Vətənpərvərlik məqsədimiz və borcumuzdur
Rəna Məmmədova,
Bakı şəhəri 247 nömrəli tam orta
məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz.
Abbas Səhhət
Gələcək nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işi hər bir vətəndaşın qarşısında duran ən ümdə vəzifədir. Bu sahədə məktəblərin fəaliyyəti, zəhməti daha böyükdür.
Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin bu sözləri böyük məna kəsb edir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim məktəblərimizin diqqət mərkəzindədir.
Şagirdlərimizdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəfli iş olmasına inamın yaradılması, vətənpərvərlik, əqidəlilik, cəsarət, dözümlülük, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsi məktəbimizdə də başlıca vəzifələrdəndir. Bütün fənlərin tədrisində, xüsusilə də humanitar-ictimai fənlərin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanması üçün yetərincə imkan var. Torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, vətənimizi dünyaya tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün tərbiyə məktəbidir.
Təhsil müəssisələri qarşısında gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələr qoyulması təsadüfi deyil. Hərbi-vətənpərvərlik tərbiyəsi bir məqsədə - gəncləri vətənimizin fəal müdafiəsinə hazırlamaq məqsədinə xidmət etməlidir. Buna görə də dövlətimiz xalqını, onun gənc nəslini daim sayıq olmağa, vətənimizin hərbi-müdafiə qüdrətini möhkəmləndirməyə çağırır. Bu mənada çağırışaqədərki məktəbli gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Buna görə məktəb və ailə uşaqlarda vətənə, xalqa məhəbbət, istək tərbiyə etməli, onlarda vətən qarşısında borc və şərəf hissini gücləndirməlidirlər.
Şagirdlərə izah edilməlidir ki, Azərbaycan Silahlı Qüvvələri əsl mənada xalqın özüdür, gənclərin minlərlə cəsur və mərd oğullarını öz sıralarında birləşdirən sarsılmaz qüvvədir. Ona görə də bizim xalq öz ordusu ilə fəxr edir, onu böyük məhəbbətlə sevir. Qəhrəmanların həyatı, qəhrəmanlıqları haqqında söhbətlər məktəblilərdə vətənə məhəbbət, dəyanət, qəhrəmanlıq, cəsurluq, dostluq, sədaqət və başqa mənəvi keyfiyyətləri tərbiyə etməyə kömək edir. Dünyada hər şeydən əziz olan ana vətənlə bağlı tapşırıq onun gənc övladları üçün ən şərəfli və ülvi bir vəzifədir. Şagirdlərə məhz bu amillər izah olunmalıdır.
Vətənpərvərlik nədir?
Vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin dərin və tarixi kökləri var. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən biridir. Hər bir insanın qiyməti onun vətənə, xalqa xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, vətən məhəbbəti insanın daxilindən, qanından, genindən gəlir.
Məktəblilərin vətən sevgisi onların gələcək həyat yolunu düzgün istiqamətləndirir. Buna görə də hər bir məktəbdə şagirdlərin vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə edilməlidir.
Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar.
Yaşadığımız dövrdə Azərbaycan gənclərində vətənpərvərlik hisslərinin formalaşması Azərbaycan üçün milli demokratik dövlət qurculuğu ilə sıx bağlılıqda olmalıdır. Vətənə məhəbbət hər şeydən əvvəl dövlət quruculuğunda fəal iştirakda ifadə olunmalıdır. Doğma yurda sədaqət hər şeydən əvvəl mövcud çətinliklərdən qorxmayıb vətəndaş mətanəti göstərmək deməkdir.
Ömrünü xalqına həsr etmiş, azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir. Onun vətən sevgisi hər kəsə nümunədir.
“Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” - bu sözlər Ulu Öndərimizə məxsusdur. Biz də fəxr edirik kik, azərbaycanlıyıq. Qürurverici, müqəddəs, şərəfli bir peşənin sahibiyəm. Müəllim olmağımla fəxr edirəm. Xalqımızın gələcəyi olan şagirdlərin təlim-tərbiyəsində iştirak etməkdə vətənə olan borcumu verməyə çalışıram.
Tarix: 15-04-2021, 16:09