Şagirdlərdə coğrafi biliklərin formalaşdırılması
Solmaya ƏMİRƏLİYEVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi
texnologiyaları kafedrasının müəllimi
Məlum olduğu kimi, coğrafiya fənninin məzmununda obyekt və hadisələr (dağlar, çaylar, dənizlər, millət və ölkələr), həmçinin onların əsas əlamətləri öyrənilir. Yəni, şagirdlərdə ümumi anlayışlar formalaşdırılır ki, onların köməyi ilə elmdə əlaqələrin dərk edilmə nəticələri, obyekt və hadisələr arasındakı asılılıq qeyd edilir. Anlayışların mahiyyətini bilmək, onları təhlil etmək - coğrafiya fənninin tədrisinin ən mühüm vəzifələrindən biridir.
Fənnin əsaslarının mənimsənilməsi bu elmin anlayışlarına yiyələnmək deməkdir. Anlayışların dərk edilməsi şagirdlərə fənnin istiqamətini müəyyən etməyə imkan verir. Əks halda şagirdlərdə elmi dünya görünüşünü formalaşdırmaq, onların düşüncəsini inkişaf etdirmək, məktəb coğrafiya kurslarının aparıcı ideyasını çatdırmaq mümkün deyil.
Anlayışlara aşağıdakı əlamətlər aiddir:
1) Onlar məntiqi düşüncənin proses və hadisələrinin əlaqə və münasibətlərinin xüsusiyyətlərini əks etdirən formasıdır;
2) Onlar gerçəklik, onun əksi və s. haqqında ümumiləşdirilmiş biliklərdir ki, obyekt və hadisələrin məcmusudur;
3) Onlar əlamətlərin tam bir vahiddə uyğunlaşdırılmasıdır ki, hər biri ayrı-ayrılıqda vacibdir, lakin ümumilikdə götürüldükdə bir fənni digərindən ayırmaq üçün kifayətdir.
Anlayışlar məzmun və həcminə görə xarakterizə olunurlar.
Anlayışın məzmunu - verilən anlayışa aid olan bütün cisimlərə məxsus əhəmiyyətli əlamətlərin cəmidir. Predmet və hadisələrin ümumi və mühüm xassələrinin, əlaqə münasibətlərinin şüurlu əks olunmasıdır.
Coğrafi anlayışlar ümumi və xüsusi olmaqla iki qrupa ayrılır.
Anlayışın həcmi - anlayışın məzmununa aid edilən cisimlərin sayıdır. Məsələn, “Ekvator” anlayışının həcmi kiçikdir, “Çay” anlayışı isə böyükdür, çünki çayların sayı çoxdur. Anlayışların aparıcılıq xüsusiyyəti fərqlidir. Məsələn, “Külək” anlayışı “Passat”, “Musson” və s. anlayışlara nisbətən aparıcı rol oynayır.
Anlayışları mücərrədlik dərəcəsinə görə iki qrupa ayırmaq olar:
- Ən çox mücərrəd olan anlayışlar, “Coğrafi örtük”, “İqlim”, “Atmosfer sirkulyasiyası”, “Siklon”, “Antisiklon” və s.;
- Az mücərrəd (abstrakt) olan anlayışlar “Çay”, “Göl”, “Atmosfer yağıntıları”, “Düzənlik” və s. ümumi coğrafi anlayışlardır. Hər bir ümumi coğrafi anlayışın tərkibində özünəməxsus cəhətlərə malik olan xüsusi coğrafi anlayışlar vardır. Məsələn, Nil çayı, Baykal gölü, Abşeron yarımadası və s.
Coğrafiya kurikulumunda anlayışların sayı, onların mürəkkəblik səviyyəsi varislik prinsipinə görə siniflər üzrə qruplaşdırılmışdır. Daha az mücərrəd olan anlayışlar aşağı, daha çox mücərrəd olanlar isə yuxarı siniflərdə öyrədilir.
Coğrafi terminləri anlayışlarla qarışdırmaq olmaz. Terminlər anlayışların tərkib hissələridir. Coğrafi anlayışlar analiz və sintez yolu ilə formalaşıdırılır. Analiz və ya təhlil anlayışın tərkibinə daxil olan komponentlərin öyrənilməsidir. Sintez isə materialın hissələrə parçalanması, bu hissələrin bütöv olanla münasibətinin dərk edilməsi və sairdir.
Coğrafi anlayışların mənimsənilməsi bir neçə mərhələdə baş verir:
Şagirdlər tərəfindən mövzu və hadisələrin şifahi təsvirinin verilməsi ilə təsəvvürlərin formalaşması;
·Cisim və hadisələrin müşahidəsi və onların xüsusiyyətlərinin, quruluş, əlaqə və fəaliyyətlərinin ayrılması;
·Müqayisə, qeyd olunan xüsusiyyətlərin oxşar və fərqli cəhətlərinin ayırd edilməsi;
Qeyd olunmuş xüsusiyyətlərin terminlərlə möhkəmləndirilməsi yolu ilə onun mücərrədləşdirilməsi;
·Terminin tətbiq olunma üsulunun hadisələrə tətbiq olunması ilə anlayışların həcminin genişləndirilməsi;
Anlayışın müəyyən sistemə qoşulması və onlar arasında əlaqələrin yaradılması;
·Tədris və təcrübi məsələlərin həlli üçün anlayışların tətbiq edilməsi, coğrafi anlayışların öyrənilməsi.
Şagirdlərin hər hansı mövzunu düzgün və möhkəm mənimsəməsi üçün anlayışların hansı yollarla təqdim edilməsi və formalaşdırılması vacib meyarlardan biridir. Anlayışların formalaşdırılmasının əsas şərti əvvəlki mənimsənilmiş biliklərlə yeni biliklər arasında əlaqənin, yəni sistemlilik prinsipinin yaradılmasıdır. Anlayışların formalaşdırılması təsəvvürlərlə başlayır. Təsəvvürlər - ətraf aləmin hazırda dərk olunmayan cisim və hadisələrin duyulan əyani obrazlarıdır. Coğrafi anlayışların formalaşdırılmasına şifahi və əyani metodlarla nail olunur. Coğrafi anlayışların tədrisi induktiv və deduktiv yollarla aparıla bilər.
Birincidə anlayışların formalaşması xüsusidən ümumiyə doğru gedir. Məsələn, Araz çayı faktiki xüsusi bir obyektdir. Onun əsasında çayın yatağı, qolları, mənbəyi, çay axımı, su sərfi kimi anlayışlar və sonda çay anlayışı formalaşır. Deduktiv formada isə anlayışların formalaşması ümumidən xüsusiyə doğru gedir və anlayışların mənimsənilməsində induktiv yol deduktivə nisbətən daha səmərəli hesab olunur.
Səbəb-nəticə əlaqələri nəzəri coğrafi biliklərin tərkib hissəsidir. Təbiətdə və cəmiyyətdə baş verən hadisə və proseslərin izah edilməsi, həmçinin gələcəkdə baş verənlərin proqnozlaşdırılmasına imkan verir. Səbəb-nəticə əlaqələri hadisələrlə ətraf aləmin əlaqəsinin xüsusi formasıdır.
Hələ tarixin ibtidai dövründən insanlar müşahidə edirdi ki, bir əlamətlərin məhv olması və ya dəyişməsi, digər hadisələrin təhlili və ya yaranmasına səbəb olur. Müxtəlif səbəb-nəticə əlaqələrinin öyrənilməsi müasir coğrafiya elminin əsas məzmununu təşkil edir. Pedaqoji ədəbiyyatda, səbəb-nəticə əlaqələrinin mənimsənilməsi şagirdlərin əqli inkişafının əsas şərtlərindən biri sayılır.
Səbəb-nəticə əlaqələri şagirdlər tərəfindən nəinki empirik biliklər kimi, həmçinin digər nəzəri biliklərdən də pis mənimsənilir: onları, məsələn, anlayışın müəyyən edilməsindən, fərqli olaraq əzbərləmək olmur, onları anlamaq lazımdır. Səbəb-nəticə əlaqələrinin mənimsənilməsində bəzi tipik çatışmazlıqların olduğu müəyyən olunmuşdur:
- Şagirdlər səbəb ilə nəticəni çaşdırırlar;
- Əlaqalərin izah edilməsi çox vaxt faktların sadalanması ilə əvəz olunur;
- Şagirdlər hər hansı hadisənin baş verməsində yalnız bir səbəbin adını çəkirlər (lakin, o adətən hadisənin baş verməsində kompleks səbəblərlə müəyyən olunur);
- Səbəb-nəticə əlaqələrinin zəncirində ayrı-ayrı həlqələrın ardıcıllığı pozulur, bunun nəticəsində də mühakimənin müntəzəmliliyi və məntiqliyi, bəzi vaxtlarda isə mənası itir.
Səbəb-nəticə əlaqələrinin daha yaxşı mənimsənilməsi və əks olunması üçün onları lövhədə sxematik təsvirdə əks etdirmək məqsədəuyğundur. Bu zaman şagirdlərin sxemi dəftərə sadəcə olaraq çəkməsi yox, həmçinin onun mənasını izah edə bilməsi daha vacibdir. Məsələn: “Daimi küləklərin fəaliyyəti okeanda səth axınlarının yaranmasına səbəb olur” və ya “Okeanda səth axınları daimi küləklərin nəticəsidir”.
Coğrafi proses və hadisələr əsasən bir deyil, bir neçə səbəblərdən asılı olur. Hər iki halda olduğu kimi, şagirdlərdən yalnız səbəbin adını çəkmək deyil, həmçinin onların fəaliyyətini izah etmək tələb olunur. Səbəb-nəticə əlaqələrinin öyrədilməsində sxemlərdən istifadə edilməsi uğurlu prosesdir. Sxemlər şagirdlərin məntiqinin güclənməsinə təsir edir. Belə sxemlərin tərtib edilməsi zamanı ox işarələrindən istifadə olunur. Sxemlərdəki ox işarələrinə əsasən, bu və ya digər subyekt və ya hadisənin təsvirini vermək mümkündür. Səbəb-nəticə əlaqələrini məntiqi ardıcıllığı əks etdirən sxemlər daha dolğun şəkildə açır. Bu əlaqələri öyrətmək üçün şəkillərdən də istifadə edilir. Bu, əsasən aşagı sinif şagirdləri üçün istifadə olunur. Tədris materiallarında səbəb-nəticə əlaqələri şagirdlərə çox vaxt hazır şəkildə verilir və asanlıqla mənimsənilir (müəllimin izahı, dərslik mətni). Lakin tədris prosesini elə təşkil etmək lazımdır ki, şagirdlər səbəb-nəticə əlaqələrini özləri müəyyən edə bilsinlər. Ənənəvi dərsliklərdən fərqli olaraq kurikulum əsasında tərtib edilən dərsliklərdə və müəllim üçün metodik vəsaitlərdə kifayət qədər səbəb-nəticə əlaqələrinin mənimsənilməsinə aid mövzu və tapşırıqlar vardır. Nümunə üçün küləyin yaranma prosesini izah etmək, Cənubi Amerikanın iqliminin əsas xüsusiyyətini başa salmaq, yüngül əlvan və ağır əlvan metallurgiyanın yerləşməsini şərh etmək, əhali artımının yaş-cins strukturuna təsirini izah etmək və s. şagirdlərə verilmiş sualın cavabını sxem şəklində təqdim etməyi təklif etmək daha məqsədəuyğundur.
Şagirdlərə məlum olan səbəb-nəticə əlaqələrinin təhlil prosesi bir neçə mərhələdən keçir:
a) İlk olaraq problemli şərait yaradılır;
b) Sual şagirdlərdə təəccüb yaradır;
c) Şagirdlər sualın cavabına dair müxtəlif fərziyyələr düşünür;
ç) Ziddiyyətlər arasında nəticəyə doğru yol axtarır.
Şagirdlər səbəb-nəticə əlaqələrini dərk etdikdən sonra onların coğrafi qanunauyğunluqları izah etməsi mümkündür. Çünki qanunauyğunluq proses və hadisələrin təkrarlanmasıdır. Şagirdlər məktəb coğrafiyasının müxtəlif bölmələrindəki coğrafi anlayışlar arasındakı əlaqələri öyrənməklə, coğrafi qanunauyğunluqların mahiyyətini dərk etməklə, onların baş verdiyi şərait və mühiti şərhini verməklə təfəkkürlərinin inkişafı üçün baza yaradırlar.
Coğrafi anlayışlar arasında əlaqələrin öyrənilməsi coğrafi qanunauyğunluqların mahiyyətinin dərk edilməsi ilə nəticələnir.
Tarix: 15-04-2021, 16:37