Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Müəllim olmağımla qürur duyuram”


Zülfiyyə Vəliyeva,

ADPU-nin ETM Tətbiqi tədqiqatlar bölməsinin elmi işçisi, əməkdar müəllim


 

Müəllimlik şərəfli peşədir. Müəllim öz ziyası, nuru ilə   bütün cəmiyyətə işıq saçandır. Müəllim mənən pak, böyük ürəyə sahib olandır.  Müəllim olmaq bir üstünlükdür, hamı müəllim sözünə, müəllim peşəsinə böyük hörmətlə yanaşır.   Müəllimlər dünyada ən uzunömürlü peşələrin başında durur, müəllimlər digər peşə sahiblərindən daha çox yaşayır, cəmiyyətdə hörmətlə xatırlanırlar.

Şəxsiyyət istedadı ilə birgə doğulur (əlbəttə ki, söhbət əsl mənada Şəxsiy­yətdən gedir) və qoşa inkişaf yolu keçir. Şəxsiyyəti  qəbul edib, sonra onun sənətinə, cəmiyyətdə tutduğu mövqeyinə diqqət yetirirsən. Üz tutduğun sənət, diqqət yetirdiyin mövqe sənə Şəxsiyyətin kimliyini açıb gös­tərir. Ölməz müəllimlik  sənəti böyük Yaradandan, ilahi qüvvələrdən güc alaraq ürəkdən sevilir, qəbul edilir. Aqil insan, müdrik insan. Müəllim ali xüsusiyyətlərə malik şəxsiyyətlərdəndir - ürəyaçıq, çox sadə, peşəsinin vurğunu, hər kəsi diqqətdə saxlamağı bacaran, ünsiyyətcil  insan. Onda gözəl danışıq, natiqlik məharəti var. Bu ona Allahdan verilən istedaddır.                  

Müəllim olmağımla qürur duyuram, çünki o, ən ali sima, böyük nüfuz sahibidir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri, hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə, bizə  səbirlə   öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. 

Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək  kimi mühüm vəzifənin öhdəsindən onlar layiqincə gəlirlər. Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır.

Müəllimlik şərəfli işdir. Öz həyatını xalqın gələcəyinə həsr edən, gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayan    müəllimlərin nüfuzu ilbəil artır. Bu gün təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb. Həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi bu ali məqsəddən xəbər verir. Azərbay­canımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edir, Vətənimizə layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəmirlər. Hər birimizə yazmağı, oxumağı, düşünməyi öyrədən müəllimlərimizlə bir sıralarda olmaq qürurvericidir.       

Cəmiyyətin tərəqqisi məktəbdən, məktəbin dəyəri isə keyfiyyətli və səriştəli kadr potensialından,ilk növbədə müəllimdən asılıdır. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiy­yətin etibar etdiyi şəxsdir. Cəmiyyətimiz ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir və onun qarşısında belə bir vəzifə qoyur: Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək pedaqoqların həyata keçirməli olduğu müqəddəs bir vəzifə, ilahi bir missiyadır. 

Cəmiyyət tərəqqi, inkişaf, mədəni yüksəliş üçün məhz müəllimlərə borcludur. 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı qeyd olunacaq. Universitetin rektoru professor Cəfər Cəfərovun rəhbərlik etdiyi təhsil ocağı milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli elmi pedaqoji kadr hazırlığı sahəsində uğurlara imza atmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubileyi ərəfəsində müəllifi olduğum “ADPU-100. “Məzunlar” adlı yeni layihəyə start verilmişdir. Məqsədimiz universitet məzunlarının uğurlu fəaliyyəti ilə cəmiyyəti məlumatlandırmaqdır. Universitet məzunlarının fəaliyyəti, əldə olunmuş uğurlar haqqında bir necə təqdimat keçirmişik.   Məzunlarımızın respublikamızda təhsil və tərbiyənin inkişafında olan xidmətləri təqdirəlayiqdir.

 Müasir məktəbin müəllimi yaradıcı olmalı,  məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqın milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan gənclərə daim dəstək olmalıdır.

 

Zaman irəli gedir, 

     o gəncləşən zamanda!

Bəşərilik, millilik, varislik 

      bir vəhdətdə olanda!

 

Azərbaycan təhsili bu gün özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Azərbaycam Müəllimi olaraq  qürurlanırıq! Yetirmələrimiz, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında mənfur düşmən üzərində Şanlı Qələbəyə imza atmışlar! Vətən müharibəsində Cənnət  Məkan Qarabağ   torpaqlarının mənfur düşmən tapdağından azad olunmasında  əldə edilmiş tarixi Qələbə- Güclü Lider, Güclü Ordu, Güclü Xalqımızın birliyinin nəticəsidir.  Qələbəmizin qorunması, möhtəşəm  Azərbaycan naminə  xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etmək gərəkdir. Kamillik və Dahiliyi özündə ehtiva  edən  müəllim ömrü insanı müdrükləşdirir, onu yaddaşlarda yaşadır.Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbay­canımıza borcluyuq.


Tarix: 15-04-2021, 16:22

Xəbəri paylaş