot qızılı taxtında əyləşib (Abidə heykəltaraş  Aleksandr Burqanov tərəfindən qoyulub). Fəvvarəyə salınan rəngbərək  işıqlar Turandotu  axşamlar daha gözəl edir.
...1904-cü ildə alman astronom Maks Volf ( Haydelberq rəsədxanası) tərəfindən kəşf edilən asteroid  “Turandot” adlandirilib.
“Turandot”u dünya kinomotoqrafçıları da unutmayıb: 1935-ci ildə Almaniyada “Şahzadə Turandot” adlı ağ-qara, səsli film çəkilib; 1990-cı ildə SSRİ-də “Turandot” filmi çəkilib. “Gürcüstanfilm”, rejissor Otar Şamatova; 2018-ci ildə ABŞ  kinomotoqrafçıları  da  “Turandot” filmi çəkiblər.
     
TURANDOT TÜRKCƏ  DANIŞIR
 
Dahı Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasındakı dördüncü hekayə əsasında fransız, italyan, alman dillərində  yazılan “Çin şahzədəsi”,
“Turandot”, “Turandot  Çin Şahzadəsi” əsərləri  bu gün   dünyanın  müxtəlif dillərinə tərcümə olunur, dahi şairin ölməz poemalarına ölməzlik qatır.
2020-ci ilin sonunda isə Almaniyanın Frankfurt-Mayn şəhərində yaşayan Senar Ülgər və  Selçuk Ülgər Fridrix Şillerin “Turandot Cin Şahzadəsi”  əsərini alman dilindən türk dilinə tərcümə ediblər. 
“Turanqızı Çin prensesi Turandot” kitabı oxuculara nəfis şəkildə təqdim olunub. ( Kaynak Yayınları,  I  Basım, 2020, İstanbul ). 
 Türk dilinə tərcümə uğurlu alınıb, oxucu əsəri birnəfəsə oxuyur.  Turandot  türkcə   danışır... 
(Biz əsərin əsas qəhrəmanları Turandotun, Xələfin sözlərini bu tərcümədən  istifadə edərək  dilimizə uyğunlaşdırmışıq. Minnətdarlıq edirik).
...Amma iradımız da var.  Kitabın üz qabığında qeyd olunur ki, ... Fredrix  Şillerə bu ölməz əsəri yazdıran “Min bir gecə” nağıllarından yüksələn müdriklik, kamillik və təmizlik  duyğusunun böyük gücüdür.  Əlbəttə, Nizami personajlarının  Lesaj, Qotsı,   Şiller, Puççini... tərəfindən prototip kimi istifadə olunduğu elm aləminə, bütün Avropaya çoxdan sübut olunub.  Amma bunu geniş oxucu kütləsinə bu gün bir daha çatdırmaq necə də  yaxşı olardı...
...Qalsın sonrakı nəşrlərə, ya da  Turandot -Turan qızı - Türk qızı  Azərbaycan dilində  danışana...     


Tarix: 8-07-2021, 16:53

Xəbəri paylaş