Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Türk dünyasının 103 yaşlı unudulmuş "El həyatı" məcmuəsi


Bakıda nəşr olunan   "El həyatı" məcmuəsinin mətbuat tariximizin hələ öyrənilməyən nümunələrindəndir. Cəmi dörd nömrəsi çıxıb. Birinci nömrə 1918-ci il yanvarın 14-də, 2-ci nömrə fevralın 3-də, 3-cü nömrə fevralın 25-də, 4-cü nömrə isə martın 14-də oxucularım mütaliəsinə verilib. 

Jurnalın birinci səhifəsində onun 15 gündən bir çıxarılacağı göstərilsə də, çap prosesində müəyyən gecikmələr olmuşdur. Bu, çox güman ki, dövrün ictimai-siyasi həyatında baş verən gər­ginliklərlə ilgilidir. 

Məcmuənin hər nömrəsinin həcmi 16 səhifədir.Materiallar hər səhifənin iki sütununda yerləşdirilmışdir. Jurnal müsəvvər (şəkilli) olmasa da, burada bəzi çərçivələr güllü naxışlarla bəzədilmişdir. Yazılar hər sütunun 32 sətrində yerləşdirilmişdir. Bütün yazılar aydın və oxunaqlı xətlə yazılmışdır.

  Məcmuənin çap tarixi həm islami,həm də miladi tarixlə göstərilmişdir.Başlığın üstündəki "Müstəhləklər (İstehlakçılar-N.N.) cəmiyyəti ittifaqının nəşri-əkarı " sözləri məcmuənin ideya mənşəyini göstərir. Məcmuədə redaktorun adı göstərilmir, ümumi məsuliyyəti "heyəti-təhririyyə" daşıyır. 

 Görkəmli mətbuat tarixçisi Nazim Axundov 1965-ci ildə çap etdirdiyi "Azərbay­canda dövri mətbuat" (biblioqrafiya) əsərində "El həyatı" məcmuəsinin redaksiya heyətinə daxil olan bir neçə yaradıcı fikir adamlarının adlarını çəkir:  N.Nərimanov, S.H.Kazımoğlu, D.Bünyadzadə və başqaları. 

"El həyatı" jurnalının redaksiyası Bakıda Merkuryevski küçəsində Arafelovun evində yerləşirdi. Jurnalın başlığının sol tərəfindəki hissədə abunə qiymətləri oxuculara belə tanıdılırdı:

İllik - 12 manat,

6 aylıq - 7 manat,

3 aylıq - 4 manat,

bir nüsxə - 70 qəpik.

Ondan aşağıda isə jurnal üçün tələb olunan mövzular xüsusilə qeyd edilirdi:

" El faidəsinə təsiri olacaq hər qisim məqalələr və ədəbi parçalar qəbul olunur"

Bu qeydlərdən sonra rus dilində bir cümlədə, göndərilən məktubların Bakıda Petrovsk meydanında yerləşən Kooperasiya İttifaqının Prikaspiyski kontorunda "dlə jurnala "Glğ -Qati" guşəsində qəbul olunduğu xəbər verilir. Üslubuna, dilinin sadə və daha çox anlaşıqlı olmasına gorə mövzusu jurnalın redaksiya heyəti tərəfindən müəyyənləşdirilən baş məqalələrin Seyid Hüseyn Kazım­oğlu tərəfindən yazıldığı hiss olunur.

Birinci nömrədəki baş məqalə "Məqsədimiz" adlanır. Məqalə "Heyəti-təhriyyə" imzası ilə çap olunmuşdur. Sonrakı yazı Nəriman Nərimanovun "El həyatının səadəti eldən asılıdır" adlandırdığı proqram xarakterli yazıdır. 

 "El həyatı"nda söz içində söz deməyi bacaran qələm sahibləri çalışırdılar. Jurnal abunə dəftərinə aid irihəcmli elanında özünü müsəvvər (şəkilli) mətbu orqan hesab edirdi. Əslində burada ancaq bir neçə gül şəkilli çərçivələr var idi. 

"El həyatı" siyasi,ədəbi, iqtisadi, müstəhləklər (istehlakçılar (N.N) məcmuəsidur. Məcmuədəki yazılar da məhz bu sahələri əhatə edirdi. Aydınlıq üçün həmin yazılardan  bir neçəsinin adını sadalayırıq: 

N.Nərimanov.   El həyatının səadəti eldən asılıdır  (N 1, səh.2-N2,səh.3-4) 4. 

N.(N.Nərimanov-N.N).  İnqilab və kooperativ cəmiyyətləri (N 3,səh.6-7).

N.Nərmanov.  Avropa fikrində və həyatında müdam inqilab (N 3,səh.1-4).

Atababa Yusifzadə.   İranyana bir xitab* Yazı "Hümmət" qəzetindən köçürülmüşdür (N1,səh.8-10).

A.Yusifzadə.  Sınıq qanadlar. Roman (N1-mabədi var, N2-mabəd,

N3- bəqiyyəsi var).

A.Yusifzadə.  Muğan səhraları (N 2)

Yusifzadə. Qanlı Muğan səhrasnda qooperativ cəmiyyətləri   (mabəd) (N3)

Həsən.   Təqsir kimdədir?  (N 1).

Kazımoğlu (Seyid Hüseyn Kazımoğlu-N.N.). Türk sözləri   (N 2, səh.4-5)

Dərviş. Naleyi-dərviş (N2)

Müəllim Rağib.  Bir müzakirə (N2)

Ağaəli Rağib.   Ümumi İittihad (birləşmə,həmfikir olma-N.N.)

İkinci müzakirə (N3)

D.Bünyadzadə.  Fəhlə və kooperatsiya (məzmunu iqtibas edilmişdir-mabədi var) (N 2, səh.12.)

Müstəhləklər cəmiyyətinin nizamnaməsi.(N 2,səh. 14-16).

Təəssüb   (qeyrətkeşlik etmək) dükanının heyəti -idarəsi tərəfindən Mir Həsən Münsif .  İzhari-təşəkkür  (N 2)

M.   Qarın toyurmaq  (N3)

Özü. Babidir!Kiçik hekayə (N3)

Söhbət.  (sual-cavab şəklindədir-N.N.)

Yalavac.  Müsəlmanlar təşkil edən cəmaət dukanı ılə millətlər təşkil edən dükanın fərqi (N3,səh.15-16).

Qeyd etməyi lazım bilirik ki, professor Nazim Axundovun "Azərbycanda dövri mətbuat (biblioqrafiya)" əsərində"El həyatı"nın 14 mart 1918-ci ildə çap olunan nömrəsi də xatırlanır. Təəssüf   ki, biz jurnalın həmin nömrəsi ilə tanış ola bilmədik. Yəqin ki, orada da ictimai fikir tariximiz üçün maraqlı elmi, bədii -publisistik məqalələr vardır.

"El həyatı"nda dərc olunmuş yazılardan məlum olur ki, idarə heyəti iqtisadi məsələlərə, koorerasiya cəmiyyətinin gördüyü işlərə daha böyük önəm vermiş, cəmiy­yətin əşrəflərinin yaxşı yaşamaları yolunda elmi axtarışlar apararaq,insanları qaranlıqdan işığa çıxarmaq niyyətində olmuşlar.

Bu yazılarda görkəmli türk kooperasiya təşkilatçısı,Türkiyənin Mətbuat Ümum Müdiri Mühiddin Birgenin (1887-1959) iqtisadi mövzularda yazdığı məqalələrinin təsiri aydın şəkildə duyulur

Yeri gəlmişkən, deyək ki,M.Birgen 1922-1924-cü illərdə Azərbaycan Xalq Maarif Komissarlığının dəvəti ilə Azərbaycan təhsilinin inkişafı ilə əlaqədar olaraq Türkiyədən Bakıya dəvət edilmiş ,burada mətbuat işlərinə rəhbərlik etmişdir.Azərbaycanın ən qalın jurnalı sayılan “İnqilab və mədəniyyət jurnalı” əslində M.Birgenin ümumi rəhbərliyi ilə nəşr edilmişdir. Görkəmli türk şairi Nazim Hikmətlə bir neçə il qohumluğu olan M.Bergin Azərbaycan Dövlət Pedaqoji İnstitutunda azərbaycanlıların indiki nəslinin baba və nənələrinə türk tarixi və fəlsəfəsi fənnindən,sosioloji elmlərdən dərs demişdir. Azərbaycanın tanınmış elm adamları - maarif naziri Mehdi Mehdizadə, istiqlalçı şair Əhməd Cavad, şair və tərcüməçi Mikayıl Rzaquluzadə M.Birgenin sevimli tələbələri olmuşlar.

Təəssüf  ki, elmi ədəbiyyatda "El həyatı" jurnalının   elin qay­ğısına qalan, onun işıqlı gələcəyini düşünən  yaradıcı heyətinin  çoxu haqqında repressiya qurbanları kimi daha çox danışılır, onların publisistik fəaliy­yəti geniş və hərtərəfli təhlil olunmur, incələnmir.  

"El həyatı" jurnalı    əməkdaşlarının çoxu  arzuladıqları   günləri görə bilmədilər: N.Nərimanov (1870-1925) 1920-ci illərin repressiyasının,  yazıçı Hüseyn Sadıq Kazımoğlu (1887-1938), jurnalist Ağababa Yusifzadə (18861937), maarif naziri Dadaş Bünyadzadə (1888-1938) 1930-cu illər   fəlakətnin qurbanı oldular.

 

Nazim NƏSRƏDDİNOV,

Əməkdar müəllim, türkoloq


Tarix: 15-04-2021, 16:38

Xəbəri paylaş